02 Oktyabr 2020 00:48
416
SİYASƏT
A- A+

Azərbaycan əsgərinin tarix yazacağı günə az qalıb


Saxta tarixi keçmiş yaratmaqla, müxtəlif xalqların mədəniyyətini oğurlamaqla havadarlarının hesabına əzəli Azərbaycan torpaqlarında özlərinə dövlət quran ermənilər xalqımıza qarşı əsrlərboyu düşmənçilik, soyqırımı siyasəti yürüdüblər. "Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər XX əsrin sonlarında da yaranmış şəraitdən istifadə edərək Azərbaycana qarşı mənfur siyasətlərini davam etdiriblər.

Yenicə müstəqillik əldə etmiş, rəhbərliyi naşı adamlar əlinə keçən, vahid ordusu olmayan Azərbaycan erməni qəsbkarlarının hücumları nəticəsində ərazilərinin 20 faizini itirmiş, bir milyondan çox soydaşı qaçqın-köçkün şəraitində yaşamalı olmuşdur. Əsrin faciəsi kimi tarixə yazılan Xocalı faciəsi isə erməni vəhşiliyinin zirvəsinə çevrilmişdir.

Sonrakı illər xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, ciddi səyləri nəticəsində Azərbaycanda vahid mərkəzdən idarə olunan qüdrətli ordu yaradılmışdır. Bu ordunun gücünü görən ermənilər məcburiyyət qarşısında atəşkəs barədə müqavilə imzalamalı olmuşlar. Atəşkəs dövründə Milli Ordumuz daha da güclənmiş, hərbi arsenalımız ən müasir silahlarla təchiz edilmişdir. Ölkəmiz eyni zamanda diplomatiya sahəsində böyük uğurlar qazanmış, dünya ictimaiyyətinə erməni qəsbkarlarının iç üzünü açıb göstərmişdir.

Amma 30 ilə yaxın bir müddətdir ki, torpaqlarımızın bir hissəsi hələ də düşmən əsarətindədir. Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində mülki əhalimiz həlak olur. Mənfur düşmənlərin təxribatlarının qarşısı isə ordumuz tərəfindən qətiyyətlə alınır. Tarixə Aprel döyüşləri kimi yazılan, bir neçə gün davam edən döyüşlər zamanı ordumuz düşmən təxribatının qarşısını almaqla yanaşı, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal altında olan bəzi ərazilərimizi azad etdi. Qarabağa dönüş başladı. Cocuq Mərcanlıda həyat bərpa olundu. Lələtəpə yüksəkliyində üçrəngli dövlət bayrağımız qürurla dalğalandı. Əfsuslar olsun ki, ermənilər tərəfindən təxribatlar davam etdirilir. Tovuz hadisələrində onlar bunu bir daha sübut etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75-ci sessiyasındakı çıxışında Ermənistanın işğalçılıq siyasəti barədə məlumat vermiş, Ermənistanın yeni torpaqlar işğal etmək üçün növbəti təxribatlara əl atacağını, sərhəddə texnika və canlı qüvvə topladığını, Qarabağ ərazisinə silahlı muzdluların gətirilməsi məsələsini dünya ictimaiyyətinin nəzərinə çatdırmışdır. Dövlət başçısı qeyd etmişdir ki, BMT qətnamələrini icra etməyən Ermənistan baş verə biləcək hadisələrə görə məsuliyyət daşıyacaq.

Sentyabr ayının 27-də Ermənistan növbəti dəfə təxribata əl atdı, səhər saatlarında erməni artilleriyası mövqelərimizi və mülki obyektlərimizi atəşə tutdu. Azərbaycan düşməni susdurmaq üçün əks-hücuma keçdi. Xalqımız illərlə gözlədiyi qələbə xəbərlərini almağa başladı. İşğalçı erməni qoşunları istər texnika, istərsə də canlı qüvvə baxımından itkilər verərək geri çəkilirlər.

Bəli, bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz şanlı tarix yazır. Xalqımız haqq işində Prezidentin ətrafında sıx birləşib. Yüzlərlə gəncimiz könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edir, torpaqlarımızın azad olunmasında iştirak etmək istəyir. Hər zaman dövlətə, dövlətçiliyə sədaqəti ilə seçilən şabranlılar torpaqlarımızın bütövlüyü uğrunda bu gün də müsəlləh əsgərdirlər. İki Milli Qəhrəmanı olan Şabran yurdunun oğulları Ali Baş Komandanın rəhbərliyi altında Milli Ordumuzun əks-hücum əməliyyatlarında iştirak etmək üçün coşqu ilə cəbhəyə yollanırlar.

Ali Baş Komandan öz çıxışında bildirib: "Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb”.

İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz zəfər yürüşünü davam etdirəcək, tezliklə üçrəngli, ay-ulduzlu dövlət bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq! Azərbaycan əsgərinin tarix yazacağı günə az qalıb.

Çingiz XALİDOĞLU,

Şabran

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video