29 Sentyabr 2020 00:26
484
SİYASƏT
A- A+

“AZƏRBAYCANIMIZ”


Türkiyə iqtidarı, müxalifəti və mediası haqq savaşında ölkəmizin yanındadır


Tarixin sınaqlarından daim üzüağ çıxmış Azərbaycan-Türkiyə münasibətləri ötən dövr ərzində daha da möhkəmlənərək iki ölkə arasında strateji bağların yeni səviyyəyə yüksəlməsini təmin edib. Müasir dünya reallığında hər iki ölkənin ətrafda gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri mühüm əhəmiyyət kəsb edir.

Bu günlərdə təmas xəttində erməni təxribatı nəticəsində baş verən hərbi əməliyyatlar qardaş ölkənin diqqət mərkəzində yer alıb. Haqq savaşında Azərbaycan qarşısında Ermənistanın böyük uğursuzluğa düçar olacağını bildirən Türkiyə iqtidarı və müxalifət nümayəndələri sosial şəbəkələrdə paylaşımlar edib, onlarca teleşirkət, yüzlərlə qəzet və internet portalı xəbərlər yerləşdirib.


Türkiyə iqtidari Azərbaycanın yanında olduğunu bəyan edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdəki səhifəsində etdiyi paylaşımda bildirib ki, Azərbaycana qarşı yeni hücumlar edən Ermənistan bölgədə sülhün və sabitliyin qarşısında ən böyük təhlükə olduğunu bir daha göstərdi. Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır.

Türkiyə Parlamentinin sədri Mustafa Şentop "Twitter” sosial şəbəkəsində paylaşımında qeyd edib ki, mülki vətəndaşlara qarşı son hücumlar göstərir ki, Ermənistan, sadəcə, Azərbaycana qarşı bir təhdid deyil, bütün bölgədə sülh baxımından düzəlməyəcək bir terror dövlətidir və baş verəcəklərə görə yalnız o məsuliyyət daşıyır. Türkiyə bütün gücü ilə Azərbaycanın yanında olmağa davam edəcək.

Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın təcavüzkar Ermənistanın hərbi təxribatları əsasında yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında yazıb ki, Türkiyə bu hücumlara qarşı Azərbaycanın yanındadır. Hücum nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkə hesablarında etdiyi paylaşımda yazır ki, Ermənistan yenə də həddini aşıb. Bu dəfə cavabını meydanda alır. Meydanda və masa arxasında Can Azərbaycanla birlikdəyik.

Türkiyənin Maliyyə naziri Berat Albayrak "Twitter” hesabındakı paylaşımla Ermənistanın Azərbaycana hücumlarını şiddətlə pisləyib: "Bölgədə barışdan uzaq hər cür addımın qarşısında, Can Azərbaycanın yanındayıq. Hücum nəticəsində həyatını itirən qardaşlarıma Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

Türkiyə Respublikasının Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu sosial şəbəkədəki paylaşımında bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarına qarşı hüquqazidd və təxribat xarakterli hücumlarını şiddətlə qınayır, həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Can Azərbaycanımızın yanındayıq!

Qardaş ölkənin səhiyyə naziri Fahrettin Koca təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında yazıb: "Ermənistan Azərbaycana xaincəsinə hücum etdi. Ağır bombardmanlar nəticəsində dinc əhali arasında çox sayda yaralı və həlak olanlar var. Dövlətçilik ləyaqəti və insan dəyərlərinə uyğun olmayan bu hücumu qınayırıq. Qanuni cavab üçün tədbir görən qardaş Azərbaycanın yanındayıq”.


Türkiyə müxalifəti Ermənistanın işğalçılıq siyasətini pisləyir


Türkiyədə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu sosial media hesabındakı paylaşımında yazıb ki, Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq pozulan atəşkəs rejimini və mülki vətəndaşların ölümünə səbəb olan hücumları qınayırıq. Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirik.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib ki, yeganə məqsədi türklərə qarşı düşmənçilik olan Ermənistan və onun muzdlu silahdaşlarının türk milləti qarşısında dayanma ehtimalı yoxdur: "Qarabağ türkündür, türk vətənidir. Heç kim bu möhkəm və müstəsna həqiqəti dəyişdirə bilməyəcək. Yeganə məqsədi türklərə qarşı düşmənçilik olan Ermənistan və onun muzdlu silahdaşlarının türk millətinin qarşısında dayanma ehtimalı yoxdur. Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq”.

Türkiyənin İYİ Partiyanın sədri Meral Akşener sosial şəbəkələrdə paylaşımında Ermənistanın Azərbaycana qarşı hücumlarının qəbuledilməz olduğunu bildirib. Qeyd edib ki, Türkiyə hakimiyyətini, beynəlxalq ictimaiyyəti və Minsk qrupunu erməni işğalının aradan qaldırılması və problemin həlli üçün təcili addım atmağa çağırıram. Hər zaman olduğu kimi haqlı davasında can Azərbaycanımızın yanındayıq.

Türkiyənin "Gələcək” partiyasının sədri Əhməd Davudoğlu Azərbaycan ordusunun işğal olunmuş ərazilərin azad edilməsi əməliyyatını dəstəkləyən bəyanat verib. Qeyd edib ki, Azərbaycan yalnız deyildir və Qarabağ mütləq şəkildə azad olacaqdır! Ermənistanın Azərbaycana qarşı hücumunu şiddətlə qınayıram: "Şəhidlərimizə Allahdan rəhmət, yaralıların tezliklə sağalmalarını arzulayıram. Dəyərli qardaşım Prezident İlham Əliyev və Can Azərbaycanın yanındayıq”.

Türkiyənin Böyük Qurtuluş Partiyasının rəhbəri Mustafa Destici deyib ki, Ermənistanın hücumları davam edərsə, Türkiyə Böyük Millət Məclisi (TBMM) bu ölkəyə qarşı Azərbaycanla birgə döyüşmək üçün qoşun göndərməsi barədə qərar qəbul etməlidir. Məsələ müzakirəyə çıxarılmalı, türk hərbçiləri Azərbaycana getməli və ermənilərə həddini bildirməlidirlər.

Türkiyənin "Səadət” partiyasından olan deputat Əbdülqədir Karaduman deyib ki, zülmə qarşı qardaşlarımızın yanındayıq: "Ermənistanın Azərbaycanın mülki yaşayış məntəqələrinə atəş açmasını pisləyirəm. Azərbaycanın mülki şəxslərindən həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.


Türkiyə KİV: "Tək ürək, qardaşa tam dəstək”


"Sabah” qəzeti "İşğalçı Ermənistana Azərbaycan şilləsi” başlıqlı xəbərində yazır ki, Azərbaycana qarşı yeni hücumlar edən Ermənistan bölgədə sülhün və sabitliyin qarşısında ən böyük təhlükə olduğunu bir daha göstərdi. Türk milləti hər zaman olduğu kimi, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadı.

"Milliyət” qəzeti "Türk milləti yanınızdadır” başlıqlı xəbərində yazır ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Bildirilir ki, beynəlxalq miqyasda Ermənistanın işğal siyasəti davamlı olaraq pislənir, onun təcavüzkarlığına qarşı çıxanların sayı artır. Bununla bağlı müxtəlif beynəlxalq qurumlar tərəfindən çoxsaylı qərarlar, qətnamələr, eləcə də digər sənədlər qəbul edilib.

"Hürriyət” qəzeti "Qarabağ atəşi” başlıqlı xəbərini manşetdən verib. Qeyd olunur ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib.

"Milat” qəzeti "Azərbaycanımız” başlıqlı xəbəri manşetdən verib. Azərbaycan Ordusu tərəfindən 7 kəndin işğaldan azad olunduğunun xüsusi vurğulandığı məqalədə bildirilir ki, beynəlxalq miqyasda Ermənistanın işğal siyasəti davamlı olaraq pislənir, onun təcavüzkarlığına qarşı çıxanların sayı artır. Bununla bağlı müxtəlif beynəlxalq qurumlar tərəfindən çoxsaylı qərarlar, qətnamələr, eləcə də digər sənədlər qəbul edilib.

"Karar” qəzeti "Türkiyə tək ürək, qardaşa tam dəstək” başlıqlı xəbəri manşetdən verib. Qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir. Azərbaycan Ordusu hərbi təxribata cavab olaraq, əks-hücum əməliyyatı nəticəsində 7 kəndi işğaldan azad edib.

"Yeni akıt” qəzetinin "Qardaşımızın yanındayıq” başlıqlı xəbərində yazılır ki, işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı Türkiyədə diqqət mərkəzindədir. Prezident İlham Əliyevin "Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır” fikrinin yer aldığı məqalədə vurğulanır ki, ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər.

"Akşam” qəzetinin "Azərbaycanın yanındayıq” başlıqlı xəbərində Azərbaycanın haqq yolunda Türkiyə də yanındadır. Azərbaycan işğal edilmiş torpaqları işğalçılardan azad edəcək.

Türkiyənin "TRTHaber” kanalı "İlham Əliyev: Şəhitlərimizin qanı yerdə qalmayacaq” başlıqlı xəbərində bildirir ki, Azərbaycan Prezidentinin idarəçiliyi dönəmində daha da güclənən Azərbaycan buna paralel olaraq Ermənistanı olduqca zəif bir dövlətə çevirməyi, dünya erməniliyinə isə böyük zərbələr vurmağı bacarıb. Xəbərdə Prezident İlham Əliyevin "Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür” fikirləri daha çox ön plana çıxarılaraq Ermənistanın məkrli siyasətinin növbəti dəfə iflasa uğrayacağı qeyd olunub.

"NTV” kanalı da tamaşaçılara Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır”, bu, həqiqətdir” başlıqlı xəbər təqdim edib. Qeyd olunur ki, Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir.

Türkiyənin "Haber Global”, "TGRT Haber”, "Ahaber”, "Habertürk” kanalları, "Türkiye” və digər qəzetlər "İlham Əliyev: Şəhitlərimizin qanı yerdə qalmayacaq”, "Qarabağ, Azərbaycandır!”, "İlham Əliyev: Bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir” və s. başlıqlı xəbərlərlə Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir və mülahizələri türkdilli oxuculara çatdırılıb.

Həmçinin KİV Prezident İlham Əliyevin sadaladığı təcavüzkar Ermənistanın işğalçılıq siyasətini ifşa edən digər faktlardan - Azərbaycan ərazisinin iyirmi faizinin işğalda saxlanılması, bir milyondan çox azərbaycanlının öz yurdundan didərgin düşməsi və s. bəhs edib.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video