29 Sentyabr 2020 15:46
470
SİYASƏT
A- A+

AHİK Ermənistanın son təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Ermənistanın son təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib.

AHİK-dən AZƏRTAC-a bildiriblər ki, müraciətdə deyilir: "Sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini birtərəfli qaydada pozaraq Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə edərək növbəti təcavüz aktına əl atıb. Bu hərbi təcavüz mülki əhali və hərbi qulluqçular arasında xeyli sayda insan itkisinə səbəb olub. Təkcə Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndində erməni silahlı qüvvələrinin top atəşi nəticəsində 5 nəfərdən ibarət Qurbanovlar ailəsi həyatını itirib.

Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, ona bitişik 7 rayonu silah gücünə zəbt etməklə kifayətlənmir, "yeni torpaqlar, yeni müharibə” istəyini dünya ictimaiyyətindən gizlətmir və beynəlxalq hüququn normalarına hörmətsizlik göstərərək məkrli niyyətini davam etdirir. Ermənistanın növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının və onların Əlavə protokollarının kobud şəkildə pozulması deməkdir. Ermənistan 30 ildir torpaqlarımızı işğal altında saxlayır. Vaxtaşırı silahlı təxribatlar törətməklə işğal altında olan rayon və şəhərlərimizi de-fakto öz ərazilərinə qatmağa cəhd edir. 2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda həyata keçirdiyi hərbi hücumlar bu niyyətin son nümunələridir.

Təbii ki, belə davam edə bilməz. Artıq Azərbaycan xalqının səbir kasası daşıb. Əhalimiz düşmən atəşləri altında yaşamaqdan yorulub.

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təcavüzünün qarşısını almaq, təmas xətti boyunca yerləşən çoxsaylı yaşayış məntəqələrimizin mülki əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə, əks-hücum və cavab tədbirləri görmək məcburiyyətində qalıb. Biz özümüzü öz torpaqlarımızda müdafiə edirik. Müdafiə tədbirləri həyata keçirilərkən beynəlxalq humanitar hüquqa tam riayət olunur.

Bundan sonra hər iki tərəfdən veriləcək insan və maddi itkilər üçün bütün məsuliyyət Ermənistanın siyasi və hərbi dairələrinin üzərinə düşür.

Ermənistan tərəfi saxta, dezinformasiya xarakterli məlumatlar yaymaqla öz xalqını və dünya ictimaiyyətini çaşdırmağa və işğalçılıq siyasətinə haqq qazandırmağa çalışır.

Biz həmkarlar ittifaqı olaraq dünyanın aparıcı dövlətlərini, beynəlxalq qurumları, eləcə də beynəlxalq həmkarlar ittifaqları təşkilatlarını Ermənistanın təcavüzkar əməllərini kəskin şəkildə qınamağa, Azərbaycanın haqq işini müdafiə etməyə çağırırıq. Ermənistanın Qafqazda yürütdüyü ilhaqçı, faşist siyasəti bütövlükdə dünyamızda sabitliyə təhlükədir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video