14 Oktyabr 2020 01:32
1626
SİYASƏT
A- A+

Xalqımızın iradəsini sarsıtmaq mümkün deyil


Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazır


Azərbaycan dünyada özünəməxsus yeri olan ölkədir. Onun iqtisadi imkanları artır, siyasi müstəvidə uğurlar qazanır, regionda çox mühüm layihələrin müəllifi və tərəfdaşıdır. Azərbaycan gücləndikcə, öz ərazi bütövlüyünü bərpa etmək sahəsində müstəqil qərar vermək hüququnu daha da möhkəmləndirmişdir.

30 ilə yaxındır ki, torpaqlarımızın sülh yolu ilə qaytarılmasını və nəhayət, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin real olaraq tətbiq olunacağını gözləyirik. Lakin Azərbaycandan fərqli olaraq, Ermənistan rəhbərliyi konstruktiv mövqedən qat-qat uzaqdır və bilərəkdən danışıqları ləngidir. Əvəzində isə Azərbaycanın tarixi irsi dağıdılır, bizim mədəni, dini abidələrimiz məhv edilir, toponimlərimiz, rayonlarımızın inzibati sərhədləri, dağların, çayların və şəhərlərin adları dəyişdirilir. Qanunsuz məskunlaşma həyata keçirilir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağda ermənilərin sayını süni şəkildə artırmaq üçün uzun illərdir iki yoldan istifadə edir: birincisi, Ermənistanın müxtəlif yerlərindən ailələri, xüsusilə işə və evə ehtiyacı olan gənc cütlükləri sosial dəstəklə bağlı müxtəlif vədlər qarşılığında işğal olunmuş ərazilərə köçürür; ikincisi, Yaxın Şərq ölkələrindən - Suriyadan, Livandan - erməniləri bu ərazilərə gətirir, hətta onlara sonradan yerinə yetirilməyən müxtəlif vədlər də verirlər. Bu gün isə həmin ermənilər qaçırlar.

Son bir ildə artıq Ermənistanın rəhbərliyi Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməyə başladı. Bu ilin iyulunda Tovuzda hərbi təxribat törədildi, avqust ayında xüsusi diversiya qrupu göndərildi, lakin bizim ordumuzun sayıqlığı nəticəsində bu, baş vermədi. Nəhayət, sentyabrın 27-dən başlayaraq ermənilər dinc əhaliyə artilleriya, raket zərbələri endirməyə başladılar. Və Azərbaycan haqlı olaraq öz vətəndaşını, ərazisini qorumaq və düşmənə layiqli cəza vermək üçün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları keçirdi. Hər gün bizi tam qələbəyə yaxınlaşdıran xəbərlər eşidirik. Ordumuz ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sistemli, planlı şəkildə irəli gedir. Füzuli, Cəbrayıl, Ağdərə və Tərtər rayonlarının bir neçə kəndlərinin, yaşayış məntəqələrinin, mühüm strateji ərazi və yüksəkliklərinin, həmçinin Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin azad olması xəbəri bizi sevindirdi. Hamımız ürəkdən inanırıq ki, Qarabağ həsrətimizin bitməsinə az qalıb. Xalqımızın əhvali-ruhiyyəsi yüksəkdir və bizim qələbə əzmimizi heç nə sarsıda bilməz!


İndi sınaq anıdır


Bu çətin tarixi günlərdə Azərbaycan bir daha öz dostlarını və ona qarşı qərəzli münasibətdə olanları yaxından tanımaqdadır. Əslində, bəzi məsələlər əvvəldən aydın idi. Məsələn, Azərbaycan - Türkiyə münasibətləri. Bizi bir çox hadisələr bir-birimizə daha da yaxınlaşdırıb. 102 il bundan əvvəl sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni-bolşevik işğalçılarından azad etmişdir. Və 1918-ci il sentyabrın 15-i bizim üçün dönüş günü oldu. 1915-ci ildə Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı Türkiyəyə, öz doğma qardaşlarına yardımını əsirgəməmişdi. Bu faktlar onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə bir-birinin yanındadır. Pakistan, Əfqanıstan, Ukrayna, Gürcüstan, İtaliya, Litva, Bosniya və Herseqovina və digər ölkələr Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyi bu əks-hücum əməliyyatlarını haqlı sayırlar. Eləcə də bir sıra beynəlxalq təşkilatlar da bizim haqlı olduğumuzu təsdiqləyən bəyanatlarla çıxış edirlər. 27 ildir ki, BMT-nin qətnamələri kağız üzərində qalıb. Bizim sülhsevər xalqımız ötən müddət ərzində aparılan danışıqlara inanır və səbr göstərirdi ki, torpaqlarımız sülh yolu ilə geri qaytarılacaq. Lakin Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır” deməsi danışıqların dayanmasına səbəb oldu. Xüsusilə də həmsədr ölkələrdən bəzisinin acıq-aşkar işğalçının tərəfində durması, haqsız olduğu halda onu müdafiə etməsi, əlbəttə ki, məsələnin konstruktiv həll ediləcəyinə inamı daha da azaldır. Bunların hamısı ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, işğalçı ilə işğala məruz qalmış tərəfə eyni münasibətin göstərilməsinin nəticəsidir.

ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Prezidenti Makronun bəyanatı bir daha göstərdi ki, onların münasibəti vasitəçilik missiyasına uyğun deyil. Qərəzli və birtərəfli mövqe nümayiş etdirən Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılması məsələsi müzakirə edilməlidir. Vasitəçi ədalətli və neytral olmalıdır. Azərbaycan öz torpaqlarını işğalçılardan azad etmək üçün beynəlxalq hüquq və prinsiplərə əsaslanır. Azərbaycan Prezidenti ABŞ, Rusiya, Fransa və bir sıra beynəlxalq təşkilatların nəzərinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan qaçır, imtina edir. Nəticədə biz nəyi müşahidə etdik? Biz gördük ki, bu vasitəçilik Ermənistanı onlara məxsus olmayan əraziləri tərk etməyə məcbur etmək üçün yetərli olmadı. Çünki vasitəçilik mandatı tərəf saxlamaq, qərəzli münasibət bəsləmək deyil. Onların mandatı həll yolunu tapmaq üçün şərait yaratmaqdır.

Əlbəttə ki, Azərbaycanın Minsk qrupunun həmsədri olan hər üç ölkə ilə münasibətlərimiz bir çox sahələrdə uğurla inkişaf edir. Elə Fransa ilə də iqtisadi-mədəni istiqamətlərdə əməkdaşlığımız var. Fransa xalqı Prezidenti Makron kimi fikirləşmir. Bu gün baş verən hadisələrlə bağlı Fransa mətbuatında obyektiv münasibəti müşahidə etmək mümkündür. Makron və Fransanın siyasi qurumları seçkilərdə qalib gəlmək üçün orada çox güclü olan erməni lobbisinin dəstəyinə ehtiyac duyur. Ona görə də bu dəstəkdən məhrum olmamaq üçün belə bir bəyanat səsləndirildi.

Burada bir məsələni xatırlatmaq yerinə düşər ki, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş QareginTer-Arutyunyandan fərqli olaraq, azərbaycanlılar II Dünya müharibəsi zamanı Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, göstərdikləri qəhrəmanlığa görə Fransa dövlətinin orden və medallarına layiq görülmüşlər. Onlardan biri Fransa Müqavimət Hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayılovun bu yaxınlarda 100 illiyi keçirildi.


Düşmən sivil vətəndaşlarımızı atəşə tutur


Düşmən şəhər və kəndlərimizi atəşə tutmaqla münaqişənin gedişini dəyişmək, onu daha da genişləndirmək istəyir. Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan, Ağcabədi, Horadiz, Mingəçevir, Xızı, Abşeron və digər şəhər və rayonlarında mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizm aktı, həm də Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyini və təşvişdə olduqlarını göstərir. Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyə qədər 41 nəfər mülki şəxs həyatını itirib. 207 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onların sırasında uşaq, qadın və yaşlılar var. Bundan başqa, 148 mülki obyekt, 1185 yaşayış evi və 57 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.

Ermənistanın bu təhrikedici və məsuliyyətsiz hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Bunu nəzərə alaraq, Milli Məclisin rəhbərliyinin dəstəyi ilə Ailə, qadın və uşaq məsələləri komitəsi adından bir sıra müvafiq beynəlxalq təşkilatlara, o cümlədən Azərbaycan-İsveçrə parlamentlərarası dostluq qrupunun rəhbərinə müraciət ünvanlanmışdır.


Ölkədə vətənpərvərlik hissi olduqca yüksək səviyyədədir


Bu gün ölkəmizdə həqiqətən də vahid bir mövqe var: Xalq-Dövlət-Ordu birliyi. Bu gün hər kəs yaşından, cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq, Prezidentin ətrafında sıx birləşib. Hətta ölkədən kənarda yaşayan həmvətənlərimiz, həqiqətin, ədalətin tərəfdarı olan digər ölkələrin tanınmış mütəxəssisləri, politoloqları, tarixçiləri, adi vətəndaşlar da bizi dəstəkləyirlər. Xüsusilə gənclərimiz sosial məkanda aktivdirlər, lakin biz bu fəallığı daha da artırmalıyıq. Baxın, cəbhə bölgəsindən çox uzaqda yerləşən şəhərlərimiz, rayonlarımız, kəndlərimiz gecə-gündüz atəşə tutulur, raket zərbələri nəticəsində dinc əhali həlak olur, yaralanır, evlər, mülki obyektlər dağıdılır. Lakin bu, insanlarımızı qorxutmur, mübarizə əhvali-ruhiyyəsinə mənfi təsir göstərmir. Bu o deməkdir ki, düşmən bizi ruhdan sala, psixoloji təsir göstərə bilməz. Əksinə, düşmən narahat olmağa başlayır, "hardandır, bu güc” -deyə fikirləşir və sarsılır. Cavab çox sadədir: Biz bu gücü, bu inamı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, bütövlükdə dövlətimizdən, ordumuzdan, qəhrəman əsgərlərimizdən, vətən sevgisindən, birliyimizdən alırıq! Əlbəttə ki, bununla bərabər diqqətli olmalıyıq, hər birimiz öz hərəkət və davranışlarımıza, fikirlərimizə məsuliyyətlə yanaşmalıyıq. Ancaq rəsmi məlumatlara inanmalıyıq. Məlumdur ki, ermənilər sosial şəbəkələrdə saxta profillərlə kəşfiyyat-təxribat fəaliyyəti aparırlar. Ona görə də maksimum ehtiyatlı olmalıyıq, feyk xəbərləri fərqləndirməliyik, inanmamalıyıq, paylaşmamalıyıq! Bu informasiya məkanında aparılan müharibədir.


Azərbaycan müxtəlif xalqların mehriban şəraitdə yaşadığı multikultural ölkədir


Azərbaycanda müxtəlif millətlər yaşayır. Hətta Ermənistan Silahlı Qüvvələri Gəncəyə raket zərbələri endirəndə xəsarət alan mülki şəxslərin arasında erməni əsilli Azərbaycan vətəndaşı da var idi. Bu nəyi göstərir? Cənab Prezidentin də dəfələrlə dediyi kimi, "Azərbaycanda yaşayan hər bir xalqın, milli etnikin nümayəndəsi yaşayır və onlar bu ölkənin vətəndaşıdırlar”. Ermənilərin Şuşadakı kilsəyə raket zərbəsi endirməklə xristian-müsəlman münasibətlərini qabardıb öz çirkin niyyətlərinə nail olmaq cəhdləri də baş tutmadı. Bu gün ölkəmizdə yaşayan müxtəlif millətləin, etnik qrupların, azsaylı xalqların nümayəndələri vətənləri Azərbaycan uğrunda mübarizə aparır, canlarını qurban verməyə belə hazırdırlar.

Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililəri və abidələri hədəfə almır. Hətta Bakı şəhərindəki erməni kilsəsi bir məbəd olaraq qalır və indiyədək ona heç bir xələl gəlməmişdir. Bütün dünya bilir ki, ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuşdur.


Ermənilərin itirdikləri şans


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verərkən qeyd etmişdir ki, "Biz həmişə siyasi yolla getməyə çalışmışıq, həmişə də eşitmişik ki, hərbi həll yoxdur. Biz sübut etdik ki, bu, belə deyil. Biz döyüş meydanında göstərdik ki, bu, belə deyil. Göstərdik ki, hərbi tərkib hissəsi olmasa, bu danışıqlar daha 30 il davam edərdi. Ermənistan rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz”. Bəli, bizimlə bu tonda danışmağın cavabı döyüş meydanında layiqincə verildi. Ermənistanın təcavüzkar rəhbərliyi erməni analarının göz yaşlarına, cəbhəyə göndərdikləri Ermənistanın günahsız gənc vətəndaşlarının ölümünə görə məsuliyyət daşıyır.

Lakin biz hər zaman sülh tərəfdarı olmuşuq və bu gün də bu yolu əsas götürürük. Biz müharibənin, itkilərin əleyhinə olmuşuq, ona görə neçə ildir gözləyirik ki, sülh yolu ilə problem həll olunacaq. Bu gün də məqsədimiz sülhə nail olmaqdır. Buna görə də Rusiya Federasiyasının çağırışlarına müsbət reaksiya verildi.

Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən və 11 saat gərgin müzakirələrlə davam edən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirləri tərəfindən humanitar atəşkəslə bağlı bəyanat qəbul edilmişdir. Lakin humanitar məqsəd daşıyan bu bəyanatdan sonra Ermənistan silahlı qüvvələri razılaşmanı kobudcasına pozur və Azərbaycana hücumları davam etməkdədir. Həmçinin humanitar yük daşınması adı altında müxtəlif ölkələrdən qaçaq yolla qanunsuz silah daşıyır. Həmin silahlarla dinc əhalini, mülki obyektləri, strateji əhəmiyyət daşıyan binaları hədəfə alır. Ona görə Azərbaycan Ordusu da özünümüdafiə prinsipi əsasında düşmənə adekvat cavab verir.

Biz növbəti dəfə Ermənistanın və onun isterik rəhbəri Paşinyanın riyakar siyasət həyata keçirdiyinin şahidi olduq. Düşmən bir daha göstərdi ki, o münaqişənin həll edilməsində maraqlı deyil. Ermənistanın məqsədi sülh deyil. Azərbaycan bütün hallarda beynəlxalq norma və prinsiplərə öz sadiqliyini nümayiş etdirdiyi halda, düşmən tam əksinə olaraq prosesi ləngitməkdə maraqlıdır.

Oktyabrın 11-də də Azərbaycanın mülki əhalisini atəşə tutması, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirməsi düşmənin faşizm xislətini və cinayətkar mahiyyətini bir daha ortaya qoyur. Düşmənin silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yaşayış binalarına raket hücumu təşkil edib, 9 mülki vətəndaş həlak olub, 34 nəfər xəsarət alıb. Həlak olanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. Qəhrəman Gəncə sakinləri ruhdan düşmür, Ali Baş Komandana, dövlətimizə, ordumuza inanır. Biz növbəti dəfə erməni terror aktı ilə üzləşdik. Nə üçün dünya ölkələri, həmsədr ölkələri susur? Nə üçün bu mənfur, cinayətkar erməni rəhbərliyinə yerini göstərmirlər? Gəncədə erməni terrorunun qurbanı olan bu dinc insanların, uşaq və qadınların, yaşlıların günahı nədir? İşğalçı Ermənistan bu cinayət əməlləri ilə bir daha təsdiq etdi ki, onun üçün beynəlxalq hüququn heç bir norma və prinsipləri əsas deyil və əməl etmək niyyəti də yoxdur.

Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Gəncədə baş verən terrorla bağlı dünya birliyini bu hadisəyə laqeyd qalmamağa çağıraraq qeyd edib ki, "Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər”. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verərkən bir daha bildirdi ki, Azərbaycan verdiyi bütün bəyanatlarına sadiqdir. Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri həmişə yerinə yetirən ölkədir. "Mən həmişə demişəm ki, bizim imzamız da sözümüz kimi əhəmiyyətlidir”.


Biz o torpaqlara qayıdacağıq


İşğaldan azad edilmiş ərazilərimizin görüntülərinə baxırıq, darmadağın edilib. Sual yaranır ki, əgər ermənilər bu torpaqları öz torpaqları hesab edirdilərsə, niyə o əraziləri xarabalığa çeviriblər? Niyə vandalizm törədiblər? Dağıda bilmədiklərini isə, oğurlayıblar. Deməli, onlar da dərk edirlər ki, bu torpaqlarda müvəqqətidirlər. Onun əsl sahibi var - o da Azərbaycan xalqıdır!

Bu gün biz hamımız Qarabağlıyıq, Azərbaycanlıyıq! Hər qarış torpaq bizim üçün müqəddəsdir. Artıq bizim yolumuzu digər işğaldan azad olunmuş kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız gözləyir. Qarabağa qayıdacağıq!


Hicran HÜSEYNOVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video