02 Oktyabr 2020 10:57
1195
Məktublar
A- A+

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə


İlk növbədə, Sizə səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı verdiyiniz bəyanatda əks olunmuş obyektiv mövqeyə görə sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq ordumuzun cəbhə zonasında yerləşən mövqelərini və dinc insanların yaşadığı bir sıra məntəqələri qəsdən və hədəflənmiş şəkildə intensiv atəşə tutmuşdur. Bu xain hücum nəticəsində iki gün ərzində hərbçilərimiz, 20-yə yaxın mülki şəxs, o cümlədən iki uşaq həlak olmuş, 50-dən artıq mülki şəxs yaralanmışdır. Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almış, iyul ayında Ermənistanın dövlət sərhədi istiqamətində növbəti təxribatı nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. Ancaq ordumuzun atdığı qətiyyətli addımlar nəticəsində Ermənistan layiqli cavabını almışdır.

Bu təxribatlar Ermənistanın avantürist və təcavüzkar hərbi-siyasi rəhbərliyinin bəyan etdiyi yeni ərazilər uğrunda yeni işğal siyasətinin davamıdır. Eyni zamanda, Ermənistan ordusunun mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır. Bu əməllər Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı zamanı xalqımız bu vəhşiliyin şahidi olmuşdu.

Dünyanın diqqətinin BMT Baş Assambleyasının 75-ci sessiyasına, COVID-19 pandemiyası ilə mübarizəyə yönəldiyi dövrdə Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti hərbi avantüra və təxribata əl atması bu rejim tərəfindən beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə münasibətdə sərgilədiyi saymamazlığı bir daha nümayiş etdirdi.

Azərbaycan Silahlı Qüvvələri öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, bizim əzəli tarixi torpağımız olduğunu tanıyır. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti və digər aparıcı beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və qətnamələr Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlarımızdan çıxarılmasını tələb edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Bir daha Azərbaycanın haqq işinə göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı bildirir, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulayıram.

Hörmətlə,


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2020-ci il.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video