22 Sentyabr 2020 00:26
942
İQTİSADİYYAT
A- A+

“Abşeron”la ölkəmizin neft-qaz sənayesində daha bir səhifə açılır


Prezident İlham ƏLİYEV: "Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır”


"Abşeron” yatağının işlənməsi ilə Azərbaycanın neft-qaz sənayesinin daha bir səhifəsi açılır. Bu il sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yatağın dəniz əməliyyatlarının təməlqoyma mərasimi keçirilib.

Prezident İlham Əliyevin tədbirdə iştirak etməsi, "Abşeron”da quraşdırılacaq dayaq blokları və digər sualtı qurğular barədə məlumat alması layihənin necə əhəmiyyətli olduğuna bir daha diqqət çəkir.

Bu qurğular SOCAR-ın "BOS Şelf” şirkəti tərəfindən tikilib. Şirkət Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edib. Yataqda quraşdırılacaq hasilat platforması da növünə görə nadirdir. Yəni qurğunu kənardan - "Neft Daşları”nda yerləşdirilən moduldan idarə etmək mümkün olacaq. Başqa sözlə, "Abşeron” layihəsində Xəzərdə ilk dəfə "boru içində boru” texnologiyası tətbiq ediləcək.

Xatırladaq ki, "Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, suyun 500 metr dərinliyində yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Bu isə o deməkdir ki, "Abşeron”un istismarı Azərbaycanda təbii qaz hasilatının artmasına əhəmiyyətli töhfə verəcək.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi müsahibədə "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulmasını əhəmiyyətli hadisə kimi dəyərləndirib.

"Abşeron” qaz-kondensat yatağı üzrə ilk dəfə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdı. "Şahdəniz” qaz-kondensat yatağı üzrə müqavilədən sonra bu kontraktın da imzalanması onu göstərirdi ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır.

Təəssüf ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Çünki qazılan kəşfiyyat quyusu boş çıxdı. Tərəfdaşlar görkəmli geoloqumuz Xoşbəxt Yusifzadənin quyunun yerinin düzgün seçilmədiyi barədə fikri ilə razılaşmadılar. Ona görə də müsbət nəticə alınmadı.

Sonrakı illərdə yatağa Fransanın tanınmış "Total” şirkəti maraq göstərdi və SOCAR-la bu şirkət arasında müvafiq sənədlər imzalandı, praktiki işlər aparılmağa başlandı. Nəticədə böyük qaz-kondensat yatağı aşkarlandı.

Dövlət başçısı "Abşeron” haqqında danışarkən demişdir: "Beləliklə, bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi. Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat - bu da xam neftə bərabər olan bir məhsuldur. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, "Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq.”

Deməli, "Abşeron” eyni zamanda neft hasilatımızın sabit qalmasına böyük dəstək verəcək. Belə ki, yataqdan çıxarılan kondensat Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinə vurularaq dünya bazarlarına göndəriləcək. Beləliklə, "Azəri-Çıraq-Günəşli”də mövcud olan və davam edən təbii hasilat tənəzzülünü "Abşeron” yatağı bir qədər kompensasiya edəcək.

"Abşeron” layihəsi "Neft Daşları” ilə bağlı olduğundan bu, dəniz mədəninə də yeni həyat verəcək. Daha önəmli bir cəhət, qeyd edildiyi kimi, sözügedən qurğuların Azərbaycanın özündə istehsal olunmasıdır.

"Abşeron” layihəsinin gerçəkləşməsi ölkənin həyatında neft-qaz amilinin önəmini bir daha təsdiqləyəcək. Dövlət başçısı yataqdan ilk qazın və kondensatın nəzərdə tutulduğu vaxt - iki ildən sonra çıxarılacağına əminliyini bildirib.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video