26 Sentyabr 2020 14:40
474
SİYASƏT
A- A+

Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək!


Bu il sentyabrın 21-23-də Milli Məclisin (Azərbaycan Respublikası parlamentinin) Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Moskvada rəsmi səfərdə olub. Bu, Sahibə Qafarovanın Rusiya Federasiyasına spiker qismində ilk rəsmi səfəri idi. Nümayəndə heyətinin tərkibinə həm siyasi partiyaları parlamentdə təmsil edən, həm də müstəqil deputatlar daxil idi.

Biz səfərə əvvəlcə Azərbaycanın Moskvadakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə çiçəklərin qoyulması ilə başladıq. Səfərin qısa – cəmi 3 gün olmasına baxmayaraq, dolğunluğuna və əhəmiyyətinə görə onu çox yüksək dəyərləndirmək olar. S.Qafarova əvvəlcə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdü. Münasibətlərimizin inkişafı üçün çox mühüm və əhəmiyyətli olan bu görüşdə praktiki olaraq, əməkdaşlığın bütün nüansları və aspektləri müzakirə olundu. Məhz bu görüşdə parlamentimizin spikeri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının payız sessiyasının açılışında çıxış etmək təklifi aldı.

Bu barədə AZƏRTAC-a müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

S.Seyidov qeyd edib ki, həmin gün S.Qafarova başda olmaqla Azərbaycan parlament nümayəndə heyəti Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla görüşüb. Parlamentin spikeri strateji tərəfdaşlığın yüksək səviyyəsini, həmçinin ikitərəfli münasibətlərə dinamiklik verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında müntəzəm əlaqələri vurğuladı.

S.Lavrov Azərbaycan nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin tarixi, Madrid prinsiplərinin yaranması üzərində iş, bu prinsiplərin mahiyyəti barədə ətraflı məlumat verdi. O, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya tərəfinin mövqeyini bir daha izah edərək bildirdi ki, bu mövqe münaqişəni danışıqlar yolu ilə, dinc vasitələrlə və daha əvvəl əldə olunmuş razılaşmalar əsasında həll etmək, qarşılıqlı məqbul nizamlanma üsullarının axtarışına yardımçılığı davam etdirmək istəyində ifadə olunur. Bununla bağlı S.Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə tərəflər arasında danışıqlar prosesinin tezliklə bərpasının vacibliyini qeyd etdi. Deputatlar və nazirlər arasında ətraflı fikir mübadiləsi aparıldı.

Sentyabrın 23-də Milli Məclis Sədrinin Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə görüşü olub. Görüşdə Dövlət Duması sədrinin müavini Aleksey Qordeyev iştirak edib. V.Volodin Azərbaycana rəsmi səfər etmək barədə S.Qafarovanın dəvətini qəbul edib. Görüşdə qəbul edilən kommünikedə V.Volodinin Bakıya qarşıdakı səfəri çərçivəsində yüksək səviyyəli müvafiq komissiyanın yaradılması barədə sazişin imzalanması niyyəti göstərilib.

Dumada, həmçinin bizi Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov qəbul etdi. Konstruktiv və dostluq şəraitində keçən görüşdə ikitərəfli münasibətlərin inkişafında hər iki parlamentin rolu qeyd edildi, həmçinin Ermənistan-Azərbaycan silahlı münaqişəsi müzakirə olundu.

Rusiya Federal Məclisinin Federasiya Şurasına qayıdaq. Məhz burada sentyabrın 23-də Azərbaycan parlamentinin spikeri Azərbaycan-Rusiya münasibətləri tarixində ilk dəfə olaraq Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının ali kürsüsünə qalxaraq geniş nitqlə çıxış etdi. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin növbəti uğuruna dəlalət edən əlamətdar hadisə idi.

Mən, eləcə də nümayəndə heyətimizin zalda oturan bütün üzvləri S.Qafarovanın açıq şəkildə, birbaşa və şərəflə təmsil etdiyi ölkəmiz üçün qürur hissləri keçirdik. Əlbəttə, S.Qafarovanın çıxışı xüsusi təhlil tələb edir. Biz bunun təhlilini irəlidə edəcəyik. Lakin buna qədər bir daha birmənalı olaraq vurğulamaq lazımdır ki, bu çıxışın özü cənab Prezidentin Rusiyaya münasibətdə yürütdüyü siyasətin yüksək effektliliyinin göstəricisidir. Prezident İlham Əliyevin gündəlik fəaliyyətində nümayiş etdirdiyi diplomatik məharət səviyyəsi Azərbaycan və Rusiya arasında münasibətləri milli maraqlara uyğun bərabər qarşılıqlı ehtiram əsasında qurmağa imkan verib. Spiker Sahibə Qafarovanın əlbəttə layiq olduğu fəxri qarovullar, dəvətlər və çiçəklər, ilk növbədə, Heydər Əliyev dühasına əsaslanan və Prezident İlham Əliyevin gerçəkləşdirdiyi müstəqil, məğrur, layiqli, səmimi, məsuliyyətli və əhəmiyyətli Azərbaycana minnətdarlığın və hörmətin əlamətləri idi. Elə bir görüş, müzakirə və ya fikir mübadiləsi olmadı ki, orada bu şəxsiyyətlərə ehtiram ifadə olunmasın.

Beləliklə, Federasiya Şurası, Federal Məclisin payız sessiyasının açılışı. Sədr V.Matviyenko sessiyanın açılışını Sahibə Qafarovanın zalda tam tərkibdə əyləşən rusiyalı senatorlara təqdim etməklə başladı. V.Matviyenko S.Qafarovanın elmləri doktoru, professor kimi bütün əsas rütbələrini və reqaliyalarını, onun AŞPA-dakı uğurlarını sadalayandan sonra çıxış üçün Azərbaycan Milli Məclisinin spikerinə söz verdi. Zərif lakin güclü, cəsarətli və məqsədyönlü, olduqca savadlı və əsl vətənpərvər qadın olan S.Qafarova çıxışının əvvəlində bu gün Rusiya və Azərbaycan arasında mövcud olan yüksək etimada əsaslanan münasibətlərin və strateji tərəfdaşlığın formalaşmasına ümummilli lider Heydər Əliyevin, prezidentlər İlham Əliyev və Vladimir Putinin verdikləri töhfələri vurğuladı.

Ölkələrimiz arasındakı iqtisadi, ticarət, mədəni və tarixi əlaqələr S.Qafarovanın çıxışında növbəti qlobal mövzu oldu. Dərin köklərə malik olan bu ənənəvi əlaqələr ölkələrimiz üçün çox əhəmiyyətlidir. Ortaq tarix, rus dili, Azərbaycanın rus icması, Rusiyadakı azərbaycanlılar və bir çox başqa amillər bizi bir-birimizə möhkəm bağlayan vasitələrdir və biz onları qorumalıyıq. Lakin çox vaxt bu bağlılığı da, Qarabağ tarixini də təhrif etməyə və ya nüfuzdan salmağa çalışırlar. Məhz bu səbəbdən ortaq tarixdən danışarkən S.Qafarova tarixi reallıqlara müraciət etdi. Sahibə Qafarovanın çıxışında qeyd olunan 1805-ci ildə Kürəkçay, 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanması, 1921-ci ildə Qafqaz bürosunun qərarı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması faktları Ermənistanın Rusiyada tez-tez təqdim etdiyi bütün uydurma və yalan məlumatları əyani şəkildə nümayiş etdirdi.

Qarabağ tarixindən Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə keçid isə işğal olunmuş ərazilərdə vəziyyətin bütün faciəliliyini daha əyani şəkildə göstərdi. Etnik təmizləmələr, işğal, abidələrin dağıdılması, işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsi, qeyri-qanuni köçürülmələr və məskunlaşmalar – Ermənistanın bütün bu cinayətləri Rusiyanın nümayəndəli hakimiyyət orqanlarının yüksək səviyyələrindən birində ilk dəfə olaraq belə açıq və sübutlu şəkildə sadalandı. Beləliklə göstərildi ki, belə əməlləri yalnız faşizm ideologiyası, Njdeyə pərəstiş edənlər törədə bilər.

S.Qafarovanın çıxışında çox rəmzi məqamlardan biri onun bilavasitə çıxışı zamanı nümayəndə heyətimizin üzvü Tural Gəncəliyevə müraciət etməsi oldu. Deputat Gəncəliyev bizimlə təkcə nümayəndə heyətinin üzvü kimi deyil, həm də Dağlıq Qarabağ icmasının rəhbəri kimi gəlmişdi. Onun burada iştirakı xalqımızın işğal olunmuş əraziləri qaytarmaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək əzminin dönməzliyi ideyasının rəmzi idi.

Bu gözəl çıxışda Prezident İlham Əliyev siyasətinin prinsiplərinə, ideyalarına və məntiqinə uyğun olaraq hər bənddə konkret faktlara əsaslanaraq Azərbaycanın mövqeyinin ədalətli olması təkzibolunmaz şəkildə sübut edildi. Yalnız sonda nida işarəsi qoymaq qalırdı ki, S.Qafarova bunu da peşəkarcasına etdi. O, Ermənistanın işğalçı siyasətini pisləyərək, quldur dəstələri tərəfindən törədilən cinayət faktlarını açıqlayaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatların mahiyyətini ifşa edərək və ən əsası, Azərbaycanı Rusiyaya dost ölkə, lakin güclü və müstəqil dövlət kimi təqdim edərək, hamının eşidəcəyi səslə bəyan etdi ki, Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək!

Bu, spiker S.Qafarova başda olmaqla parlament nümayəndə heyətinin Rusiyaya ilk rəsmi səfəri idi, lakin o, Prezident tərəfindən Vətənimizin milli maraqlarının, suverenliyinin müdafiəsi, onun beynəlxalq nüfuzunun və müstəqilliyinin möhkəmlənməsi siyasətinə məxsusi töhfə vermiş səfər kimi ölkələrimizin münasibətləri tarixində həmişəlik qalacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video