27 Sentyabr 2020 01:11
1855
SİYASƏT
A- A+

Azərbaycan Prezidentinin hücum diplomatiyası Ermənistanın ifşasını sürətləndirir


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həlli istiqamətində atılan siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Çünki bütün dünya, dövlətlər və təşkilatlar işğal altında olan Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycan torpağı kimi tanıyır. Ona görə hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə işğal olunmuş torpaqların qeyd-şərtsiz boşaldılması tələb olunur.


Ən gözəl nümunəni İlham Əliyev ortaya qoyur


Münaqişənin həlli istiqamətində Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən biri hücum diplomatiyasının həyata keçirilməsi və bu çərçivədə erməni yalanlarını, düşmənin işğalçılıq siyasətini davamlı şəkildə dünya ictimaiyyətinə çatdırmaqdır. Bu məsələdə ən gözəl nümunəni elə cənab İlham Əliyevin özü yaradır. Belə ki, bu günlərdə Prezident İlham Əliyev BMT-nin

75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında çıxışları zamanı Ermənistanın 30 ildir davam edən işğal siyasəti ilə bağlı bütün məsələləri ətraflı şəkildə, faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla söhbət zamanı Prezident İlham Əliyev diqqəti əsasən Ermənistanın davam edən işğalçılıq siyasətinə və son vaxtlar güclənən hərbi ritorikasına yönəltdi.

Dövlət başçısının çıxışları və görüşü zamanı qeyd etdiyi bütün məsələlər Ermənistanın işğal siyasəti yürütdüyünü göstərən real faktlardır. Qeyd edildi ki, Paşinyanın "Qarabağ Ermənistandır” deməsi, Dağlıq Qarabağda qondarma seçkilərin keçirilməsi, Tovuza hücum edilməsi, Livan ermənilərinin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi, Goranboy rayonu istiqamətində diversiyaya cəhdi, Ermənistanda könüllü mülki hərbi birləşmənin yaradılmasına başlanılması kimi təxribatçı əməllər danışıqlar prosesini lüzumsuz hala saldı.

Sentyabrın 25-də Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edən Prezident İlham Əliyev bu barədə deyib: "Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər”.


Yeni müharibə düşmənin məğlubiyyəti ilə başa çatacaq


BMT-nin, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların problemin həllinə dair qərarları qəbul olunandan kağız üzərində qalır. Yaxın tariximizdə dünya ictimaiyyətinin ayrı-ayrı dövlətlərin beynəlxalq hüquqa zidd olan əməllərinə qarşı nəinki siyasi, həm də güc yolu ilə təsir etmələrinə dair çoxsaylı faktlar var. Cəzasız qalan Ermənistan isə bütün dünyanın və Avropanın gözü qarşısında təcavüzkar siyasətini davam etdirir. İşğal nəticəsində nəzarətsiz qalan Dağlıq Qarabağ transmilli cinayətlərin yuvasına çevrilib, Azərbaycan xalqının milli mədəniyyət nümunələri dağıdılıb.

Azərbaycan hərb yolu ilə torpaqlarını azad etmək istəsə, buna çox qısa müddətdə nail olacağı şübhəsizdir. Bunu Ermənistanda da yaxşı anlayırlar. Bakı hələlik məsələnin danışıqlar yolu ilə həllinə dair beynəlxalq çağırışlara hörmətlə yanaşır. Lakin görünən odur ki, Ermənistanın baş nazirinin cəfəng bəyanatları, bu ölkənin təxribat xarakterli addımları danışıqları tamamilə mənasız edib. Eyni zamanda Tovuz döyüşlərindəki məğlubiyyətdən sonra Ermənistan sərhəd və cəbhə bölgələrinə yeni qüvvələr cəmləyir. Hətta başqa dövlətlərdən terror təşkilatlarının yaraqlılarını Azərbaycana qarşı döyüşmək üçün Qarabağa gətirdiyi yayılan məlumatlar sırasındadır. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edən Prezident

İlham Əliyev bu barədə deyib: "Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”.

Bəli, yeni müharibənin Ermənistanın məğlubiyyəti ilə başa çatacağı dəqiqdir. 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşləri də Azərbaycanın hərbi üstünlüyünün təsdiqidir.


Ermənistanın əməlləri beynəlxalq hüquq normalarının pozulmasından ibarətdir


Prezident İlham Əliyev dünyanın ən ali tribunasından etdiyi çıxışlarda Ermənistanın faşist, antiinsani siyasətini, yeni müharibə planlarını ifşa etdi, BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə, işğalçının bu hərəkətlərinə müşahidəçi qalmamağa çağırdı. Eyni zamanda inkişaf etmiş Avropa dövlətlərini birləşdirən Avropa İttifaqının rəsmisi ilə söhbətdə vəziyyətin mənfi məcraya doğru getdiyini, Ermənistanın danışıqları pozduğunu, hərbi təxribatlarının müntəzəm xarakter daşıdığını və yeni müharibəyə hazırlaşdığını diqqətə çatdırdı.

Ermənistanın bütün hərəkətləri beynəlxalq hüquq normalarının pozulmasından ibarətdir. Bu ölkə işğalçılıq siyasəti yürütməklə həm BMT-yə, həm də Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü bütün öhdəlikləri kobud şəkildə pozmaqdadır. Hansısa dövlətin ərazi bütövlüyünə qəsd etmək, insanların yaşamaq və mülkiyyət hüquqlarını pozmaq müasir Avropa dəyərləri ilə daban-dabana ziddiyyət təşkil edir. Bu baxımdan Azərbaycanın məqsədi beynəlxalq təşkilatların problemə ədalətli yanaşması, Ermənistanın təcavüzkarlığına son qoyulması üçün kəsərli təsir mexanizmlərinin işə salınması, onun yeni təxribatçı əməllərinə hüquqi qiymətin verilməsidir.

Əgər bunlar olmasa yeni müharibənin baş verməsi qaçılmazdır. Azərbaycan isə torpaqlarını müharibə yolu ilə azad etməyə hazırdır. Çünki Ermənistanın işğalçı siyasətinə qarşı təsirli beynəlxalq reaksiyanın olmadığı şəraitdə Azərbaycanın başqa yolu qalmır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video