01 Oktyabr 2020 01:18
636
CƏMİYYƏT
A- A+

Qələbə ilə qayıdacağıq!


Çağırışçılar hərbi hissələrə yola düşdülər


Bir neçə gündür respublikamızda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrinin qarşısında qələbəlikdir.

Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də başlatdığı növbəti hərbi təxribatdan sonra minlərlə vətəndaş silaha sarılmaq, torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün müraciət edir.

Bu proses isə hələ iyul ayından başlayıb. Ermənistanın Tovuz rayonuna hücumundan sonra on minlərlə vətəndaşımız könüllü şəkildə ordu sıralarına qoşulmaq, cəbhədə düşmənlə döyüşmək əzmini ortaya qoydu. Təkcə bu ilin iyul ayında İlham Əliyevin çağırışına səs verən 55 mindən çox vətən oğlu respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün arzusunu ifadə etdi. Onlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) qeydiyyata alındılar.

Bu günlərdə SHXÇDX-nin idarə və şöbələrinin qarşısında yaşanan qələbəlik həm də Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr tarixli fərmanına əsasən ordu sıralarına çağırılan oğullarımızın yola salınması ilə bağlıdır. Dünən SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsinin qarşısına toplaşan yüzlərlə insan çağırışçıları yola salırdılar. Kimisi övladını, kimisi qardaşını, kimisi dostunu yola salmaq üçün gəlmişdi.

İdarənin qarşısında qürur doğuran mənzərə yaranmışdı. Hər kəsin üzündə sevinc var idi, hər kəs qələbəyə köklənmişdi. Çağırışçılar alqış sədaları altında, valideynlərin xeyir-duası ilə avtobuslara minib yola düşürdülər.

Ordu sıralarına yola düşən çağırışçıların bəziləri ilə söhbət etməyə imkan tapdıq. Respublikamızda hərbi vəziyyətin elan olunmasını və bu şəraitdə informasiya məxfiliyinin qorunmasının vacibliyini nəzərə alaraq onların adlarını vermirik. Söhbətləşdiyimiz 27 yaşlı çağırışçı deyir ki, hərbi xidmətini vaxtilə cəbhə xəttində çəkib, Ermənistanın iyul təxribatından sonra isə könüllü şəkildə döyüşmək üçün müraicət edib: "Cəbhə xəttində xidmət keçərkən ən böyük istəyim Ermənistana qarşı döyüşmək idi. Ona görə iyul ayında dərhal döyüşmək üçün müraciət etdim. Hərbi xidmətə çağırıldığım üçün çox qürurluyam. Mütləq Qələbə ilə qayıdacağıq. Çünki yüksək vətənpərvərlik əzmimizin, döyüş ruhumuzun qarşısında düşmən heç vaxt duruş gətirə bilməz”.

Söhbətləşdiyimiz digər çağırışçının 25 yaşı var, ali təhsillidir. Deyir ki, cəbhədə qızğın döyüşlərin getdiyi indiki şəraitdə hər kəs ordumuza dəstək olmalıdır: "Mən də əlimə silah götürüb döyüşməklə ordumuza dəstək olmaq istəyirəm. Düzdü, ordumuz güclüdü, şəxsi heyət baxımından sıraları kifayət qədər möhkəmdir. Bununla belə bizim ordu sıralarına çağırılmağımız olduqca mühümdür. Təlimdən sonra komandirlərimdən cəbhə xəttinə göndərilməyimi xahiş edəcəm. İnşallah, xalqımızı qələbə ilə sevindirəcəyik”.

İdarənin qarşısında iki gəncin həyəcanlı mübahisəsi diqqətimizdən yayınmadı. Əvvəlcə onları çağırışçıların yaxınları zənn etdik. Öyrəndik ki, müharibənin başlamasından sonra hər ikisi cəbhədə döyüşmək üçün müraciət edib. Onları qeydə alıblar, lakin ordu sıralarına çağırışın plan əsasında həyata keçirildiyini deyiblər. Çağırılıb çağırılmayacaqları isə bilinmir... Bəli, gənclərin əsəbi hansısa problem yox, vətənpərvər olmaları ilə bağlı idi. Problem isə təki bu olsun...

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video