30 Sentyabr 2020 20:16
397
SİYASƏT
A- A+

Özbəkistanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri Ermənistanın təxribatlarına etiraz edirlər

 
Özbəkistanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Ermənistanın Azərbaycana təcavüzü, regionda münaqişəni alovlandıran son təxribatları, habelə dinc sakinləri artilleriya atəşinə tutması ilə əlaqədar dünya birliyinə müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətdə Ermənistan ordusunun xain hücumları zamanı həyatını itirən insanlara, hərbçilərə və dinc sakinlərə görə Azərbaycan xalqına başsağlığı verilib.

Müraciətdə, həmçinin deyilir: "Azərbaycan öz qanuni ərazilərində Ermənistanın işğalçı ordusuna qarşı hərbi əməliyyatlar, azadlıq mübarizəsi aparır. İşğalçılar zəbt edilmiş əraziləri, o cümlədən Dağlıq Qarabağı tərk etməli, bütün xarici qüvvələr Azərbaycan ərazisindən çıxarılmalı, günahsız insanların öldürülməsinə, hərbi təxribat və cinayətlərə son qoymalıdır. Bu cür davranışlar açıq-aşkar təcavüz, işğal və soyqırımı siyasətidir.

Biz - Özbəkistanın tanınmış elm, mədəniyyət, incəsənət, ictimaiyyət nümayəndələri bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin çoxsaylı PKK, digər terrorçularla birgə həyata keçirdiyi təcavüzü qınayır, bu cinayətin və işğalın dərhal dayandırılmasına çağırırıq.

Otuz ildir regionun ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi və ətraf rayonların işğalı, bir milyon azərbaycanlının yurd-yuvalarından qovulması dünya birliyi üçün ləkədir və sivil dünyada qəbul olunmayan cinayətdir.

Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisinin 20 faizi tamamilə dağıdılıb. Min illərlə qurulmuş şəhərlər, kəndlər məhv edilib, məscidlər, mədəniyyət abidələri yer üzündən silinib. Xocalıda Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı soyqırımı törədilib.

Biz dünya birliyinə müraciət edərək onu bu işğala, haqsızlığa "dur!” deməyə çağırırıq.

Ermənistan nəinki tarixi və mədəni abidələri bilərəkdən məhv edir, saxtalaşdırır, eyni zamanda, təəssüflər olsun ki, bu günlərdə azərbaycanlı uşaqları belə hədəfə alaraq ağır müharibə cinayətləri törədir. Son aylarda etnik ermənilərin fəal şəkildə digər ölkələrdən Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülərək məskunlaşdırma siyasətinin davam etdirilməsi, ASALA və PKK kimi terrorçuların bu yerlərə yerləşdirilməsi çox təhlükəlidir.

Ermənistan Azərbaycan musiqisinin beşiyi, Qafqazın konservatoriyası olan Şuşada, habelə işğal altındakı digər ərazilərdə Azərbaycanın mədəni irsini məhv edib və bütün vasitələrdən istifadə edərək münaqişənin daha da alovlanmasına, mövcud vəziyyətin uzadılmasına çalışır. Biz Ermənistanın belə çirkin oyunlarının dayandırılmasını tələb edirik.

Gəlin, bir anlıq öz vicdanınız qarşısında cavab verin. Bunu hansı xalq və dövlət qəbul edər? Otuz ildir ki, insanlar ədalətin bərpa olunacağı günü, öz torpaqlarına qayıdacaqlarını gözləyirlər.

İşğalçı niyə öz adı ilə çağırılmır? Nə üçün Ermənistanı işğala son qoymağa çağırmırsınız?

Biz hüquqları tapdalanan, torpağı işğal olunan və ərazi bütövlüyü pozulan Azərbaycan xalqının yanında olmalıyıq. Hər kəsi bu ağır və çətin günlərdə ədalətin yanında olmağa və Azərbaycana dəstək verməyə çağırırıq. Biz - qardaş özbək xalqı, işğalı pisləyir, Azərbaycan xalqının Vətən torpaqlarının azadlığı uğrunda apardığı mübarizəni dəstəkləyirik.

Hesab edirik ki, dünyanın güclü ölkələri, beynəlxalq təşkilatlar təcili olaraq Ermənistanı Azərbaycanın işğal altındakı ərazilərini azad etməyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməlidir.

Əminik ki, dünya birliyi ədalətin tərəfini tutacaq və işğalçıları qınayacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video