26 Sentyabr 2020 10:39
470
SİYASƏT
A- A+

“TRT World” kanalında Ermənistan-Azərbaycan münaqişəsinə dair film yayımlanıb


Nüfuzlu "TRT World” telekanalında Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən növbəti sənədli film yayımlanıb.

AZƏRTAC xəbər verir ki, "Dağlar oğlu” adlı filmdə münaqişənin insanların taleyinə vurduğu ağır zərbələrdən bəhs olunur. Ekran əsərində "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədovun keşməkeşli həyatı fonunda azərbaycanlı məcburi köçkünlərin üzləşdikləri məhrumiyyətlərdən, əzablardan danışılır.

O, doğulduğu Laçın rayonunun zəngin təbii sərvətlərindən və əsrarəngiz gözəlliyindən bəhs edərək, doğma yurdda sülh şəraitində yaşadığı günlərlə bağlı xatirələrini bölüşür: "Sovet İttifaqı dağılmaq ərəfəsində olarkən Ermənistan yaranmış fürsətdən istifadə edərək Azərbaycan ərazisinin bir hissəsini, xüsusilə də Dağlıq Qarabağ kimi tanınan torpaqlarını öz ərazisinə ilhaq etmək istəyirdi. Həmin dövrdə erməni silahlı dəstələri Azərbaycanın dinc əhalisinə qarşı kütləvi qırğınlar törədir, onları qətlə yetirirdi. Biz də düşünürdük ki, hamımız bu dəhşətli hadisələrin qurbanı ola bilərik. Xocalı faciəsindən bir neçə ay sonra ermənilər bizim Laçın rayonuna, o cümlədən yaşadığımız kəndə hücum edərək, dinc və günahsız insanları vəhşicəsinə öldürməyə başladılar. Həmin vaxt mənim də valideynlərim girov götürüldü, qohumlarımın bir çoxu öldürüldü. Sağ qalanlar isə öz həyatlarını xilas etmək üçün evlərini tərk edərək kənddən çıxdı. Hamımız ölümlə üz-üzə idik. Xoşbəxtlikdən mən və ailəm sağ qaldıq. Laçını tərk etdikdən sonra Ağcabədi rayonuna yollandıq. Laçın rayonundan olan bütün məcburi köçkünlər müvəqqəti olaraq Ağcabədi rayonu ərazisində yerləşmişdilər və ümid edirdilər ki, bir müddətdən sonra doğma yurda və evlərinə geri dönəcəklər. Biz də on il ərzində burada yaşayası olduq və ümid edirdik ki, nə vaxtsa öz yurdumuza qayıdacağıq”.

Məcburi köçkünlərin yayı isti, qışı isə çox soyuq olan bir ərazidə məskunlaşdıqlarını xatırladan Gülməmməd Məmmədov qeyd edib ki, burada nə məktəb, nə xəstəxana, nə də infrastruktur var idi. Onlar bir müddət çox acınacaqlı şəraitdə yaşamağa məcbur oldular. İndi həmin günləri xatırlamaq onlar üçün çox ağırdır.

O, daha sonra deyib: "O vaxt Təhsil Nazirliyinin humanitar proqramı çərçivəsində bizə dərsliklər verildiyini xatırlayıram. Məskunlaşdığımız ərazidə məktəb olmadığı üçün atam bizə "özünüz oxuyun və savadlanın” deyirdi. O, bizə bu çətinliklərdən xilas olmağın yolunun və parlaq gələcəyin yalnız təhsildən keçdiyini bildirirdi. Beləliklə biz, məktəbə getmədən dərslikləri oxuyurduq. Atam mənə, ilk növbədə, riyaziyyat və coğrafiyanı öyrənməyi məsləhət gördü.

Universitetə hazırlaşarkən məktəbə getməyən bir uşağın sadəcə dərs kitablarını oxumaqla buna nail ola biləcəyinə çoxları inanmırdı. Lakin mən ölkənin ən qabaqcıl təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul oldum və bu barədə xəbər demək olar ki, bütün ölkədə yayıldı. Yaxşı xatırlayıram, bundan xəbər tutan minlərlə məcburi köçkün məni bir nümunə hesab edir və onlar da təhsil almağa can atırdılar.

Ağcabədidən Bakıya köçəndə 17 yaşım var idi və Bakı Dövlət Universitetinə qəbul olmuşdum. Universitetdə təhsil almaq üçün Bakıda ev kirayə tutmalı idik və buna imkanımız yox idi. Beləliklə qardaşımla mən, zibilliyə atılmış materialları yığaraq balaca bir otaq tikdik. Bir masam var idi və bu da oxumağa kifayət edirdi. Çünki oxumaq həvəsim o qədər güclü idi ki, bu çətinliklər gözümə görsənmirdi. Universiteti əla qiymətlərlə bitirdim. Bütün ailə üzvlərimiz - bacılarım, qardaşlarım qazandıqları və yığdıqları pulu mənə göndərirdilər ki, təhsilimi başa vurum”.

Universiteti bitirdikdən sonra qarşısına beynəlxalq təhsilə yiyələnmək məqsədi qoyduğunu bildirən Gülməmməd Məmmədov deyib ki, İtaliyanın Triest şəhərində yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinə müraciət etdi və orada yüksək enerjilər fizikası üzrə birillik təhsil almaq şansı qazandı. Ancaq bununla da kifayətlənmədi: "Təhsilimi davam etdirib fəlsəfə doktoru elmi dərəcəsi qazanmaq istəyirdim. Elmi rəhbərlərim və müəllimlərim mənə ABŞ universitetlərinə müraciət etməyi tövsiyə etdilər. Beləliklə, ABŞ-ın Nyu-York şəhərindəki Serakuz Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almaq imkanı qazandım və təhsilimin bu pilləsini də uğurla tamamladım.

ABŞ-da təhsil aldığım müddətdə qaçqın düşərgəsində qalan minlərlə uşaq üçün bir nümunə olduğumu heç vaxt unutmadım. Bilirdim ki, necə olursa-olsun, uğur qazanmalıyam və məqsədimə çatmalıyam. Son nəticədə yüksəkixtisaslı mütəxəssis və müəllim kimi Vətənimə qayıdıb, xalqıma xidmət etməliyəm”.

Gülməmməd Məmmədov deyib ki, onun bu qədər ağrı-acı yaşamasının günahkarı Ermənistan dövlətidir. "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bu torpaqlarda etnik təmizləmə siyasəti yürütməsi nəticəsində mən demək olar ki, uşaqlığımın böyük bir hissəsini itirmişəm. Ancaq mən ermənilərə qarşı nifrət hissi duymuram. Bu hadisələrin baiskarı Ermənistanın yürütdüyü milli ideologiya, onların dövlət siyasəti, öz qonşusuna qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətidir ki, bunun da ağrı-acısını mənim kimi yüz minlərlə vətəndaşımız yaşayıb və yaşayır. Biz 30 ilə yaxındır ki, doğma yurd həsrəti ilə yaşayırıq, 30 ildir ki, öz doğmalarımızın qəbirlərini ziyarət edə bilmirik. Əlbəttə, bu, bizim üçün çox ağrılı-acılıdır. Biz Ermənistandan yalnız torpaqlarımızı geri qaytarmalarını istəyirik. Ata-baba yurdumuza qayıtmaq, orada öz həyatımızı qurmaq istəyirik. Mən öz uşaqlığımın keçdiyi evə - öz yurduma qayıtmaq istəyirəm. Bu müharibə ucbatından mənim nə normal uşaqlığım olub, nə normal məktəbə getmək şansım, nə də xoşbəxt uşaqlıq illərim. Uşaq ikən məcburi köçkün düşərgəsində üzləşdiyimiz həmin çətin günləri bu gün də xatırlayıram və öz övladımın eyni tale yaşamasını istəmirəm. Əksinə, onun sülh şəraitində böyüməsini istəyirəm və bunun üçün əlimdən gələni əsirgəməyəcəm.

Ayrı-ayrı ölkələrin insanları arasında müxtəlif fərqliliklərlə yanaşı, oxşarlıqlar da mövcuddur. Ancaq biz bu fərqliliklərdən deyil, oşxarlıqlardan yararlanmağa daha çox diqqət yetirməliyik. Bizi birləşdirən oxşar cəhətləri təşviq etməliyik. Fizika sahəsində mütəxəssis olaraq bəzən yaşadığımız planet haqda düşünərkən ona kənardan – kosmosdan baxanda bizim kiçik evimiz olan, münaqişə və müharibələrin baş verdiyi Yer planeti çox mənasız görünür. Fikrimcə, biz bu düşüncə ilə, yəni fizika mütəxəssisinin düşüncəsi ilə bütün planetə öz evimiz kimi baxaraq daha yaxşı dünya, daha yaxşı gələcək qura bilərik”, - deyə, professor söhbətini tamamlayıb.

Qeyd edək ki, ingilisdilli auditoriya üçün nəzərdə tutulan "Dağlar oğlu” sənədli filminin çəkilişləri Bakı ilə yanaşı, Ağcabədi və Daşkəsən rayonlarında məcburi köçkünlərin yaşadıqları ərazilərdə aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video