03 Oktyabr 2020 00:58
2343
İDMAN
A- A+

Qarabağ uğrunda hər meydanda QƏLƏBƏ!


Ağdam klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı


Hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz dövlətin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğalçılardan - erməni faşistlərindən və muzdlu terrorçulardan təmizlənməsi uğrunda mübarizə aparır. Qəhrəman əsgərlərimizin cəbhə boyunca qazandığı uğurlar hamımızı sevindirir.

Xalqımızın oğul və qızları şanlı Ordumuza hərtərəfli dəstək verərək möhkəm birlik nümayiş etdirirlər. Beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edən idmançılarımız da onların arasındadır. Srağagün Ağdamın "Qarabağ” futbol klubu UEFA Avropa Liqası yarışlarının həlledici pley-off oyununda Polşanın paytaxtı Varşavada ölkə çempionu "Legiya” komandası ilə qarşılaşmışdır. Xalqımız üçün belə bir vacib məqamda futbolçularımız böyük əzmkarlıq və ustalıq nümayiş etdirərək 3:0 hesabı ilə qələbə qazanmış və ardıcıl olaraq 7-ci dəfə Avropa Liqasının qrup mərhələsində yerini təmin etmişdir.

Matçda ağdamlılar rəqibi bütün komponentlər üzrə üstələdilər. "Qarabağ”ın qarşısını almaq mümkün deyildi. "Şükürlər olsun ki, komanda olaraq bunun öhdəsindən gələ bildik. Qazanacağımız qələbənin nə dərəcədə vacib olduğunu dərk edirdik. Sevinirəm ki, buna nail olduq”.

Bu sözləri deyən "Qarabağ”ın yarımmüdafiəçisi, Horadiz şəhərində anadan olmuş və 1 yaşında yurdundan didərgin düşmüş Qara Qarayev hazırkı vəziyyətdə qazandıqları uğuru o qədər də böyük saymır: "Əsgərlərimizin döyüşdə qazandığı zəfərlər daha önəmlidir. Çünki orada daha çətindir, səhvlər bağışlanmır. Əsgərlərimiz torpaqlarımızı qorumaq üçün hər saniyə ölümlə üz-üzədirlər. Nə qədər idmanla məşğul olsaq da, beynəlxalq arenada çıxış etsək də, fikirlərimiz, dualarımız əsgərlərimizlədir”.

Qara matçdan öncə iki gün yata bilmədiyini deyir: "Yuxularım qarışmışdı. İstər-istəməz həyəcan keçirirdim. Cəbhədə qazanılan zəfərlərin qarşılığında Polşadan qələbə sevinci ilə qayıtmalı idik və biz bunun öhdəsindən gələ bildik. Bu işdə baş məşqçimiz bizə çox kömək oldu. O, futbolçuları tamamilə qələbəyə kökləmişdi. Hamımız məsuliyyəti dərk edirdik”.

Varşavada qazanılmış mühüm qələbədən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da hadisələrə münasibətini bildirmişdir: "Hazırkı vəziyyətdə, müharibə şəraitində bu, vacib qələbədir. Matçdan dərhal sonra futbolçularıma təşəkkürümü bildirdim. Onların üzərində həddən artıq yük var idi. Onlar oyunun məsuliyyətini dərk edirdilər. Bu, futbolçuların meydandakı çıxışından, üz ifadələrindən də hiss olunurdu. Nə qədər ki, futbol, idman var, bu yük üstümüzdən götürülməyəcək. "Qarabağ”da bu, ikiqat olur. Azarkeşlərimiz bizdən daim qələbə gözləyirlər. Biz də öz növbəmizdə hər zaman Azərbaycanı, Qarabağımızı, Ordumuzu layiqincə təmsil etməyə çalışırıq. Son günlər əsgərlərimizin fədakarlığını düşünsək, bizim etdiyimiz çox cüzidir... Hər bir halda futbolçularımla fəxr edirəm ki, belə bir nəticə əldə etdik. Hətta oyundan öncə söhbətimiz oldu ki, bu gün burada legioner yoxdur, hamımız azərbaycanlıyıq. Onlar da həqiqətən özlərini azərbaycanlı kimi göstərdilər. Ölkəyə, komandaya sevgilərini meydanda nümayiş etdirdilər. Hesabın 3:0 olmasına baxmayaraq, son dəqiqəyədək maksimum istək, konsentrasiya ilə oynadılar. Meydanda rəqibə heç bir mübarizədə uduzmamağa çalışırdılar. Bu da Ordumuzun döyüşlərdəki qələbələri ilə bağlı idi. Ona görə bu qələbənin xüsusi yeri var”.

Varşavanın "Polşa ordusu” stadionunda keçirilən oyunda "Qarabağ” futbolçuları meydançanın hər bir qarışında döyüşürdülər desək, yanılmarıq və bu, yekunda öz bəhrəsini verdi. Matç bitdikdən sonra "Qarabağ”ın futbolçuları, məşqçiləri və klubun digər nümayəndələri Ordumuza dəstək nümayiş etdirərək əsgər salamı verdilər.

Bu günlərdə Ordumuz uzun illər işğal altında qalmış bir çox ərazilərimizi düşməndən təmizləmişdir. İnanırıq ki, "Qarabağ” futbolçularının möhtəşəm qələbəsinin ardınca Qarabağda davam edən hərbi əməliyyat tezliklə erməni faşistlərinin darmadağın olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnəcək.

Rizvan HİLALOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video