27 Sentyabr 2020 01:03
1235
CƏMİYYƏT
A- A+

Azərbaycan bu dəfə də birincilərdən olacaq


Ötən ilin sonundan etibarən dünyaya sürətlə yayılan koronavirus infeksiyasına görə yaranmış pandemiya əksər ölkələrin səhiyyə və iqtisadiyyatını böhran vəziyyətinə salıb. Pandemiya davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, güclü mübarizə sistemləri hələ hazır deyil.

Yoluxdurucu xəstəliklərə səbəb olan digər viruslardan fərqli olaraq, COVID-19 mutasiya olur, yoluxdurucu gücü artır. Epidemioloji vəziyyətə nəzarət edə bilmək üçün isə yumşaq karantin tədbirləri davam etdirilir, əhalinin hədəf qruplarının vaksinasiyası aparılır.

Aylardır bəşəriyyət bu təhlükəli bəladan qurtulmaq üçün bütün ümidlərini peyvəndə bağlayıb.

Hazırda bir sıra ölkələr vaksinlər üzərində iş aparır və ön sifarişlər qəbul edirlər. Lakin vaksinlərə olan tələbatın onların istehsal potensialından çox olmasını nəzərə alaraq, növbəti sifarişləri tezliklə tam təmin etməkdə çətinlik yarana bilər. COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək məqsədilə bir müddət əvvəl Qlobal Peyvəndlər Alyansı (GAVI), Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı (CEPI) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVAX platforması yaradılıb. COVAX, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX bütün ölkələr üçün effektiv peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış bir mexanizmdir. Onun məqsədi 2021-ci ilin sonunadək normativ təsdiqlənmə və ya ÜST-nin prekvalifikasiya mərhələsindən keçmiş iki milyard doza miqdarında təhlükəsiz və effektiv peyvəndin paylanmasıdır.

Sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq.

ÜST-nin Azərbaycan nümayəndəliyi rəsmi Bakının COVAX mexanizminə qoşulma təşəbbüsünü alqışlayıb. ÜST-nin Azərbaycan nümayəndəliyindən bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI arasında bağlanan sazişə görə, ÜST-nin prekvalifikasiya mərhələsindən keçmiş COVID-19 əleyhinə peyvənd istehsal olunduqda Azərbaycan peyvəndi ilk əldə edən ölkələrdən biri olacaq.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bu barədə danışarkən bildirib ki, vaksinasiya üçün ölkənin tələbi üzrə hesablamalar əhalinin ilkin olaraq 20 faizinə peyvəndin vurulmasının epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə biləcəyini göstərir. Lakin vaksinlər üzrə vacib tələblər də mövcuddur. Belə ki, onlar effektiv və təhlükəsiz, kənar mənfi təsirləri minimum səviyyədə və virusa qarşı ən azından 50-70 faiz qoruyuculuq qabiliyyətində olmalıdır.

R.Bayramlının sözlərinə görə, Azərbaycan əhalisinin 10 faizə qədəri üçün peyvəndin COVAX çərçivəsində alınması nəzərdə tutulub. Sazişə əsasən, vaksinin ümumi dəyərinin bir hissəsi, yəni 3 milyon 235 min 840 dolları avans məbləği şəklində indi ödənilməlidir. Vaksinin tam təhlükəsizliyi ilə bağlı sınaqlar başa çatdıqdan sonra alacağımız vaksinin məbləğinin digər hissəsi ödənilməlidir. Hökumətin qərarına əsasən, bu sazişin icrasından irəli gələn məsələlərin, yəni COVAX platforması çərçivəsində ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərcləri Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcək.

Mart ayında COVID-19 xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Həmin vaxt xalqımızın milli həmrəyliyi və dəstəyi ilə fonda milyonlarla manat vəsait toplandı. Dövlət başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqlarını fonda ianə etdilər.

Fondun vəsaitinin sərəncamçısı Nazirlər Kabinetidir. Baş Nazirin apreldə imzaladığı qərarla fondda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Nazirlər Kabineti yanında İctimai Nəzarət Şurası yaradılıb. Fondun fəaliyyətində tam şəffaflığın təmin edilməsi çərçivəsində bütün ianələr və onları edən fiziki və hüquqi şəxslər barədə fondun rəsmi internet səhifəsində məlumat yerləşdirilir.

Azərbaycan dövləti koronavirus infeksiyasına qarşı mübarizəni ardıcıl davam etdirir və əhalinin sağlamlığının qorunması üçün bütün mümkün üsullardan istifadə edir, bu məsələdə maksimum şəffaflıq və ictimai nəzarət təmin olunur. Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti də son qəpiyinə qədər xalqımızın sağlamlığına, COVID-19 pandemiyasından xilas olmasına xərclənəcək.

Qabaqlayıcı və qadağanedici tədbirlər, eləcə də insanların karantin qaydalarına əməl etməsi, məsuliyyətli davranması sayəsində hazırda respublikamızda epidemioloji vəziyyət tam nəzarət altındadır, virusa kütləvi yoluxmanın qarşısı alınıb, gündəlik statistika sayı sabitləşib. Lakin bu, heç də koronavirusun təsir gücünün azalması kimi qəbul edilməməlidir. Nəzərə alsaq ki, məktəblərin, iş yerlərinin açılması, nəqliyyat vasitələrinin tam gücü ilə fəaliyyət göstərməsi insanlar arasında təmasların artması deməkdir. Təmasların sayı artdıqca isə yoluxmaların da çoxalması labüd haldır. Belə olan halda qarşımızda duran əsas vəzifə karantin qaydalarına daha ciddi riayət etməkdir. Unutmayaq ki, hazırda həyatımız məhz bu sadə qaydalardan asılıdır.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video