28 Sentyabr 2020 13:16
584
CƏMİYYƏT
A- A+

AHİK Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları ilə bağlı bəyanat yayıb.

Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, bəyanatda deyilir:

"Sentyabrın 27-də sübh tezdən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhəboyu hərbi təxribat törədib. Cəbhəboyu ərazidə yerləşən dinc əhalinin məskunlaşdığı kəndlər iriçaplı silahlar, minaatan və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub. Ermənistan silahlı qüvvələri tərəfindən cəbhəyanı ərazilərdə mülki əhalinin və obyektlərin atəşə tutulması qəsdən və hədəflənmiş növbəti təxribatdır. Bu təxribat nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Prezident İlham Əliyev cənabları Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasında çıxışında da Ermənistanın hücuma hazırlaşdığını qeyd edərək demişdir ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştiraka məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış könüllü dəstələrinin yaradılmasını elan edib. Ermənistanın müdafiə naziri "yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və törədilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir.

Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülh, əmin-amanlıq, təhlükəsizlik kimi dəyərlərə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilib.

Erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını alıb. Ermənistan rəhbərliyi birinci dəfə deyil ki, ölkə daxilində üzləşdiyi və qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial-iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisidir.

Bu gün Azərbaycan Ordusu dünyanın ən qüdrətli orduları sırasında yer alır və düşmənin istənilən həmləsinin qarşısını almaq, ona öldürücü zərbə endirmək gücündədir və bunu inamla həyata keçirir. Rəşadətli Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılıb, bir sıra kəndlər işğaldan azad edilib, xüsusi əhəmiyyət kəsb edən strateji yüksəkliklər ələ keçirilib. Düşmən hərbi silah-sursatı ataraq geri çəkilməyə məcbur edilib. İnanırıq ki, bu qələbələrin davamı gələcəkdir.

Biz Azərbaycan həmkarlar ittifaqları olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Şərəfli tarixi olan ordumuzla qürur duyuruq. Həmkarlar ittifaqlarının milyon yarım üzvü Prezident, Ali Baş Komandan İlham Əliyevin yanındadır və yolundadır!”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video