02 Oktyabr 2020 00:38
384
SİYASƏT
A- A+

Gəncəlilər ordumuzun zəfər yürüşünü alqışlayırlar


Tarix çox müharibələrin və bu müharibələrdə saysız-hesabsız insanların həlak olmasının şahidi olub. Ancaq bəşəriyyət zaman-zaman erməni təcavüzkarlarının bizə qarşı törətdikləri vəhşilik səviyyəsində ikinci bir faktla qarşılaşmayıb. Uzun əsrlər boyu havadarlarına arxalanan ermənilər təcavüzkarlıqla ən gözəl və bərəkətli torpaqlarımızda məskunlaşmış, pənah gətirdikləri torpağa, onun əsl sahiblərinə sonralar xəyanət edərək həmin əraziləri özününküləşdirməyə çalışmışlar.

20-ci yüzillikdə baş vermiş belə hadisələr nəticəsində Azərbaycanın dilbər guşəsi olan qədim Qarabağ işğal olunmuşdur. Təəssüflə demək lazımdır ki, ermənilərin bu hərəkətlərinə beynəlxalq ictimaiyyət göz yummuş, Azərbaycanın haqq işini müdafiə etməmişdir.

Lakin haqq əyilər, üzülməz deyiblər. Bu gün ədalətin bərpa olunması naminə ordumuz haqq savaşına çıxıb. Sentyabrın 27-də erməni hərbi birləşmələrinin həyata keçirdikləri təxribata cavab olaraq Azərbaycanın Silahlı Qüvvələri geniş əks-hücuma keçmiş və düşmənə sarsıdıcı zərbələr endirməyə başlamışdır.

Başlanan bu müharibə Azərbaycan xalqının istəyi deyil. Bu müharibə ermənilərin Azərbaycan xalqına qarşı 30 ildən artıq bir dövr ərzində apardıqları təxribatın məntiqi nəticəsidir. Təbii ki, belə bir dönəmdə biz özümüzü müdafiə etmək hüququna malikik və Azərbaycanın ərazi bütövlüyü, mülki insanların təhlükəsizliyi təmin olunmalı, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulmalıdır.

İndi həmin məqam gəlmişdir. Gündən-günə təkmilləşən və qüvvətlənən ordumuz düşmənə ağır zərbələr endirməklə öz sözünü deyir. Bunun əvəzində düşmən Azərbaycanın mülki əhalisini - qadınları və uşaqları hədəfə alır. Bu onu göstərir ki, ermənilər yenə də beynəlxalq hüquqa zidd addımlar atmaqla öz hiyləgər planlarını həyata keçirmək niyyətindədirlər. Həmin niyyətin hədəfi əhalinin sıx yaşadığı məntəqələr, rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektləri, xəstəxanalar, tibb məntəqələri, məktəb və uşaq bağçalarıdır.

Bütün bu təxribatlara baxmayaraq, Azərbaycan əhalisi qorxmur. Çünki xalqımız üçün bu, Vətən müharibəsidir və hamı əmindir ki, qısa vaxtda müqəddəs torpaqlarımız düşmən tapdağından azad ediləcək.

Cəbhədə mövcud vəziyyətlə bağlı Gəncənin bir neçə ziyalısına müraciət etdik. Yekdil fikir bu oldu ki, hamı Azərbaycanın haqq işini dəstəkləyir və Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsinə sevinir.

İlham Həsənov, məktəb direktoru: "Bütün Azərbaycan vətəndaşları kimi mən də Dağlıq Qarabağın azad edilməsi uğrunda gedən döyüşləri diqqətlə izləyirəm. Hər gün televizorun qarşısında dayanaraq verilən məlumatları dinləyirəm. Eşidəndə ki, bir neçə yaşayış məntəqəmiz düşməndən azad edilib, sevincimin həddi-hüdudu olmadı. Hətta sevincimdən gözlərim yaşardı”.

Hasil Fətəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru: "Hələ bir neçə gün əvvəl Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı Ermənistanın təmas xətti boyunca öz qoşunlarını cəmləməsi və əlavə hərbi tədbirlər görməsi barədə ətraflı məlumat vermişdir ki, bütün bunlar da növbəti təxribatların hazırlanması haqqında xəbərdarlıq idi. İndi Azərbaycan vətəndaşları ordumuzla həmrəylik nümayiş etdirir və düşmənə qarşı aparılan müharibədə iştirak etməyə hazır olduqlarını bildirirlər. Bu, erməni təxribatlarına qarşı ən bariz tədbirlərimizdir”.

Sənan Hacıyev, mədəniyyət işçisi: "Görünən odur ki, Ermənistan silahlı qüvvələri həmişə çətin vəziyyətə düşəndə və öz acizliklərini gördükdə mülki əhalini hədəfə alırlar. Biz bu hiyləgərliyi 90-cı illərin əvvəllərində də, 2016-cı il Aprel döyüşlərində də görmüşük. Sentyabrın 27-də də cəbhə xəttində yerləşən yaşayış məntəqələrimiz atəşə məruz qaldı. Hətta cəbhə xəttindən xeyli uzaqda yerləşən Naftalan şəhərinin kəndlərindən biri ağır artilleriya atəşinə tutuldu. Nəticədə bir ailənin, ikisi azyaşlı olmaqla, 5 üzvü həlak oldu. Bu onu göstərir ki, ermənilər 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymurlar”.

Mehman Rzayev, həkim: "Hər bir xalqın həyatında çətin, lakin şərəfli məqamlar olur. İndi Dağlıq Qarabağ uğrunda gedən müharibə belə məqamlardandır. Bu günlərdə bizim haqq işimizi dəstəkləyənlər çoxdur. Onlar haqsızlığa, ədalətsizliyə, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması hallarına göz yummayaraq öz sözlərini deyirlər. Dünya birliyinə gəldikdə isə demək kifayətdir ki, münaqişənin sülh yolu ilə həll edilməsi üçün çoxlu sayda imkanlar yaranmışdı. Lakin həmin birlik problemin həlli yolunda ikili mövqe tutdu. Elə buna görə də Azərbaycan problemin həll yolunu genişmiqyaslı əks-hücumda görür. Erməni işğalına son qoyulması bizim haqqımız və ədalətin bərpasıdır”.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video