02 Oktyabr 2020 00:49
779
SİYASƏT
A- A+

Qələbəyə Dəstək Hərəkatı yaradıldı


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə işğal olunmuş Azərbaycan torpaqlarını Ermənistanın işğalçı qoşunlarından təmizləmək üçün başladılan əks-hücum əməliyyatlarını həyata keçirən Azərbaycan Ordusuna dəstək məqsədilə iş adamlarının Qələbəyə Dəstək Hərəkatı ictimai təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupuna ilkin olaraq 22 şirkət qoşulub.

Qrupun üzvlərindən biri "Hədəf” şirkətlər qrupunun təsisçisi Şəmil Sadiq bildirdi ki, Qələbəyə Dəstək Hərəkatına qoşulan şirkət rəhbərləri bununla dövlətimizin, Ali Baş Komandanın yanında olduğunu bildirir, istər maddi, istərsə də mənəvi olaraq dövlətin hər bir çağırışına operativ dəstək verməyi, iş adamları arasında vətənpərvərlik ruhunun yüksəldilməsini, maarifləndirici işlərin aparılmasını qarşısına məqsəd qoyub: "Hazırda xeyli iş adamı var ki, könüllü olaraq ayrı-ayrılıqda öz öhdəsinə düşən işi görür, dövlətimizin, ordumuzun yanında olduğunu deyir, Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitlər ödəyir. Lakin düşünürük ki, bunu təşkilatlanmış formada, sistemli şəkildə koordinasiya etmək, ürəyindən keçib dəstəyi necə edəcəyinin yolunu bilməyən həmkarlarımızla birgə hərəkət etmək, bir əl, bir ürəklə müəyyən fəaliyyətlər həyata keçirmək daha yaxşı olar”.

Qələbəyə Dəstək Hərəkatı ictimai təşəbbüs qrupunun üzvü İlham Alməmmədov qeyd edir ki, bu, bir könüllü qrupdur, heç bir siyasi, iqtisadi maraq güdmür: "Eyni arzularla yaşayan, vətən sevdalı iş adamları birlikdə hərəkət edərsə, dövlətimizə daha çox fayda verə bilər. Biz, 22 şirkət rəhbəri qarşımıza məqsəd qoymuşuq ki, torpaqlarımız işğaldan tam azad edilənə, yenidənqurma işləri bitənə qədər cani-dildən dövlətimizlə bir yerdə olacağıq”.

Qələbəyə Dəstək Hərəkatı ictimai təşəbbüs qrupunun fəaliyyəti indilik bu cür planlaşdırılıb: iş adamlarının ordumuza maddi yardım və ianələrini rahat şəkildə çatdırmaları üçün bütün texniki, hüquqi problemləri həll etmək, düzgün istiqamətə yönləndirmək; Silahlı Qüvvələrə Yardım Fondunun təbliğat-təşviqat işində aktiv iştirak etmək; yaralılar və şəhid ailələrinə lazımi dəstəyi koordinasiya etmək; könüllü şəkildə ordu sıralarına qoşulan gənclərin ailələrinə dəstək, onları stimullaşdırmaq, xüsusən də iş yeri olmadan ordu sıralarına qoşulan könüllülərin ailələrinə aylıq müəyyən maliyyə yardımı etmək; gənc iş adamları arasında vətənpərvərlik və xeyriyyəçilik ruhunu formalaşdırmaq və istiqamətləndirmək adına maarifləndirmə işləri aparmaq; sərhədyanı bölgələrdə, geri alınan torpaqların yenidənqurma işlərində yaxından iştirak etmək.

İş adamlarının Qələbəyə Dəstək Hərəkatı ictimai təşəbbüs qrupunun "Facebook” qrupu və səhifəsi yaradılıb. Səhifənin yaradılmasında məqsəd Qələbəyə Dəstək Hərəkatının bütün fəaliyyətilə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmaqdır. Təşəbbüs qrupu hərəkatla birgə fəaliyyət göstərmək istəyən iş adamları üçün açıqdır. Qrup üzvləri ümid edir ki, birgə fəaliyyətləri cənab Prezidentin qeyd etdiyi kimi, "Biz birlikdə güclüyük” ifadəsinin əməli nümunəsi olacaq.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video