24 Sentyabr 2020 13:02
1692
PARLAMENT
A- A+

Milli Məclisin Müdafiə, təhlükəsizlik korrupsiya komitəsinin iclası keçirilib

Sentyabrın 24-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyafət Əsgərov payız sessiyasının başlanması münasibətilə deputat həmkarlarını təbrik edərək, onlara qanun yaradıcılığında və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Komitə sədri gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə hesabatı təqdim edən Ziyafət Əsgərov bildirib ki, hesabat dövründə 8 iclas keçirilib, 10 qanun layihəsinə baxılıb. Milli Məclisin müzakirəsinə tövsiyə edilən həmin qanun layihələri parlamentdə qəbul olunub.

Qanunvericilik fəaliyyəti ilə yanaşı, komitə üzvləri seçicilərlə müntəzəm əlaqə saxlayıb, müxtəlif problemlərin həllində onlara yardımçı olublar. Ölkənin ictimai-siyasi həyatında böyük fəallıq göstərən deputatlar komitənin profilinə uyğun olaraq, vaxtaşırı hərbi hissələrə baş çəkib, Vətənin keşiyində duran əsgər və zabitlərlə görüşüblər.

Hesabat dövründə komitəyə 26 ərizə və şikayət daxil olub, aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müxtəlif ünvanlara 17 məktub göndərilib. Ərizə və şikayətlərin çox hissəsini cinayət işlərinin araşdırılması, iş və mənzillə təmin edilmə kimi müraciətlər təşkil edib. Məktubların bir qismi isə hərbi qulluq və hərbi xidmət keçmə barədə müraciət və təkliflərdən ibarət olub.

Məlumat dinlənildikdən sonra iclasda geniş müzakirə aparılıb. Fikir mübadiləsində komitə sədrinin müavini Hikmət Məmmədov, deputatlar Aqil Abbas, Erkin Qədirli, Arzu Nağıyev, Aydın Mirzəzadə, Elşad Mirbəşir oğlu, Elman Məmmədov, Nurlan Həsənov, Bəxtiyar Sadıqov yaz və növbədənkənar sessiyalar dövründə görülmüş işləri müsbət dəyərləndiriblər. Seçicilərin müraciətlərinə əsasən bir sıra təkliflər irəli sürülüb.

Çıxışlarda bildirilib ki, Milli Məclisin nümayəndələri Ermənistanın törətdiyi təxribatlar zamanı, xüsusilə iyul hadisələri günlərində daim yerlərdə olub, əhali ilə sıx əlaqələr saxlayıb, KİV-lərdə və sosial şəbəkələrdə fəal çıxışlar ediblər. Livan və Suriya ermənilərinin qeyri-qanuni olaraq Dağlıq Qarabağa köçürülməsinin beynəlxalq cinayət olduğunu vurğulayan deputatlar buna qarşı hüquqi müstəvidə mübarizə aparmağın, müxtəlif tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Komitə üzvləri hesabatı məqbul sayıblar. Sonra 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub. Komitə sədri məlumat verib ki, qarşıdakı sessiyada digər qanunvericilik aktları ilə yanaşı, "Daxili qoşunlar haqqında” və "Hərbi qulluqçuların statusu haqqında” qanun layihələrinin də plenar iclasa təqdim olunması nəzərdə tutulub.

İclasda 8 bənddən ibarət iş planı təsdiqlənib.

Komitə üzvlərinin yekdil qərarı ilə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclası yekunlaşdıran Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deputatların təkliflərinə və qaldırılan məsələlərə münasibət bildirib. O, Milli Məclis Sədrinin Rusiyaya səfərindən söz açıb. Rusiya Federal Məclisinin Federasiya Şurasının tribunasından Qarabağın tarixinə dair faktları səsləndirdiyinə, o cümlədən 1805-ci il Kürəkçay müqaviləsini, 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu tərəfindən "Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında” qərar qəbul edildiyini rusiyalı parlamentarların diqqətinə çatdırdığına görə, Milli Məclisin Sədri Sahibə xanım Qafarovaya dərin minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bu faktların Rusiya Federasiya Şurasının tribunasından səslənməsi müstəqillik dövrü parlament tariximizdə ilk hadisədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video