01 Oktyabr 2020 01:16
615
CƏMİYYƏT
A- A+

Azərbaycan nümunəsi


Prezident İlham ƏLİYEV: "Pandemiya ilə mübarizənin maliyyələşdirilməsi xarici maliyyə yardımı olmadan, yalnız daxili mənbələr hesabına həyata keçirilir”


Bu ilin artıq doqquzuncu ayı da dünya ölkələrinin yeni tip koronavirusa qarşı mübarizəsi ilə başa çatır. Qlobal problemə çevrilmiş COVID-19 infeksiyasının yayılmasına qarşı bütün dövlətlər tərəfindən müxtəlif qabaqlayıcı tədbirlər görülsə də, pandemiyanın qarşısını almaq və törətdiyi fəsadları minimuma endirmək səyləri hələ də nəticə vermir. Virus planetimizdə 1 milyondan çox insanın həyatına son qoyub.

CovId-19 dünyada yayılmağa başladığı, eləcə də ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk dövrdən başlayaraq dövlətimiz ona qarşı çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlərə start verdi. Azərbaycan dünyada az-az dövlətlərdəndir ki, xalqının sağlamlığını, təhlükəsizliyini düşünərək virusun yayılmasının qarşısını almaq üçün vaxtında qabaqlayıcı tədbirlər həyata keçirdi. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atıldı. Qısa zaman ərzində dövlətin bütün imkanları pandemiyaya qarşı səfərbər olundu. Dövlət başçısının sərəncamları, çoxsaylı tapşırıqları, gündəlik nəzarəti altında həyata keçirilən səmərəli tədbirlər nəticəsində koronavirusla mübarizədə uğurlar qazandıq. Məhz bunun sayəsində dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı. Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə, Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirən, qlobal böhrandan minimum itkilərlə çıxmağı bacaran ölkələr siyahısında yer alıb. Ölkəmizin bu istiqamətdə gördüyü işlər dəfələrlə Ümümdünya Səhiyyə Təşkilatı, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd edilib, digər dövlətlərə nümunə göstərilib.

Hökumətin koronavirusla mübarizə sahəsində strategiyası özlüyündə bir neçə istiqaməti əhatə etdi: virusun yayılmasının qarşısının alınması, ölkə səhiyyəsinin və aidiyyəti infrastrukturun koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərin həlli.

Həyata keçirdiyi mübarizə tədbirlərinə görə beynəlxalq səviyyədə təqdir olunan Azərbaycan dövləti koronavirusun qarşısının alınmasında yalnız yerli nümunələr yaratmaqla kifayətlənmir. Prezident İlham Əliyev virusun qlobal problemə çevrilməsini nəzərə alaraq onunla mübarizədə ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlığı da zəruri hesab edir.

Koronavirusa qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayan, güclü olduğunu göstərən Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırdı. Pandemiya dövründə ölkəmiz beynəlxalq arenada, iqtisadi, sosial sahədə özünü güclü dövlət kimi göstərdi. Ölkəmiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşünü təşkil etməklə dünyanı birləşdirdi. Azərbaycan BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüs irəli sürdü, bu təşəbbüs Qoşulmama Hərəkatının üzvləri, dünyanın 130-dan çox ölkəsi tərəfindən yekdilliklə dəstəkləndi.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da "COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxışı zamanı da bu məsələyə toxundu.

Dövlət başçısı COVID-19 pandemiyasının dünyanın bütün ölkələrinə mənfi təsir göstərdiyini, milyonlarla insanın kəskin yoxsulluq vəziyyətinə düşəcəyinin gözlənilən olduğunu bildirdi.

Pandemiyanın Azərbaycan iqtisadiyyatına da təsir etdiyini söyləyən ölkə rəhbəri belə bir dövrdə dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumətin iş yerlərinin və səhiyyənin qorunmasına, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə ümumi daxili məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırdığına diqqət çəkdi. Belə ki, pandemiyanın fəsadlarının aradan qaldırılması, iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlığının təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim olundu. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni ölkə əhalisinin yarısını əhatə edir.

Prezident qeyd etdi ki, pandemiya ilə mübarizənin maliyyələşdirilməsi xarici maliyyə yardımı olmadan, yalnız daxili mənbələr hesabına həyata keçirilir. Bundan əlavə, Azərbaycan COVID-19 ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Pandemiyadan sonrakı dövrdə isə dövlətimizin əsas prioritetləri - iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirməkdən ibarətdir: "Bəşəriyyət pandemiyaya qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılmasına yalnız həmrəylik və birgə səylər sayəsində nail ola bilər. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi Sessiyasının keçirilməsini təklif etmişdir. Bu təşəbbüs BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəkləndi. İnanıram ki, Xüsusi Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcəkdir”.

Əminliklə demək olar ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bu da dövlətin həmrəylik və əməkdaşlığa sadiqliyinə dəlalət edir. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə təkcə insanlar deyil, dövlətlər də bir olmağa, birlikdə mübarizə aparmağa borcludurlar. Məhz belə çətin vəziyyətdə dünyanın həmrəyliyə və əməkdaşlığa ciddi ehtiyacı var.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video