27 Sentyabr 2020 00:39
1908
SİYASƏT
A- A+

Bizi güclü edən milli-mənəvi dəyərlərimizdir


İlham ƏLİYEV: "Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq”


Respublika gənclərinin istər istehsalatda, istərsə idman və mədəniyyət sahələrindəki uğurları son illər dinamik şəkildə artmaqdadır. Bundan başqa, onların hərbi-vətənpərvərlik, mənəvi-ideoloji tərbiyəsinə, sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Cəmiyyətdə əhəmiyyətli çoxluğa malik təbəqə kimi gənclərin ehtiyaclarının ödənilməsi məsələsi isə hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirməsinin bəhrəsidir. Ümummilli Liderin təşəbbüsü ilə hələ sovetlər birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşmasına başlanmışdır.

Bugünkü gəncliyin potensialının üzə çıxarılması və onlardan maksimum istifadə isə dövlət gənclər siyasətinin əsasını təşkil edir. Məhz bunun nəticəsidir ki, onlar Azərbaycanı istər ölkə daxilində, istərsə də beynəlxalq miqyaslı tədbirlərdə uğurla təmsil edirlər.

Azərbaycan əhalisinin əksəriyyətinin gənclərdən ibarət olması ölkəmizin davamlı inkişafının təminatıdır. Demək, gəncliyin əsas yolu və vəzifəsi, ilk növbədə, dövlət başçısının ətrafında daha sıx birləşərək, azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət etməkdir.

Gənclər üçün əsas istiqamət, əlbəttə, təhsildir. Məhz bu prizmadan yanaşaraq dövlət başçısı hesab edir ki, təhsilə çox böyük diqqət yetirilməlidir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə çalışmalıdırlar ki, öz karyeralarını qursunlar. Onlar milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Məhz bu yanaşmanın nəticəsidir ki, Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsinə çevrilib. Azərbaycan Prezidenti gənclərlə, xüsusilə də elm və təhsil müəssisələrində keçirdiyi görüşlərdə vurğulayır ki, ölkədə tərbiyə işi yeni müstəviyə qalxmalı, ideoloji işə yenidən baxılmalıdır. Azərbaycanı istəməyən qüvvələr, o cümlədən erməni lobbi təşkilatları tərəfindən maliyyələşən qurumlar bundan istifadə edirlər: "Gənclər özləri də tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən "ağsaqqal”, "ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik...”

Dövlət başçısının gənclərlə bağlı fikir və arzularını dilə gətirməsi, bu istiqamətdə yürüdülən siyasətin vacibliyi göz önündədir. Azərbaycan Prezidenti haqlı olaraq gənclərimizi bilikli, savadlı görmək istəyir, çünki onların təminatlı gələcəyini müəyyən edən budur - vətənpərvərlik!

Məhz bu amildən yanaşaraq, Prezident ölkəmizin gələcəyi hesab edilən gənclərdə vətənpərvərlik hissinin daha güclü olmasını istəyir: "Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”.

Azərbaycan Prezidentinin regionlara növbəti səfərində də bu vacib məsələ diqqətdə saxlanılır. "ASAN xidmət”lər vasitəsilə gəncliyin potensialından istifadənin əhəmiyyəti dilə gətirilir. Çünki bu sahədə çalışanların mütləq əksəriyyəti gənclər, yeni nəslin nümayəndələridir. Burada onlar yeni baxış, təfəkkür, mədəniyyət nümunəsi göstərirlər.

Azərbaycanda könüllülər hərəkatı da, bildiyimiz kimi, "ASAN xidmət”dən başlayıb. Bu gün bir çox sahələri əhatə edən bu xidmət növü də gənclərimizin nəyə qadir olduğunu ortaya qoyur. Azərbaycan Prezidentinin tövsiyə və göstərişləri əsasında dövlət qurumlarında gənclərdən ibarət könüllülər dəstələri və qruplarının yaradılma prosesləri arxada qalıb. Artıq bəzi nazirliklərdə bu qruplar çoxdan fəaliyyətə başlayıb. Respublikamızda son illər bir-birinin ardınca keçirilən bütün beynəlxalq tədbirlərdə, o cümlədən Birinci Avropa və İslam oyunlarında gənc könüllülər çox böyük xidmət göstəriblər. Minlərlə gənc bu təlimlərdən keçiblər.

Gənclər gələcəkdə elə çalışmalı və fəaliyyət göstərməlidirlər ki, onlara göstərilən etimadı doğrultsunlar, bunun da müqabilində ölkədə inkişaf dayanıqlı, dövlət müstəqilliyimiz əbədi olsun.

Bizi bir xalq, bir millət kimi əsrlər boyu assimilyasiyadan qoruyan milli dəyərlərimizdir. Odur ki, ana dilimizi, ədəbiyyatımızı, incəsənətimizi və milli şüurumuzu heç vaxt itirə bilmərik. Ölkə rəhbəri deyir: "Nə qədər ki, mən Prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun, o cümlədən gənclər arasında. Bizim hamımızın birinci vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək, Azərbaycan dövlətinin qüdrətini artırmaq və öz milli xüsusiyyətlərimizi qorumaqdır”.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video