25 Sentyabr 2020 01:46
365
SİYASƏT
A- A+

Səmərəli mübarizənin real nəticələri


Azərbaycan bu sahədə öncül ölkələr sırasındadır


Dünya yeni növ koronavirusla mübarizədə növbəti bir mövsümə - payız fəslinə qədəm qoydu. Ötən ilin sonunda Çinin Uhan şəhərindən başlayaraq planetin 213 ölkəsinə yayılan COVID-19 infeksiyasının qarşısını almaq üçün doqquz aydır həyata keçirilən müxtəlif tədbirlərə rəğmən hələ də virusu tam lokallaşdırmaq mümkün olmadığından kütləvi yoluxma halları davam etməkdədir.

Təəssüf ki, koronavirus pandemiyasının payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar da öz təsdiqini tapmağa başlayıb. Yay mövsümündə yoluxma hallarının azaldığı ölkələrdə sentyabrda yenidən yoluxma sayında çoxalma qeydə alınır. Cənubi Qafqaz regionunda ən az yoluxma faktı Gürcüstanda müşahidə edilirdi. İlkin dövrdə, bu ölkədə ən çox yoluxmanın qeydə alındığı aprel ayında koronavirusa 34 nəfər tutulmuşdu. Lakin sentyabrın əvvəllərindən yoluxma halında rekord göstəricilər oldu. Ölkədə bununla əlaqədar xüsusi tədbirlər görülməyə başlandı və bəzi məhdudiyyətlər tətbiq edildi. Qardaş Türkiyədə də yoluxma sayı kəskin şəkildə artmaqda davam edir. Digər qonşu ölkə Rusiya isə yoluxma sayına görə dünyada 4-cü yerdədir.

Belə bir şəraitdə bəşəriyyət gözünü insanlığın xilası olacaq peyvəndə dikib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərinin qənaətincə, insanları kütləvi şəkildə koronavirus infeksiyasından qorumaq məqsədilə immunitetin formalaşması üçün planetin 65-70 faiz əhalisi peyvənd olunmalıdır.

ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə brifinqdə hazırda COVID-19-a qarşı 200 vaksinin kliniki və klinikəqədər sınaqlar mərhələsində olduğunu deyib. Lakin hələ ki, onlardan hər hansı birinin işə yarayacağına heç bir zəmanət yoxdur.

Bununla belə, ÜST başçısı bildirib ki, 2021-ci ilin sonunadək 2 milyard doza effektli və təhlükəsiz vaksinə sahib olmaqdan ötrü əlimizdən gələni etməliyik.

Gebreyesus vaksinin işlənib hazırlanması üçün ÜST-ün himayədarlığı ilə yaradılan COVAX Alyansına böyük ümidlər bəslədiyini bildirib. İndiyədək yüksək gəlirə malik 64 ölkə COVAX Alyansına rəsmi olaraq qoşulub. Sənaye cəhətdən inkişaf etmiş daha 38 ölkə müvafiq sənədi ən yaxın günlərdə imzalayacaq. Alyansın tərkibində həmçinin aşağı gəlirə malik 92 ölkə var və onlar maliyyə dəstəyinə ehtiyac duyurlar. Ümumilikdə, bu təşkilat çərçivəsində 156 ölkə vaksinin işlənib hazırlanmasına yardım göstərəcəklərinə vəd verib, yaxud da ümumi ehtiyatdan vaksinin alınması hüququnu qabaqcadan əldə ediblər. Alyansın iştirakçı ölkələrinin payına dünya əhalisinin 64 faizi düşür. "COVAX Alyansının məqsədi hamını ədalətli şəkildə koronavirus əleyhinə vaksinlə təmin etməkdir”, - deyən ÜST rəhbəri bütün ölkələri bu alyansın uğurlarına imkan yaratmağa səsləyib.

Xatırladaq ki, Azərbaycan GAVI Alyansı (Global Alliance for Vaccines) ilə COVID-19 koronavirusuna qarşı vaksinin alınması barədə razılaşma əldə edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da həmin peyvəndlə təmin olunacaq.

Lakin dünyada təhlükəsiz və effektiv peyvənd kütləvi istehsala buraxılmadığından hazırda pandemiya ilə mübarizədə ən əsas məsələ yoluxmanın qarşısını ala biləcək tədbirlərin görülməsidir. Azərbaycan COVID-19-la ən səmərəli mübarizə aparan, effektli tədbirlər həyata keçirən ölkələrdəndir. Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı 6-dan 45-ə çatdırılıb. Modul tipli 11 xəstəxana və 2 hospital istifadədədir. Ölkə üzrə aparılan test sayı isə 1 milyonu ötüb. Həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasıdır.

Ölkənin hər sahədəki potensialı bu infeksiya ilə mübarizəyə yönəlib, effektiv, zəruri addımlar sistemli, planlı şəkildə atılır. Dövlətimiz infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb. Səhiyyə, iqtisadiyyat və sosial təminat sahələri xüsusilə diqqət mərkəzində saxlanılır. İstər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla həll olunur. Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdəndir. Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülür. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyulda, növbəti hissəsi isə bu günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə gətirilib. Sentyabrın 22-də dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olublar. Yeni avtomobillər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.

Respublikada koronavirus infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən ardıcıl tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib. Hazırda Azərbaycan koronavirusa yoluxanların və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələrdəndir. Belə bir vəziyyətdə əsas məsələ əldə olunmuş müsbət nəticəni qoruyub saxlamaqdır. Virusa yoluxmamaq üçün immun sistemini gücləndirmək, maska taxmaq, yaxın təmasdan çəkinmək, kütləvi toplanma olan ərazilərdən uzaq durmaq, vaxtaşırı antiseptik məhlullarla dezinfeksiya olunmaq lazımdır. Virusa yoluxub sağalanlar da mütləq maska taxmalıdırlar, çünki bir dəfə infeksiyaya yoluxmaq onları xəstəliyə təkrar tutulmaqdan qətiyyən qorumur. COVID-19 əleyhinə dərman və ya peyvənd tapılana qədər hamı bu qaydalara ciddi şəkildə riayət etmək məcburiyyətindədir.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video