02 Oktyabr 2020 00:54
1968
SİYASƏT
A- A+

İlham Əliyevin dəyişməz şərti


Ermənistan silahlı birləşmələri torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxdıqdan sonra döyüşlər dayanacaq, qan tökülməyəcək


"Bizim davamız haqq davasıdır. Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir”.

Vətən uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşdə Ali Baş Komandan İlham Əliyev savaş meydanında aciz durumda qalan Ermənistan rəbərliyinə çıxış yolunu göstərərək atəşkəs şərtini bəyan etdi: hələ ki, gec deyil, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olun!

Əgər İlham Əliyevin bu şərtinə əməl olunarsa, döyüşlər dayanacaq, qan tökülməyəcək, bölgəyə sülh gələcək. Çünki sülhü istəyən Azərbaycandır. Belə olmasaydı, 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik.

Bizim davamız haqq davasıdır, erməni xalqı ilə işimiz yoxdur

Azərbaycan Prezidenti həmçinin erməni xalqına müraciət edərək üzləşdikləri acınacaqlı durumdan xilas yolunu göstərdi - erməni xalqı öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsin. Əgər onlar sülh şəraitində yaşamaq istəyirsə, öz hökumətini məsuliyyətə cəlb etsin. Övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər.

Ali Baş Komandan haqlı olaraq sual etdi: "Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?”

Azərbaycan əsgəri öz döğma torpağı uğrunda savaşa qalxıb. Əsgər və zabitlərimiz qəhrəmancasına döyüşərək öz torpağında yaralanır, öz torpağı uğrunda şəhid olur və dədə-baba yurdunu düşmən tapdağından azad etmək üçün silaha sarılır.

Artıq neçə gündür davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri düşməndən azad edib, bir neçə yaşayış məntəqəsi işğalçıdan təmizlənib. Uzun fasilədən sonra yenidən doğma yurda ayaq basırıq və indi bu torpaqlarda üçrəngli bayrağımız dalğalanır.

Prezidentin də söylədiyi kimi, artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz. Ona görə erməni xalqı anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. İndi Azərbaycan tarixi ədaləti bərpa edir.

Erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və torpaqlarımızı işğal altında saxlayır: "Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli dövlətdir və burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində yaşayır, o cümlədən erməni xalqı. Minlərlə erməni Azərbaycan ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim vətəndaşlarımızdır”.


Ermənistan İlham Əliyevin xəbərdarlığından dərs götürməli idi


Bu gün cəbhədə Azərbaycan Ordusu düşmənə layiqli cavab verir, yüzlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilir.

Bütün bunların səbəbkarı Ermənistan hakimiyyətidir. Cənab İlham Əliyev dəfələrlə işğalçıya xəbərdarlıq etsə də, nə beynəlxalq təşkilatlar Ermənistana təzyiq etdi, nə də N.Paşinyan təxribatlarından, uydurma fikirlərindən, qanunsuz "məskunlaşdırma” siyasətindən əl çəkdi. Ermənistanın rəhbərliyi bu əməlləri ilə açıq-aşkar müharibəyə hazırlaşdığını göstərdi.

Cənab İlham Əliyev isə BMT kürsüsündən bir daha həm Ermənistana, həm də beynəlxalq təşkilatlara mesaj ünvanladı. Prezident bəyan etdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır və bunun qarşısı alınmalıdır. Əgər iyul və avqust aylarındakı təxribatlar təkrarlanarsa, Azərbaycan Ermənistanı həyata keçirdiyi istənilən təxribata görə ağır cəzalandıracaq və təcavüzkar etdiyi əmələ görə peşman olacaq.

Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər işğalçıya lazımi səviyyədə təsir edə bilmədilər və nəhayət, sentyabrın 27-də Ermənistan təxribata başladı. Azərbaycan Ordusu isə əks-hücum əməliyyatları ilə düşmənə layiqli cavab verdi və bu gün də uğurlu əməliyyatlar davam edir. "Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir”, - deyə Prezident bildirdi.

Hər zaman olduğu kimi, bu gün də Ermənistan silahlı birləşmələrinin hədəfi dinc əhalidir. Artıq işğalçının çirkin əməlləri nəticəsində 17 dinc sakin həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, 200-ə yaxın ev dağıdılıb. Lakin Ermənistan hərbi birləşmələrindən fərqli olaraq, Azərbaycan Ordusu mülki əhalini vurmur və ümumiyyətlə, əhaliyə qarşı heç vaxt vuruşmayıb. Silahlı Qüvvələrimizin hədəfləri erməni silahlı birləşmələrinin mövqeləri, texnikası və canlı qüvvəsidir.

Bəllidir ki, istənilən münaqişə sülhlə bitir. Azərbaycan tərəfi yaxşı anlayır ki, Qarabağın erməni icması ilə yenidən bir yerdə yaşamağa davam edəcək, onlar da Azərbaycan vətəndaşlarıdır və ordumuzun hədəfi ola bilməz.


Həm orduda, həm də cəmiyyətdə ruh yüksəkliyi var


Bu gün Azərbaycan Ordusunda da, ölkə ictimaiyyətində də böyük ruh yüksəkliyi var. Dövlət başçısının söylədiyi kimi, qanlı döyüşlər Azərbaycan xalqı üçün həqiqət anıdır. Məhz bu günlərdə Azərbaycana dəstək olan ölkələr, təşkilatlar, insanlar da heç vaxt unudulmayacaq. Müxtəlif ölkələrdə yaşayan dünya azərbaycanlıları, eləcə də qardaş Türkiyədən, Ukraynadan, Pakistandan olan gənclər Prezidentə məktub yazaraq torpaqlarımızın azadlığı uğrunda gedən savaşlara könüllü qoşulmaq istədiklərini bildirirlər. Cənab İlham Əliyev də bütün bunları çox yüksək dəyərləndirir.

Ancaq dövlət başçısı buna lüzum görmür. Ona görə ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür və üzərinə düşən tapşırığı layiqincə yerinə yetirir. Azərbaycan dövləti isə öz prinsipial mövqeyindən dönməyəcək, ərazi bütövlüyünü bərpa edəcək.

Artıq bütün əsas beynəlxalq təşkilatlar da Azərbaycanın mövqeyini dəstəkləyirlər. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT - bütün bu təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatlar veriblər.

Bütün bunlar cənab İlham Əliyevin illərdir dəyişməyən prinsipial mövqeyinə, Azərbaycanın haqq səsinə verilən beynəlxalq dəstəkdir. Artıq Ermənistan bundan dərs götürməlidir ki, meydanda tək qalıb, havadarları da təcavüzkara yardım əlini uzatmır. İşğalçı ölkənin tək yolu Azərbaycan torpaqlarından silahlı birləşmələrini çıxarmaqdır.


Adlarını Azərbaycan tarixinə yazdıran qəhrəman oğullar...


Prezident vətən vurğunda savaşaraq yaralanan hərbi qulluqçuları da təbrik edərək bildirdi ki, onlar gənc yaşlarında böyük qəhrəmanlıq, şücaət göstərib adlarını Azərbaycan tarixinə yazdırırlar.

Ali Baş Komandan bütün yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyərək onlara öz adından, Azərbaycan xalqı adından təşəkkürünü bildirdi. Əminliklə vurğuladı ki, Azərbaycan xalqı onlarla qürur duyur.

Yaralı hərbçilərimizin tez bir zamanda sağalması üçün xəstəxanalarda bütün imkanlar yaradılıb. Dövlət başçısı da dedi ki, bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, xalq onlara dəstək olmalıdır: "Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib”.

Ali Baş Komandanın sonuncu fikri isə hər kəsin ürəyini dağa döndərdi: "Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video