04 Oktyabr 2020 02:12
1820
Səhiyyə
A- A+

Professor Tamerlan Əliyevin ölkəmiz üçün tibb sahəsində yüksəkixtisaslı elmi kadrların hazırlanmasında xidmətləri əvəzsizdir


Dünən Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin anadan olmasının 99-cu ildönümü tamam oldu. T.Əliyev 1921-ci il oktyabrın 3-də Naxçıvanın Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan tibb elminin müasir istiqamətlərinin müəyyənləşdirilməsində, dünya səviyyəsinə çıxmasında, tibbi tədqiqatlardan dəyərli nəticələr əldə edilməsində Tamerlan Əliyevin əvəzsiz xidmətləri olub. O, olduqca mənalı bir insan, alim, həkim, pedaqoq ömrü yaşayıb, bütün həyatını Azərbaycan tibb elmi və səhiyyəsinin tərəqqisinə həsr edib, çox sayda elmi-tədqiqat işləri ilə elmimizə misilsiz töhfələr verib.

Professor Tamerlan Əliyevin ölkəmiz üçün tibb sahəsində yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da əvəzsiz xidmətləri olub. Bu gün onun elmi məktəbinin yetirmələrinin adları nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda da böyük ehtiramla çəkilir.

Əziz Əliyev kimi görkəmli şəxsiyyətin ailəsində boya-başa çatan gənc Tamerlan hələ uşaqlıq çağlarından alicənablıq, həssaslıq və ziyalılıq ruhunda tərbiyə alıb. 1929-cu ildə Bakıdakı 3 nömrəli ibtidai məktəbdə oxumağa başlayıb, sonralar təhsilini 176 nömrəli orta ümumtəhsil məktəbində davam etdirib. 1940-cı ildə orta məktəbi "əla” qiymətlərlə bitirən Tamerlan Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub. O, təhsildə və ictimai işlərdə qazandığı nailiyyətlərə görə o zaman nadir hallarda rast gəlinən yüksək təltifə - Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülüb.

Tamerlan Əliyev əmək fəaliyyətinə 1945-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə terapiyası kafedrasında (indiki daxili xəstəliklər kafedrası) başlayıb və ömrünün sonunadək burada çalışıb. Onun çoxcəhətli elmi tədqiqatlarının əsasını Azərbaycanın kurort amillərinin müalicəvi təsiri, endokrin sistem xəstəliklərinin patogenezinin, klinikasının və müalicə üsullarının öyrənilməsi, qanın laxtalanma, əks laxtalanma və fibrinoliz sistemində patoloji şəraitdə baş verən dəyişikliklər və onların korreksiya üsulları, miokard infarktının müalicəsi və digər problemlər təşkil edib. Həkimlik fəaliyyətinə başladığı ilk illərdə Naftalan neftinin orqanizmin reaktivliyinə təsirinin öyrənilməsinə böyük əmək sərf edən Tamerlan Əliyev 1954-cü ildə "Heyvan orqanizminin immun reaktivliyinin Naftalan neftinin təsiri altında dəyişməsinin xarakteristikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Professor Tamerlan Əliyev apardığı elmi-tədqiqat işlərinin nəticələrinə əsasən, 1969-cu ildə "Şəkərli diabetin müxtəlif formaları olan xəstələrdə periferik damarların vəziyyəti; metabolizmin və qanın laxtalanmasının bəzi göstəriciləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi alıb.

1975-ci ildə Tamerlan Əliyevin şəxsi təşəbbüsü və səyi nəticəsində Fuad Əfəndiyev adına 4 nömrəli Bakı Şəhər Klinik Xəstəxanasının nəzdində 90 yerlik endokrinologiya şöbəsi yaradılıb. Həmin dövrdə Tamerlan Əliyevin təşəbbüsü ilə daxili xəstəliklər kafedrasının nəzdində Azərbaycanda ilk dəfə intensiv kardioloji yardım şöbəsi yaradılıb, reanimasiya və intensiv terapiya bloku, funksional diaqnostika şöbəsi təşkil edilib.

Professor Tamerlan Əliyev Azərbaycanda kardioloji xidmət sisteminin təşkili sahəsinin inkişafına böyük əmək sərf edib. Novator alimin təşəbbüsü ilə keçmiş SSRİ miqyasında ilk dəfə

4 nömrəli klinik xəstəxananın nəzdində miokard infarktı və şəkərli diabeti olan xəstələrin distansion diaqnostikası, təxirəsalınmaz yardımı, həmçinin intensiv terapiyası təşkil edilib. Bunun da nəticəsində respublikada həmin xəstəliklərdən ölüm faizi azalıb.

Tamerlan Əliyevin Azərbaycan tibb tarixi salnaməsinə qızıl hərflərlə yazılmış xidmətlərindən biri də bilavasitə onun təşəbbüskarlığı, təşkilatçılığı ilə inşa edilərək fəaliyyətə başlayan Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur.

Görkəmli alim uzun illər Səhiyyə Nazirliyinin baş terapevti, Bakı Şəhər Səhiyyə İdarəsinin baş endokrinoloqu vəzifələrini yerinə yetirib, Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin məsləhətçisi, "Azərbaycan tibb jurnalı”nın redaksiya heyətinin üzvü olub. O, həmçinin Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən terapiya ixtisası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri vəzifəsində çalışıb, bu sahə üzrə gənc elmi kadrların yetişməsinə, bacarıqlı, savadlı alimlər ordusu sıralarının artmasına qayğıkeşliklə rəhbərlik edib.

Tamerlan Əliyevin elmi məsləhətçiliyi və rəhbərliyi altında beş doktorluq və 25 namizədlik dissertasiyası yerinə yetirilib. Onun hazırladığı kadrlar Azərbaycanın hüdudlarından kənarda da uğurla fəaliyyət göstərərək müəllimlərinə başucalığı gətiriblər.

Professor 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitinin, metodik tövsiyələrin, səmərələşdirici təklif və ixtiraların, həmçinin çox sayda elmi-kütləvi məqalənin müəllifi olub.

Tamerlan Əliyevin müəllifi olduğu "Klinik-diaqnostik laborator tədqiqat üsulları”, "Şəkərli diabet haqqında ətraflı məlumat”, "Biokimyəvi tədqiqat üsulları”, "Şəkərli diabet”, "Prediabet”, "Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstəliyi”, "Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi”, "Endokrinologiya” və digər bu kimi əsərlər indi də öz aktuallığını saxlayır, həkimlər və tələbələr tərəfindən geniş istifadə olunur.

Alimin uzun illərin təcrübəsi sayəsində əldə etdiyi praktik vərdişlər və nəzəri biliklər əsasında qələmə aldığı "Endokrinologiya” dərsliyi bu sahə üzrə Azərbaycan dilində yazılmış ilk irihəcmli, genişəhatəli əsərdir. Alim, həmçinin tərcüməçilik işi ilə də məşğul olub. Onun "Klinik-diaqnostik laborator tədqiqat üsulları” monoqrafiyası SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə təqdim edilib və sərginin qızıl medalını alıb. Bu monoqrafiya Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

Tamerlan Əliyev Türkiyə, ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada, İsveçrə, Finlandiya və başqa ölkələrdə keçirilmiş elmi toplantılarda özünün maraqlı məruzələri ilə Azərbaycanı layiqincə təmsil edib.

Görkəmli alim səhiyyə, təhsil və elm sahəsində əldə etdiyi nailiyyətlərə görə dövlət tərəfindən bir sıra fəxri ad, orden və medallara layiq görülüb.

Son dərəcə sadə, təvazökar, obyektiv, incə və həssas qəlbli, yüksək mədəni səviyyəyə malik bir insan olan Tamerlan Əliyevin gəncləri elmə həvəsləndirən mütərəqqi ideyaları diqqətlə öyrəniləcək və həyatda daim öz tətbiqini tapacaq.

1997-ci il aprelin 7-də əbədiyyətə qovuşmuş unudulmaz alimin əziz xatirəsi daim qəlbimizdə yaşayır və yad edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video