27 Sentyabr 2020 00:24
5194
Mədəniyyət
A- A+

“Ağa Məhəmməd şah Qacar”


Ə.Haqverdiyev 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilir və Peterburqda qalır. "Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışmağa başlayır. 1907-ci ildə yazıçı həmin faciəyə aid əlavə məlumat toplamaq üçün İrana səyahət edir. Faciə yazılır və ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qoyulur. Ondan sonra da pyes böyük müvəffəqiyyətlə uzun zaman səhnədə oynanılır. "Ağa Məhəmməd şah Qacar” ədəbiyyat tariximizdə Nəriman Nərimanovun "Nadir şah”ından (1898) sonra ikinci tarixi faciə idi. N.Nərimanov da, Ə.Haqverdiyev də yaradıcılıqlarında realist M.F.Axundzadə ədəbi məktəbinin görkəmli davamçıları idilər.

Ə.Haqverdiyev tarixi həqiqətlərə sadiq qalaraq, faciədə İranın qəddar şahı olan Ağa Məhəmməd şah Qacarın istilaçı siyasətini, Tiflis və Qarabağa hücumunu təsvir etmişdir. 1907-ci ildə və ondan sonra uzun zaman böyük müvəffəqiyyətlə səhnədə nümayiş etdirilən faciənin müasir ruhunu gücləndirən əsas səbəblərdən biri də Qacar simasında işğalçı müharibənin ifşası idi. Pyesin tamaşaya qoyulduğu illər İranda inqilabın yüksəldiyi, irticanın quduzlaşdığı dövr idi. Pyesdə müəllif tək bir müstəbidi ifşa etməklə kifayətlənməmiş, ümumiyyətlə, Şərqin özbaşınalığa və zorakılığa əsaslanan idarə üsulunu və onun törətdiyi vəhşilikləri tənqid etmişdir.

Bütün yaradıcılığı boyu realist olan Haqverdiyev qəhrəmanın faciəsini bəhs etdiyi dövrün ictimai münasibətləri və tarixi şəraiti ilə əlaqələndirərək, Qacarın fəaliyyətini və ölümünü tarixi bir zərurət kimi şərh etmişdir. Ağa Məhəmməd şahın Nadirin qardaşı oğlu Ədil şah tərəfindən əsir edilərək aparılması, hələ kiçik ikən atasının onun gözləri qarşısında öldürülməsi, İranı vahid dövlət şəklində birləşdirmək siyasəti yolunda rastlaşdığı çətinliklər, doğma qardaşı Cəfərqulu xanı öldürüb, bir insan kimi vicdan əzabı çəkməsi və nəhayət, əhalinin nifrəti Qacarı faciəvi qəhrəman vəziyyətinə salan əsas şərtlərdəndir. O həm İranın acınacaqlı halına yanan ağıllı bir şah, həm də qaniçən, zülmü ərşə yüksələn bir zalımdır. Ağa Məhəmməd şah hələ düşmən əlində əsir olarkən vaxtının çoxunu mütaliəyə sərf edib, dövlət işləri ilə maraqlanır, İranın gələcəyi haqqında düşünür. İranı "yaralı bədən”, özünü də "həkim” sayır. Hakimiyyəti ələ aldıqdan sonra bütün biliyindən bacarıqla istifadə edir. Ağa Məhəmməd şah elə bir hakimiyyət yaratmaq istəyir ki, əhalinin məhəbbətini qazansın.

O, bu işdə keçmiş İran şahlarının iş təcrübəsindən istifadə edir, onların buraxdığı səhvləri təkrar etməməyə çalışır. Qacar həm də bacarıqlı sərkərdə, dövlət işlərini yaxşı bilən bir diplomatdır. O, İranda hakimiyyət sürmüş bütün padşahların, cəsur sərkərdələrin müsbət və mənfi cəhətlərini öyrənmiş, keçmiş müharibələrdən dərs almışdır. Buna görə də qüvvətli düşmən qarşısında özünü itirmir, dərhal tədbirə əl atır.

Əsərdə Tiflis və Şuşa əhalisinin istilaya və istilaçılara qarşı fəal mübarizəsinə və möhkəmliyinə, xalqın birlik əzminə məhəbbət vardır. Faciədə İran tarixinin on səkkiz illik (1779-1797) keşməkeşli bir dövrü əhatə olunmuş və pyes gərgin dramatik ziddiyyətlər üzərində qurulmuşdur. Oxucu bir-birini təqib edən mübarizələr, toqquşmalar və çarpışmalarda qüvvətli insan xarakterləri ilə tanış olur. Ədib Qacarla əlaqədar olan münaqişələri böyük bacarıqla müxtəlif yerlərdə (Mazandaran, Tiflis, Xorasan, Şuşa) inkişaf etdirir və hadisələri məharətlə bir-birinə bağlayır.

Müəllifin başqa dram əsərlərindən fərqli olaraq, "Ağa Məhəmməd şah Qacar” pyesi nisbətən təmtəraqlı dildə yazılmışdır. Pyesdə ədib bədii dil üçün çox zəruri olan məcazlardan, hikmətli sözlərdən, idiomatik ifadələrdən, xalq məsəllərindən yerli-yerində istifadə etmişdir, Qacarın dili xüsusilə zəngindir.

Milliyyətcə azərbaycanlı olan, İranda şahlıqları yüz otuz il davam edən qacarilər sülaləsinin banisi Məhəmməd Qacar obrazını ədəbiyyatımıza ilk dəfə Əbdürrəhim bəy gətirib. O, "Ağa Məhəmməd şah Qacar” faciəsində təkcə əsərin qəhrəmanının deyil, eyni zamanda tarixi şəxsiyyətlər olmuş Cəfərqulu xanın, Əliqulu xanın, Mürtəzaqulu xanın, Mustafa xanın, Rzaqulu xanın, Əli xanın, vəzir Hacı İbrahim xanın, II İraklinin, Tavad Keyxosrov Avelianinin zəngin bədii səciyyəli xarakterlərini təsvir etmişdir. Faciənin ən dolğun obrazları Qacar və İraklidir. Dramaturq həmin surətlərin təsvirində faciə janrının psixoloji-fəlsəfi, psixoloji-dramatik xüsusiyyətlərindən yüksək sənətkarlıqla bəhrələnə bilmişdir. Belə bədii təsvirdə tirançılıq ideyaları, vətən və vətənpərvərlik anlayışları, zəka və güc, vicdan və əxlaq təsəvvürlərinin dramaturji təqdimi daha bədii möhtəşəmliklə təcəssümünü tapıb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video