06 Oktyabr 2020 00:36
1143
CƏMİYYƏT
A- A+

“Biz artıq köçkün deyilik”


1991-ci ilin qarlı-şaxtalı soyuq günləri idi. Dağlıq Qarabağda, eləcə də ətraf rayonlarda yaşayan dinc azərbaycanlı əhali erməni işğalçılarının, onlara havadarlıq edən silahlı hərbi birləşmələrin amansız hücumu nəticəsində öz dədə-baba ocaqlarından, yurd-yuvalarından qovularaq çıxarıldı. 1992-ci ildə proses gücləndi, Qarabağa daxil olan rayonların əhalisi Azərbaycanın nisbətən dinc bölgələrinə, şəhər və kəndlərinə üz tutmalı oldu. 1993-cü ilin avqustunda Cəbrayıl rayonundan olan köçkünlərin bir hissəsi isə müvəqqəti olaraq Muğan zonasına - Biləsuvara yerləşdirildi. Bir yandan isti yay günləri, digər tərəfdən evsiz-eşiksizlik, yaşamaq üçün minimum şəraitin olmaması ucbatından adamlar əzab-əziyyət çəkirdilər. Qarşıda soyuqlar - payız-qış ayları gəlirdi. Odur ki, hər bir ailə özü üçün qamışdan, çiy kərpicdən kiçik daxmalar tikməli oldu.

Səmədabad ərazi nümayəndiliyinin Arazbari kənd ərazisində - Biləsuvar-Bəhrəmtəpə şose yolunun kənarında salınan həmin şəhərciyin ovaxtkı görüntülərini əks etdirən fotoşəkillərə baxdıqca həmin məşəqqətli günlər göz önündən gəlib keçir. Canı-qanı ilə Azərbaycana bağlı olan Heydər Əliyev ömrü boyu xalqla nəfəs almış, onun sevincinə sevinmiş, çətin günlərində yanında olmuşdur. Odur ki, o, 1998-ci ildə Biləsuvardakı cəbrayıllı köçkünlərə baş çəkərək onların həyat şəraiti, problemləri ilə maraqlandı. Çox yox, bir ildən sonra - 1999-cu ilin mart ayında Novruz bayramı ərəfəsində yenidən buraya gələrək ailə quran cəbrayıllı gənclərin toy məclisində iştirak etdi.

2003-cü ildə Biləsuvar rayonu ərazisindəki cəbrayıllı qaçqınlar üçün bütün infrastrukturu olan 6 qəsəbə, 2007-ci ildə daha 5 qəsəbə inşa olundu. Həmin qəsəbələrə əhalinin köçürülməsi mərasimində Prezident İlham Əliyev iştirak etdi.

Bu gün həmin qəsəbələrdə 19 min nəfər köçkün və qaçqın yaşayır. Onların hər biri nə vaxtsa ata-baba yurdlarına qayıdacaqları günün gələcəyinə inamlarını itirməmişdilər. Artıq həmin gün gəlmişdir. Bu ilin sentyabr ayının 27-dən başlanan əks-hücumlar nəticəsində torpaqlarımız hissə-hissə düşmən tapdağından azad edilir. Murov, Suqovuşan və digər yüksəkliklərin, yaşayış məntəqələrinin azad edilməsi xəbərlərini xalqımız böyük coşqu ilə, əsl bayram, həsrətin bitdiyi gün kimi qarşılayır.

Oktyabr ayının 4-ü isə hərb tarixinə yazılacaq. Həmin gün rəşadətli Ordumuz Cəbrayıl rayon mərkəzini və onun bir neçə kəndini işğaldan azad etdi. Bu rayonun hər bir sakininin ürəyi indi Prezidentə, Ordumuza olan məhəbbət hissləri ilə doludur.

Əli Hümmətəliyev, əmək və Qarabağ müharibəsi veteranı: "Hər bir insanın ömründə yaddaqalan xüsusi günlər olur. Yaşım 83-ü adlayıb. Desəm ki, ömrüm boyu heç vaxt belə sevinməmişəm, inanın. Özü də təkcə mən yox, bütün Cəbrayıl camaatı Azərbaycan xalqı kimi, sevinc içindədir. Prezidentə, Ali Baş Komandana teleqram vurmuşam, ürək sözlərimi orda bir-bir yazmışam. Qələbəmizin komandanı, ilhamverici qüvvəsi odur. İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yetirməsidir. Əsl siyasətçidir. Boşboğaz Paşinyanı düz yola, münaqişəni sülh yolu ilə həll etməyə dəvət etdi. O isə bunu anlamadı. Ümumiyyətlə, bütün ermənilər elə fikirləşirdilər ki, Azərbaycan, onun ordusu 1990-cı illərin əvvəlində olduğu kimidir. Amma yanıldılar. İndi bütün Azərbaycan xalqı Prezidentimizlə, Ordumuzla birlikdədir. Hər kəs orduya getmək, döyüşmək istəyir. Nəvəm Şahin Hümmətəliyev riyaziyyat müəllimidir. Bu günlər orduya yollanmışdır. Topçu kimi düşmən ordusunun darmadağın edilməsində iştirak edir, xoş sorağı gəlir. Mən özüm Cəbrayılın Xələfli kəndindənəm. 7 övladım, 17 nəvəm, 15 nəticəm var. Düzdür, bizim kəndimiz hələ alınmayıb. İnanırıq ki, bu gün-sabah o da işğaldan azad olunacaq. Bütün Cəbrayıl camaatı kimi, mən də bu günü çoxdan gözləyirdim. İnşallah, yaxşı, toylu-düyünlü günlərimiz hələ qarşıdadır. Onu da deyim ki, Biləsuvar rayon əhalisi bizimə doğmadan da doğmadır. Çoxlarımız onlarla qohum olmuşuq. Doğmalarımızın bir qismi burada dünyasını dəyəşib, burada uyuyur. İnşallah, Cəbrayıla qayıtsaq da, get-gəlimiz olacaq. Ancaq daha köçkün kimi yox, bir dost, bir qohum kimi”.

Şəlalə Qasımova, Cəbrayıl şəhər akademik M.Mehdizadə adına tam orta məktəbin direktoru: "Cəbrayılın işğaldan azad olunması xəbərini eşidəndə özümün də xəbərim olmadan gözlərimdən yaş axmağa başladı. Qanadım olsaydı, o yerlərə uçardım. Bu xəbəri ata və anama çatdırmaq üçün qəbiristanlığa getdim: "Ruhunuz şad olsun! Doğma yurdumuz düşməndən geri alındı. Rahat yatın!” - dedim. İnanın ki, ən yüksək bir yerə qalxıb oradan "Cəbrayıl azad olundu!” - deyə qışqırmaq istəyirəm. Hər bir intizarın, həsrətin bir vüsalı, hər qaranlıq gecənin bir səhəri olur” deyənlər yanılmayıblar. Bu qələbə üçün Prezidentimizin, əsgərlərimizin, oğulları şəhid olmuş analarımızın qarşısında baş əyirəm. Gün o gün olsun ki, bütün Qarabağımız yağılardan geri alınsın, üçrəngli, ay-ulduzlu bayrağımız Qarabağın hər yerində dalğalansın. İnanıram ki, o gün uzaqda deyil”.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video