13 Oktyabr 2020 00:42
2298
SİYASƏT
A- A+

Müharibənin ilk 15 günündə İlham Əliyevin düşmənə verdiyi dərslər


Azərbaycan Prezidenti cənab İlham Əliyev son 15 gündə Azərbaycanın yeni hərb və yeni siyasət tarixini yazır və hələ yazacaq. Cənab Prezident son 17 ildə siyasi, iqtisadi, hərbi, milli ruhun möhkəmləndirilməsi, hərbi vətənpərvərliyin yüksək həddə çatdırılması sahələrində gördüyü işlərin bəhrəsini görməyə başladı və hələ uzun müddət görəcək.

27 il torpaqlarımızı işğal altında saxlayan, 27 il bu ərazilərdə müdafiə istehkamları quran ermənilərə elə "toy” tutdu ki, onlar bundan sonra tarix boyu bu "toyu” yaddan çıxarmayacaqlar. Türkiyə, Pakistan və bəzi ölkələrin mənəvi dəstəyini alan Prezidentimiz təkbaşına, yəni dünya bir tərəfdə, cənab İlham Əliyev isə digər tərəfdə öz prinsipiallığını, iradəsini, dövlətinə, xalqına, doğma torpağına bağlılığını bütün dünyaya nümayiş etdirdi.

Cənab İlham Əliyev prezidentlik fəaliyyəti dövründə nə vəd vermişdisə, hamısına vaxtında əməl edib. Sözünün sahibi olmaq bugünkü dünyada az-az dövlət rəhbərlərinə məxsusdur.

Qarabağ torpaqlarının işğal altında olması xalqımızın ən yaralı yeri idi. Kiçikdən-böyüyə qədər hamı bu torpaqların düşmən tapdağından azad olmasını gözləyirdi və bu arzu ilə yaşayırdı. Ölkə Prezidenti və Ali Baş Komandanın hər iş günü gərgin olur, ancaq son 15 günün gərginliyi yüksək həddə idi. Çünki hər iş günü 24 saat idi və xalqa verdiyi sözün icrasını təmin edirdi.

Vətən müharibəsinin gedişatına nəzarət etmək və həlledici qərarlar verməklə bərabər, hər gün dünyanın bir çox dövlət rəhbərlərinin zənglərinə vaxt ayırmaq və məşhur telekanallarına müsahibə verməklə bərabər, dünya ictimaiyyətini ölkəmizin bu müharibədə əks-hücum əməliyyatı keçirməkdə haqlı olması barədə də məlumatlandırırdı.

Qısa müddət ərzində 2 dəfə xalqa müraciət etdi. Cənab Prezident həmişə səbir və təmkin nümayiş etdirib, nəyi nə vaxt etmək lazımdır, yaxşı bilir. Onun xalqa müraciətlərini sakit dinləmək mümkün deyildi. Müraciətlərdə çox məqamlar var: qətiyyət, cəsarət, prinsipiallıq, xalqa, torpağa bağlılıq, düşmənə təpgi və yerini göstərmək bacarığı, sevinc hissləri, siyasətdə dahilik, eyni zamanda, humanistlik.

Əslində cənab Prezidentin o müraciətlərində düşmən ölkənin rəhbərinin ünvanına dediklərindən sonra Paşinyanda bir balaca qeyrət hissi olsaydı, ya özünü asmalı, ya da başına bir güllə vurmalı idi. Yalnız erməni xalqı özünə belə bir baş nazir seçə bilərdi.

Cənab Prezident hər gün gördüyü işlərlə, azad etdiyi torpaqlarla təkcə insanları və torpaqları həsrətdən qurtarmır, eyni zamanda, şəhidlərin də ruhlarını şad edir. Ulu Öndər Heydər Əliyevin də ruhunu hər gün şad edir, çünki Ulu Öndər də Vətən torpağı həsrəti, niskili ilə dünyasını dəyişdi.

Ataların yaxşı bir deyimi var: "Dost və düşmən dar gündə sınanar”. Son 15 gündə bizi istəyənlər də, istəməyənlər də aydın oldu.

Cənab Prezident həmişə çıxışlarında, xalqla, xarici ölkə rəhbərləri, beynəlxalq təşkilatlarla görüşlərində deyirdi: "Torpaqları mütləq azad edəcəyik, ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik, bayrağımız mütləq Şuşada dalğalanacaq”. Ermənilər isə bu bəyanatlardan lazımi nəticə çıxarmadılar. İndi isə dünya erməni lobbiləri, dünya ermənilərinin Eçmiədzin kilsəsi, ermənilərin bəzi havadarları təsadüfi ünsür sayılan Paşinyanla birlikdə ciddi təxribatlar edərək yeni torpaqlar əldə etmək istədilər. Ancaq cənab Prezident, Ali Baş Komandan və Şanlı Ordumuz onlara elə dərs verdilər ki, bütün dünya erməniləri ömürlük bu dərsi yaddan çıxarmayacaqlar.


Müharibənin ilk 15 günü ərzində nələri gördük, nələri bildik və nəyə əmin olduq


1. Siyasətdə

- Cənab Prezident İlham ƏIiyev öz qətiyyətini, cəsarətini, sözünün sahibi olduğunu, xalqa, Vətənə, torpağa bağlılığını, milliliyini, humanistliyini, siyasi dahiliyini və prinsipiallığını dünyaya nümayiş etdirdi;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistana son şansı verdi və bununla sülhpərvərliyini göstərdi;

- Ermənistanı masa arxasında oturub danışıqlar aparmağa məcbur etdi;

- Paşinyan və ermənilərə "Qarabağ Ermənistandır” deməyi ömürlük unutdurdu və sübut etdi ki, Qarabağ Azərbaycandır!

- Türkiyə və Azərbaycan bayraqlarının hər yerdə birgə dalğalanması ilə ermənilərə gözdağı verdi, dünya ölkələrinə isə birlik, dostluq, qardaşlıq və həmrəyliyin yeni nümunəsini, modelini ortaya qoydu;

- Prezident, Ali Baş Komandan, xalq, ordu birliyini dünyaya nümayiş etdirdi;

- milli və vətəndaş həmrəyliyinə nail oldu;

- Qarabağ probleminin ümumxalq, ümummilli problemə çevrilməsini təmin etdi;

- millətimizin və xalqımızın nəyə qadir olduğunu isbata yetirdi və dünya xalqları arasında layiqli yerini göstərdi;

2. Ali Baş Komandan, ordu, milli hərbi-vətənpərvərlik tərbiyəsi və beynəlxalq təşkilatlarla iş

- Ordumuzun dünya orduları arasında layiqli yer tutması əməldə təsdiqini tapdı;

- Azərbaycan əsgəri 27 il işğal altında olan torpaqlarımızı azad etməyə başladı;

- əsgər və zabitlərimiz torpağa, Vətənə, dövlətə bağlılığını, yüksək bacarıq və vətənpərvərliyini nümayiş etdirdi;

- ordumuz erməni ordusu və əsgərlərinin yaddaşlarına Azərbaycan əsgərlərinin nəyə qadir olduğunu ömürlük həkk etdirdi;

- Ali Baş Komandan və ordumuz beynəlxalq təşkilatlara qəbul etdikləri, lakin icrası təmin olunmayan qərarların icra mexanizmini və ərazi bütövlüyünün bərpa olunması modelini göstərdi;

- ordumuz başqasının torpağında gözü olanlara nümunəvi dərs verdi;

- Ali Baş Komandan və ordumuz məcburi köçkünlərin 27 illik torpaq həsrətinə son qoydu və məcburi köçkünlərin Böyük Qayıdışının təməlini yaratdı;

- Ali Baş Komandan və ordumuz Çocuk Mərcanlıdan Şuşaya, gedən yolu xeyli yaxınlaşdırdı;

- Ali Baş Komandan və ordumuz işğal altında olan bütün torpaqlarımızın azad olunacağını reallaşdırdı;

- düşmən ordusunun qiyməti 1,2 milyard dollardan çox olan hərbi texnikası, silah-sursatı məhv edildi, bir qismi də qənimət kimi götürüldü;

- Prezident, Ali Baş Komandan təmas xəttini və status-kvonu ləğv etdi;

- Ali Baş Komandan və ordumuz ermənilərin 30 il ərzində qurduqları istehkamları məhv etdi;

- Minsk qrupunun 27 illik nəticəsiz fəaliyyəti və hazırladığı təkliflər Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə kağız üzərində qaldı.

3. Milli həmrəylik, vətəndaşlıq və torpaq uğrunda şəhidlik

- Bütün siyasi partiyalar milli həmrəylik göstərərək Vətən müharibəsində Prezidentin yanında olduqlarını nümayiş etdirdilər;

- mülki əhali ermənilərin atəşi qarşısında yaşayış yerlərini tərk etmədilər, Ali Baş Komandana, orduya arxalanaraq mərdlik və torpağa bağlılıq nümayiş etdirdilər;

- xalq öz Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya qeyri-adi dərəcədə sevgi, inam və sadiqlik nümayiş etdirdi. Bu, xalqımız tərəfindən onlara hər gün ünvanlanan yüzlərlə müraciətlərdə açıq-aydın görünür;

- şəhidlərimiz öz canlarını torpaqlarımızın azad olunması uğrunda qurban verdilər. Prezident və Birinci vitse-prezident şəhid anaları və ailələri üçün dünyada analoqu olmayan işlər görürlər və onlarla mütəmadi görüşlər keçirirlər;

- şəhidlərimizin ata və anaları oğullarının Vətən torpağı uğrunda şəhid olmalarından qürur hissi keçirdiklərini dilə gətirərək deyirlər: "Vətənimiz, Prezidentimiz və ordumuz sağ olsun!”;

- dövlət rəmzi olan bayrağa xalq və əsgərlərimiz tərəfindən milli ləyaqət kimi münasibət nümayiş olundu:

- xalq müharibə şəraitində yüksək nizam-intizam nümayiş etdirdi.

4. İnformasiya müharibəsi, diasporaların fəaliyyəti

- Prezidentimizin 17 illik fəaliyyətində kütləvi informasiya vasitələri ilə gördüyü işlər müharibə şəraitində öz bəhrəsini verdi;

- kütləvi informasiya vasitələri və xüsusən telekanallar son 27 ildə indiki qədər operativ və fəal çalışmamışdılar;

- kütləvi informasiya vasitələri Vətən müharibəsi şəraitində Prezidentin, ordunun, xalqın yanında olduqlarını gördükləri işlərlə nümayiş etdirdilər;

- Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkənin kütləvi informasiya vasitələri informasiya müharibəsində düşmənə tam qalib gəlirlər;

- Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin xarici ölkələrdə fəaliyyət göstərən diasporalarla və səfirliklərlə gördükləri işlər də öz bəhrəsini verdi.

5. İlk 15 gün şəxsən mənə nə verdi?

- Cəbrayıl rayonunun işğal altında olan şəhəri, çoxsaylı kəndləri və dünyaya göz açdığım Böyük Mərcanlı kəndi işğaldan azad olundu;

- yaxın ailə üzvlərimin (bacı-qardaşlarımın, qohumlarımın) üzərindən məcburi köçkün adı götürüldü;

- ən nəhayət, məcburi köçkün olan rəhmətlik anamın dünyasını dəyişəndə məndən bir xahişi olmuşdu ki, onun nəşini atamın işğal altında qalan nəşi ilə bir yerdə dəfn edim. Bu o zaman mümkün olmadığı üçün söz vermişdim ki, kənd işğaldan azad olunanda onun xahişini mütləq yerinə yetirəcəyəm. Belə bir imkanı cənab Prezident, Ali Baş Komandan və ordumuz indi yaratdı. Bu, mənim ürəyimdə qalan ən böyük nisgilim və arzum idi. Cənab Prezidentə və ordumuza təşəkkür etmək üçün leksikonumuzdakı sözlər kifayət deyil.

Baxmayaraq ki, Azərbaycan Prezidenti erməni xalqına və Paşinyana son sülh şansı vermişdi, ancaq Paşinyan başda olmaqla Ermənistan rəhbərliyi, öz iç üzlərini, xain xislətlərini, çirkin niyyətlərini və faşist psixologiyalarını bir daha göstərdilər. Belə ki, Moskva danışıqlarında əldə olunmuş razılığa məhəl qoymadan oktyabrın 10-dan 11-nə keçən gecə qadağan olunmuş raketlərdən və digər silahlardan istifadə edərək, Gəncə şəhərini və digər ərazilərimizi qəddarcasına atəşə tutdular və nəticədə mülki əhali arasında həlak olanlar və yaralananlar oldu. Bütün dünya ölkələri və beynəlxalq təşkilatlar bir daha gördülər ki, Ermənistan rəhbərliyi qərəzli və işğalçılıq mövqeyindədir və Ermənistana qarşı ciddi tədbirlərin görülməməsi nəinki region, hətta dünya üçün təhlükədir.

Son 200 ilin hadisələri göstərir ki, ermənilər nəinki bizə, hətta digər ölkələrə də həmişə torpaq iddiasında olublar. Bu isə onların genetik xəstəliyindən xəbər verir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı kimi, mən də buna tam əminəm.

Son 17 ildə və xüsusən son 15 gündə möhtərəm cənab İlham Əliyev və hörmətli xanım Mehriban Əliyeva öz gördükləri işlərlə öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar.

Ölkəmizin, xalqımızın, millətimizin xoş günləri hələ qabaqdadır.

Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi altında hələ çox nailiyyətlərin şahidi olacağıq.

Qələbə bizimdir!

Qarabağ Azərbaycandır!


ƏLİ HƏSƏNOV,

Yeni Azərbaycan Partiyası sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video