09 Oktyabr 2020 11:34
435
CƏMİYYƏT
A- A+

Nazir Sahil Babayev həmkarlarına, beynəlxalq təşkilatlara Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı barədə müraciət ünvanlayıb


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev digər ölkələrdəki həmkarlarına və nazirliyin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların rəhbər şəxslərinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat barədə rəsmi müraciət ünvanlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, müraciətdə sentyabrın 27-dən başlayaraq Azərbaycanın hərbi birləşmələrinin mövqelərinin, yaşayış ərazilərinin Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə məruz qaldığı qeyd olunur. Nəticədə Azərbaycan tərəfindən hərbi qulluqçuların, uşaqlar, qadınlar, qocalar daxil olmaqla 30 mülki şəxsin həlak olduğu, 143 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, 66 mülki obyektin, 427 fərdi yaşayış evinin yararsız vəziyyətə düşdüyü diqqətə çatdırılır. Bununla da Ermənistanın beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozduğu, eyni zamanda riyakar və destruktiv siyasət aparan bir ölkə olduğunun təsdiqini tapdığı bildirilir.

Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı qeyd edilir. Eyni zamanda, beynəlxalq humanitar hüquq normaları rəhbər tutulmaqla Ordumuzun bu hərbi əməliyyatlarının mülki əhaliyə, obyektlərə və infrastruktura yönəlmədən aparıldığı, Silahlı Qüvvələrimizin beynəlxalq səviyyədə tanınan öz ərazilərimizdə döyüşdüyü diqqətə çatdırılır.

Müraciətdə Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmaq niyyətində olduğu, Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır" açıqlamasının danışıqlar prosesinə ciddi zərbə vurduğu bildirilir. Qeyd edilir ki, bütün bunlar danışıqların formatını dəyişdirmək cəhdi kimi qiymətləndirilməlidir. Bu faktı ATƏT-in Minsk qrupunun həmsədrləri də təsdiqləyir. Eyni zamanda, Ermənistan Cenevrə Konvensiyasından irəli gələn beynəlxalq hüququ ciddi şəkildə pozaraq, xarici vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirir.

Bildirilir ki, Azərbaycanın torpaqlarının 20 faizi 30 ildir Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin 30 ilə yaxındır ki, Ermənistan bu qətnamələrə məhəl qoymur.

Müraciətdə təcavüzkar dövlət olan Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasının vacibliyi qeyd edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video