22 Sentyabr 2020 00:28
2355
SİYASƏT
A- A+

İlham Əliyevdən qətiyyət, cəsarət və milli maraqlara sədaqət nümayişi


Azərbaycan Prezidenti Ermənistanın rəhbərliyinə və işğalçının havadarlarına növbəti sərt xəbərdarlığını ünvanladı


Qlobal böhran səbəbindən yaranmış gərginlik, digər tərəfdən qloballaşma və mürəkkəb beynəlxalq münasibətlər şəraiti dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyub. Hər bir dövlətin qarşısında duran strateji vəzifə, prioritet məsələ böhran fonunda dayanıqlı inkişafın təmin olunması və milli maraqların müdafiəsini əks etdirən daxili və xarici siyasətin həyata keçirilməsidir. Bu mənada, Azərbaycan nümunəvi reallıqlar yaradan ölkələr sırasında yer alır.

Prezident İlham Əliyevin yürütdüyü diplomatiyanın uğurlarının əsas səbəbi budur ki, dövlət başçısı qlobal siyasi və iqtisadi proseslərlə bağlı dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün hazırlaya bilir. Müdrik dövlət başçısı kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən proseslərdən xalqın xeyrinə məharətlə istifadə etməyi bacarır. Həmçinin ümummilli məsələlərdə, xüsusən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyət, prinsipial mövqe nümayiş etdirir. Bütün bunlar isə hər zaman xalq tərəfindən dəstəklənir.


Xalqı narahat edən istənilən məsələ Prezidentin gündəliyində birinci olur


Bu günün reallığı göstərir ki, Azərbaycan hazırda iki cəbhədə mübarizə aparmaqdadır. Cənab İlham Əliyev bir tərəfdən qlobal pandemiyaya qarşı mübarizə tədbirləri, digər tərəfdən işğalçı Ermənistanın hərbi-siyasi təxribatlarına layiqli cavabın verilməsi istiqamətində qətiyyətli qərarlar qəbul edir, inamlı, cəsarətli addımlar atır.

Pandemiya ilə uğurlu mübarizənin nəticəsidir ki, bu gün ölkədə həm virusa yoluxma istiqamətində müsbət dinamika müşahidə olunur, həm də xalqın sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı müxtəlif layihələr reallaşdırılır. Prezidentin ölkə iqtisadiyyatının 2,8 faiz azalması fonunda təqdim etdiyi sosial dəstək paketi çərçivəsində həyata keçirilən proqramların 5 milyon insanı əhatə etməsi bunu təsdiqləyir.

Cənab İlham Əliyevin böhran şəraitində həyata keçirdiyi siyasət bununla yekunlaşmır. Bütün dövrlərdə olduğu kimi, Azərbaycanın mənafeyinə təsir edən hər bir məsələni xüsusi nəzarətində saxlayan, bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldıran və onların həllinə nail olan, milli maraqları qətiyyətlə, xüsusi prinsipiallıqla müdafiə edən İlham Əliyev ənənəsinə sadiqlik nümayiş etdirir. Ölkə ictimaiyyəti İlham Əliyevin milli maraqlar naminə ciddi addımlar atdığına və istənilən dövlət başçısı ilə müzakirələrdə Azərbaycan üçün ümdə sayılan məsələləri qaldırdığına daim şahidlik edir. Bu da, əlbəttə ki, hər kəsdə fəxarət hissi yaradır.

Son aylarda Ermənistanın aşkar şəkildə Dağlıq Qarabağda həyata keçirdiyi qeyri-qanuni məskunlaşma tədbirləri, eləcə də həmsədr ölkə tərəfindən işğalçının silahlandırılması Azərbaycan xalqının haqlı narazılığına, ciddi etirazına səbəb olub. Baş verən hadisələr işğalçı Ermənistanın beynəlxalq konvensiyaların şərtlərini pozduğunu və həmçinin müharibəyə hazırlaşdığını göstərir. Çünki heç bir beynəlxalq təşkilat, xüsusən də ATƏT-in Minsk qrupu Ermənistana təzyiq göstərmir. Hər zaman olduğu kimi, seyrçi mövqe nümayiş etdirilir. Bu da bir daha ikili standartlar prinsipinin davam etdiyini təsdiqləyir.

Xalqı narahat edən bu məsələ təbii ki, Prezidentin də diqqət mərkəzindədir. Sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra televiziya kanallarına müsahibə verən cənab İlham Əliyev həm danışıqlar prosesinin gedişatını, həm mövcud vəziyyəti qiymətləndirdi, həm də son hadisələrə görə Ermənistanın terrorçu hakimiyyətinə növbəti xəbərdarlığını ünvanladı.


Çirkin planların nəticəsi Ermənistan üçün çox ağır olacaq


Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirən dövlət başçısı xalqa bir daha həqiqətləri çatdırdı: "Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub”.

Prezident Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda qanunsuz məskunlaşdırma aparıldığını və bunun bütün beynəlxalq konvensiyalara zidd olduğunu söylədi. Bu prosesi cinayət adlandıran dövlət başçısı bildirdi ki, Paşinyan rejimi şüurlu şəkildə Azərbaycanı təxribata çəkir. Bundan başqa, qədim tarixi şəhərimiz olan Şuşada qondarma rejimin "rəhbərinin” guya andiçmə mərasimi keçirilir. Bu, növbəti təxribatdır. Ona görə də Azərbaycan buna seyrçi mövqe nümayiş etdirə bilməz: "Onlar hesab edirlər ki, biz buna dözəcəyik? Bunu, bu təxribatı kim edir? Onlar edir. Biz heç bir təxribat etmirik. Biz öz mövqeyimizdə dayanmışıq. Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”.

Görünən odur ki, terrora dövlət səviyyəsində dəstək verən Ermənistanın siyasi hakimiyyəti mövcud status-kvonun saxlanması üçün çirkin təxribatlarından əl çəkmək niyyətində deyil. Qeyri-qanuni məskunlaşdırma, hərbi təxribatlar, silahlanma da bunu bir daha təsdiqləyir.

Ancaq Azərbaycanın və onun Ali Baş Komandanının dəyişməz mövqeyi, yürütdüyü qətiyyətli siyasətin ana xətti birmənalıdır. Münaqişənin həlli istiqamətində aparılan bütün danışıqlarda xalqın istək və arzusunu əsas tutan cənab İlham Əliyev Ermənistana və onun havadarlarına bir daha səsləndi: "Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

Cənab İlham Əliyev bu cəsarətli fikirləri ilə təkcə Ermənistana yox, təcavüzkara havadarlıq edən, bu ölkə ilə dostluq münasibəti quran tərəfdaş dövlətlərə də mesaj ünvanladı. Prezident növbəti dəfə milli maraqlar naminə qətiyyətli mövqeyini ifadə etdi, əzm və iradə göstərdi. Hər zamankı kimi bu dəfə də açıq danışaraq bir daha nümayiş etdirdi ki, milli mənafe ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz.

Bir sözlə, əminliklə deyə bilərik ki, dövlət başçısının həyata keçirdiyi siyasət milli maraqlarımızı qoruyan qətiyyətli və prinsipial diplomatiyadır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video