23 Sentyabr 2020 23:47
742
SİYASƏT
A- A+

Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib


Sentyabrın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Baş Nazir Əli Əsədov bildirib ki, pandemiya nəticəsində "qlobal məcmu tələbin azalması, dünya bazarlarında neftin qiymət volatilliyinin yüksəlməsi, həmçinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib və nəticədə ölkəmizdə də iqtisadi fəallığın azalması müşahidə olunub”.

Baş Nazir xərclərin səmərəliliyi və qənaətin vacibliyini vurğulayaraq deyib: "Büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır. Çünki bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. Həmçinin büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir.

Eyni zamanda, prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır.

Növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir. Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin, investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır”.

Baş Nazir daha sonra diqqəti Prezident İlham Əliyevin dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyini artırılması haqda tapşırığına cəlb edib: "Prezident İlham Əliyev avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsini, dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə baxmayaraq, onların fəaliyyətinin səmərəli olmadığını, əksər dövlət şirkətlərinin maliyyə vəziyyətinin ağır olduğunu, borclanma yükünün artdığını və bu sahədə nəzarət funksiyasının kifayət qədər effektiv olmadığını bildirib.

Qeyd olunan problemlərin həlli məqsədilə Prezident İlham Əliyevin 7 avqust tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb və bu qurumun qarşısında çox vacib və ciddi tapşırıqlar qoyulub”.

Qeyd olunub ki, ölkənin hərbi potensialının və ordu quruculuğunun daha da gücləndirilməsi istiqamətində növbəti ilin büdcəsində də ciddi artım nəzərə alınıb və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prioritetliyini saxlayacaq.

Baş Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də Hökumət qarşısında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə icra olunacaq.

İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə nazirinin müavini Azər Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək büdcə layihəsi haqda fikirlərini bildiriblər.

Sonda Nazirlər Kabineti xüsusi Qərarla "Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və "Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin bəyənilməsi və layihələrin və "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda Qərar qəbul edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video