01 Oktyabr 2020 01:22
1466
PARLAMENT
A- A+

Azərbaycanın zəfər salnaməsinə yeni tarixi səhifələr yazılır


Parlament Ermənistanın işğalçılıq siyasəti ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində fəal iş aparır


Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının açılışı oldu. Milli Məclisin Sədri Sahibə Qafarova 2020-ci ilin payız sessiyasını açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Spiker payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi və parlamentin qarşıdakı fəaliyyətinin səmərəli olmasını arzuladı.


88 ölkənin qanunverici orqanına və 11 beynəlxalq təşkilata 138 məktub göndərilib


Sahibə Qafarova Ermənistanın Azərbaycana təcavüzü nəticəsində cəbhə bölgəsində gərginləşən vəziyyətdən söz açdı. Qeyd etdi ki, bu gün Azərbaycanın zəfər salnaməsinə yeni tarixi səhifələr yazılır. İşğalçı Ermənistan silahlı qüvvələrinin hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun həyata keçirdiyi genişmiqyaslı əks-hücum əməliyyatı davam edir. Sentyabrın 27-dən bəri Azərbaycanın işğal altında olan bir sıra yaşayış məntəqələri azad edilib, strateji yüksəkliklər ordumuzun nəzarəti altına keçib.

Düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, "Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! ...Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Onun həlli bizim tarixi vəzifəmizdir. Biz bunu elə şəkildə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.

Milli Məclisin Sədri düşmən təxribatı barəsində doğru-düzgün məlumatların dünya ictimaiyyətinə çatdırılması, erməni faşizminin iç üzünü və çirkin mahiyyətini ifşa etmək üçün parlament diplomatiyasının imkanlarından geniş istifadə edildiyini vurğuladı. Son günlərdə 88 ölkənin parlamentinə və 11 beynəlxalq təşkilata 138 məktub göndərildiyini, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Pakistan Senatının Sədri Məhəmməd Sadiq Sancrani, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin, ATƏT-in Parlament Assambleyasının Sədri Georgi Tsereteli ilə telefonla danışdığını, Türkiyənin TRT-Xəbər televiziya kanalına canlı yayımda müsahibə verdiyini açıqladı. Bütün məktub və danışıqlarda, müsahibədə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən planlı təxribatın, mülki insanların və obyektlərin atəşə tutulmasının beynəlxalq hüquqa görə, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiqi olduğunu bildirdiyini diqqətə çatdırdı.

Parlamentin Sədri çıxışında qeyd etdi ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya birgə bəyanat verərək, Ermənistanın Azərbaycana qaqrşı hərbi hücumlarını pisləyib. Bununla əlaqədar olaraq Mustafa Şentopa məktub göndərilib və Azərbaycan parlamenti adından minnətdarlıq ifadə olunub. Həmçinin İtaliya və Almaniya parlamentlərində fəaliyyət göstərən Azərbaycanla dostluq qruplarının üzvlərinə də xalqımızın haqq işini dəstəklədiklərinə görə Milli Məclis adından təşəkkür məktubları ünvanlanıb. Sahibə Qafarova çıxışının sonunda bildirdi ki, bu gün Azərbaycan xalqı öz dövlətinin yanındadır: "Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş səriştəli və məsuliyyətli idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin birdəfəlik həllini təmin edəcək”.


23 iclas keçirilib, 164 qanun və qərar qəbul edilib


Sonra Spiker altıncı çağırış Milli Məclisin ilk sessiyalarının yekunlarına dair hesabatı təqdim etdi. Qeyd olundu ki, ötən dövrdə parlament öz fəaliyyətini Prezident İlham Əliyevin martın 10-da parlamentin birinci iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində qurub və önəmli nəticələr əldə edib. 2020-ci ilin yaz və növbədənkənar sessiyalarında parlamentin 23 iclası keçirilib, 164 qanun və qərar, o cümlədən 2 Konstitusiya qanunu qəbul edilib. Milli Məclis ölkənin ictimai-siyasi və iqtisadi həyatında baş verən bütün mühüm məsələlərə öz münasibətini bildirib.

Sahibə Qafarova onu da vurğuladı ki, sessiyalararası dövrdə - iyulun 7-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin iştirakı ilə Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri ilə "Azərbaycanda yeni siyasi konfiqurasiya: pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr edilən videokonfrans formatında görüş keçirilib. Siyasi dialoq, milli dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması baxımından görüşün əhəmiyyəti qeyd edilib.

O da diqqətə çatdırıldı ki, bu yaxınlarda Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası dövlət qeydiyyatına alınıb və bununla da Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı 11-ə çatıb. Sahibə Qafarova bu münasibətlə həmin partiyaların təmsilçiləri - Razi Nurullayevi və Erkin Qədirlini təbrik etdi, onlara parlament fəaliyyətlərində uğurlar dilədi.

Parlamentin Sədri yay ayları ərzində Milli Məclisin cari fəaliyyətinin ardıcıl olaraq davam etdirilməsi və görülən işlər barədə də söz açdı. Qeyd olundu ki, ötən dövrdə Milli Məclisin Aparatı və İşlər İdarəsi haqqında Əsasnamə hazırlanıb və təsdiq edilib. Milli Məclisin İntizam komissiyası haqqında hazırlanan Əsasnamə bu yaxınlarda parlamentin müzakirəsinə çıxarılacaqdır. İnzibati binada olan iclas salonlarına "İstiqlal”, "Qarabağ”, "Odlar yurdu”, "Xəzər” kimi milli adlar verilib ki, bu da xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılmasına və nəsildən-nəsilə ötürülməsinə kiçik töhfə olacaq.

Sahibə Qafarova onu da diqqətə çatdırdı ki, son günlər cəbhədə yaranmış vəziyyətlə əlaqədar olaraq sentyabrın 27-də təcili olaraq Milli Məclisin iclası keçirilib, "Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq olunub.

Parlamentin Sədri daha sonra elektron parlament quruculuğu çərçivəsində görülən işlərdən danışdı, Milli Məclisin arxivində saxlanan bütün sənədlərin elektron formata keçirildiyini, televiziya və fotoarxivlərinin rəqəmsal sistemə salındığını bildirdi. Sədr bildirdi ki, Milli Məclisin fəaliyyətini izləyən jurnalistlər üçün bütün lazımi avadanlıqlarla təmin olunmuş otaqlar ayrılıb. Yeni fotostudiya yaradılıb, brifinqlərin keçirilməsi və millət vəkillərindən müsahibələr alınması üçün müasir standartlara uyğun otaq hazırlanıb. Milli Məclisin fəaliyyətinin işıqlandırılması üçün İctimai televiziyada format müəyyənləşdirilib. Həftədə bir dəfə telekanalda 45 dəqiqəlik veriliş yayımlanacaq.

Milli Məclisin nümayəndə heyətinin sentyabr ayında qardaş Türkiyəyə və Rusiyaya etdiyi rəsmi səfərlər barədə də məlumat verildi.


Qanunvericilik işləri planı təsdiq olundu


Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Əvvəlcə Milli Məclisin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edildi. Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Qüdrət Həsənquliyev və Cavid Osmanov işlər planı ilə bağlı təkliflərini bildirdilər. 14 bənddən ibarət sənəd səsə qoyularaq təsdiq edildi.

Gündəliyin ikinci məsələsi olan - deputat Eldar Quliyevin Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilməsi haqqında qərar layihəsi də təsdiq olundu.

Sahibə Qafarovanın təqdimatından sonra "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə qərar layihəsi qəbul edildi.

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqlarının qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi. Gömrük orqanları arasında yeni çağırışları özündə ehtiva edən, əqli mülkiyyət obyektlərində əməkdaşlığın inkişafına xidmət edən sənəd qəbul olundu.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” sənədi şərh etdi. Komitə sədri Azərbaycanı hər zaman özünə dost hesab edən bir ölkədə - Kubada səfirliyin açılmasının məntiqli bir qərar olduğunu diqqətə çatdırdı və koronavirus pandemiyası dövründə Kuba həkimlərinin ölkəmizə təmənnasız dost yardımını əsirgəmədiklərini bildirdi. Layihə təsdiq edildi.


Bəzi qanunlara dəyişikliklər təsdiq edildi


Parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında”, "Dövlət qulluğu haqqında”, "İşsizlikdən sığorta haqqında” və "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etdi. Qısa müzakirədən sonra layihə təsdiq edildi.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və "Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə təklif olunan dəyişiklikləri təqdim etdi. Qeyd olundu ki, sənəd "Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Sözügedən qanunun 4-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxs dövlət adından, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır. Publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir. Buna əsaslanaraq "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5.4 və 8.1-ci maddələri həmin müddəalara uyğunlaşdırılır. "Peşə təhsili haqqında” qanunun 16.2-ci maddəsi isə "Təhsil haqqında” qanunun 32.2-ci maddəsinə uyğunlaşdırılır. Sənəd səsə qoyularaq təsdiqləndi.

Deputatlar "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə də birinci oxunuşda müsbət münasibət bildirdilər.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan Prezidenti 28 dekabr 2018-ci ildə tikinti obyektlərinə tikintiyə icazə və obyektin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Tikintiyə dövlət nəzarəti prosedurlarında nəzərdə tutulan sadələşdirmələrlə əlaqədar müvafiq qanunların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Təqdim edilən qanun layihəsi həmin təkmilləşdirilməyə dair təklifləri nəzərdə tutur. Qısa müzakirədən sonra layihə təsdiq olundu.

İclasda daha sonra "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edildi. Qeyd olundu ki, qanun layihəsinə təklif olunan dəyişikliklər minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunmasını və rüsumların daimi olaraq müəyyən edilməsini nəzərdə tutur. Həmin dövlət rüsumları minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsini, yaxın qohumlara bağışlanması hallarına görə rüsumun istisna olunmasını və bu hala görə daha az dövlət rüsumunun (10 manat) müəyyən edilməsini ehtiva edir. Layihə təsdiqləndi.

Milli Məclisin Sədri Sahibə Qafarova qeyd etdi ki, gündəliyə daxil edilən növbəti 4 məsələ - Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub. Bu layihələr "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğunlaşdırma xarakteri daşıyır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh etdi. Bildirdi ki, qanun layihəsi daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya birinci dərəcə əlilliyi olan şəxsə baxan, onunla birlikdə yaşayan valideynin, arvadın (ərin), himayəçinin və ya qəyyumun gəlirlərinin gəlir vergisindən azad olunan hissəsinin artırılaraq 200 manat məbləğində müəyyən edilməsini, güzəşt tətbiq olunan kateqoriyaya sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərin də aid edilməsini nəzərdə tutur. Qanun layihəsi səsvermə yolu ilə təsdiqləndi.

Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Bildirdi ki, qanun layihəsi uyğunlaşdırma məqsədi ilə hazırlanıb və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Təklif olunan qanuna əsasən, övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulur. Qeyd edildi ki, bu hal xüsusilə az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsi prosesini asanlaşdıracaq. Həmin uşaqların ali və orta ixtisas təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində təhsil haqqı dövlət hesabına ödənildiyi üçün övladlığa götürüldükdən sonra da bu imtiyazdan istifadə edə bilmələri dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaratmayacaq.

Fasilədən sonra davam edən iclasda spiker Sahibə Qafarova məlumat verdi ki, səhər iclasında deputat Eldar Quliyev Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilmişdi. Fasilə müddətində komissiya üzvləri iclas keçirərək Eldar Quliyevi Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçiblər. Spiker bu münasibətlə Eldar Quliyevi təbrik etdi, ona yeni işində uğurlar arzuladı.

Sonra "Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihənin müzakirəsi davam etdirildi. Müzakirələrin sonunda layihə təsdiqləndi.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırdı. Bildirdi ki, qanun layihəsi valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Layihəyə əsasən, övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və ali məktəblərin magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət hesabına ödənilməsi nəzərdə tutulur.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsinin onun rəhbərlik etdiyi komitədə də müzakirə edildiyini, sənədin qəbulunun valideyn himayəsindən məhrum olmuş uşaqların həyatında olduqca humanist bir addım olacağını vurğuladı. Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.


Yeni sosial müavinət növü müəyyən edilir


Musa Quliyev "Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişiklikləri də birinci oxunuşda təqdim etdi. Komitə sədri bildirdi ki, bu sənəd də əvvəlkilər kimi "Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdırmaq və uşaqları övladlığa götürən ailələri dəstəkləmək məqsədilə hazırlanıb. Yeni bir sosial müavinət növü - övladlığa götürülən uşağa görə müavinət müəyyən edilir, onun təyin edilmə şərtləri və qaydaları, bununla bağlı digər məsələlər tənzimlənir. Bildirildi ki, müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə övladlığa götürülən hər bir uşağa görə (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında) təyin ediləcək və bu müavinətin ödənilməsi uşağın 18 yaşı tamam olanadək davam edəcək. Müavinət uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında uşağı övladlığa götürən şəxsə və ya onlardan birinə təyin edilir. Çıxış edənlər valideyn himayəsindən məhrum olmuş uşaqların hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində olduğunu dedilər, layihənin əhəmiyyətini açıqladılar. Sənəd səsə qoyularaq təsdiqləndi.

Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim etdi. Sənəd 18 yaşına çatmamış şəxslərin mənəvi-əxlaqi tərbiyəsinin və sağlam gəncliyin formalaşması istiqamətində kompleks tədbirlər keçirilməsini, uşaqlara tütün məmulatları və alkoqollu içkilərlə bərabər, energetik içkilərin satışının, onların idman-mərc oyunlarında iştirakının qadağan edilməsi sahəsində məhdudiyyətləri ehtiva edir. Layihə səsvermə yolu ilə təsdiq edildi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verdi. Qısa müzakirədən sonra layihə səsə qoyularaq qəbul edildi.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim etdi. Bildirildi ki, təklif olunan dəyişikliklər məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara məcburi nişanlama kodunun və digər qoruyucu elementlərin vurulması ilə bağlıdır. Məcburi nişanlanma ilə bu cür malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi təmin olunur. Məcəlləyə digər texniki xarakterli bir neçə dəyişikliyin də daxil edildiyi vurğulandı. Qanun layihəsi təsdiq edildi.

İclasda daha sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Təhsil haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” və "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarıldı. Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov dedi ki, sənədlər "Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə 12 iyun 2018-ci il tarixli və "Ümumi təhsil haqqında” 29 mart 2019-cu il tarixli qanunlara uyğunlaşdırma məqsədi ilə hazırlanıb. Ümumi təhsil, peşə təhsili, məktəbəqədər təhsil, sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili ilə bağlı normaları, qanunlarda edilən termin və ifadə dəyişikliklərini nəzərdə tutur. Deputat söylədi ki, Əmək Məcəlləsinə təklif olunan dəyişiklik yuxarıda göstərilən qanunlara uyğun olaraq, pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayan şəxslərlə əmək müqavilələrinin bağlanmasına yol verilməməsi, bağlanmış müqavilələrə isə xitam verilməsi üçün mexanizmləri, o cümlədən bu sahədə işəgötürənlərin məsuliyyətini və bu hala görə əmək müqaviləsinə xitam verilməsi əsaslarını müəyyən edir.

Sənədlə əlaqədar Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev də fikirlərini bölüşdü. Komitə sədri qeyd etdi ki, təhsillə bilavasitə bağlı olan bu 5 qanuna, ümumilikdə, 89 dəyişiklik təklif edilib. Bəxtiyar Əliyev hazırda ölkədə 65482 nəfər sağlamlıq imkanı məhdud uşaq olduğundan, onların təhsili və gələcəyi ilə bağlı Heydər Əliyev Fondunun əsaslı layihələr həyata keçirdiyindən söz açdı. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Deputatlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinə müsbət münasibət bildirdilər.


Yeni layihədə donorluqla bağlı bütün məqamlar nəzərə alınıb


Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim etdi. Komitə sədri bildirdi ki, dünyada insan orqan və toxumalarının donorluğu və transplantasiyası təbabətin yeni sahəsi olsa da, sürətlə inkişaf edir. Əhliman Əmiraslanov qeyd etdi ki, artıq orqan nəqlinin insanların ömrünü xeyli uzatdığı elmə məlumdur. O, bu sahədəki dünya təcrübəsindən söhbət açaraq bildirdi ki, Azərbaycanda artıq böyrək, qaraciyər, diz oynaqları köçürülməsi əməliyyatları uğurla yerinə yetirilir. Ölkəmizdə qanunvericilik baxımından meyit donordan istifadə sahəsində müəyyən boşluq olduğundan, ancaq canlı donordan istifadə olunur ki, bu da əlavə risk yaradır. Komitə sədri yeni hazırlanan qanun layihəsində bu sahədəki mühüm məqamların diqqətlə araşdırıldığını və nəzərə alındığını vurğuladı. Bildirildi ki, layihə bütün aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə ictimai müzakirədən keçirilib və rəylər alınıb. Sənəd orqan transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, transplantasiya sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin, tibb işçilərinin hüquq və vəzifələrini müəyyən edir, buradan irəli gələn münasibətləri tənzimləyir. 5 fəsil, 35 maddədən ibarət sənəddə qanunun tətbiq dairəsi, donorluğun və transplantasiyanın əsas prinsipləri, qayda və şərtləri, bu sahəyə yardımın təşkili, transplantasiya işini həyata keçirən mütəxəssislərin hüquq və vəzifələri, resipiyentlərin uçotu, donorluq işinin koordinasiyası, donor orqanlarının resipiyentlər arasında bölüşdürülməsi kimi məsələlər ətraflı ehtiva olunub.

Çıxışlardan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video