20 Sentyabr 2020 00:51
2590
İQTİSADİYYAT
A- A+

“Əsrin müqaviləsi” Azərbaycana həm də zəngin neft-qaz infrastrukturu bəxş edib


"Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən bəri Azərbaycanda ən müasir və zəngin neft-qaz infrastrukturu yaradılıb. Çoxsaylı tikinti-quraşdırma sahələri, terminal və ixrac kəmərləri, digər obyektlər "Əsrin müqavilə”sinin və ondan sonrakı sazişlərin reallığa çevrilməsində mühüm rol oynayıb. Bu infrastruktur hələ uzun illər Azərbaycana xidmət edəcək. Mövcud layihələr bitəndən sonra isə həmin obyektlərin hamısı mülkiyyət kimi dövlətimizə, sərvət kimi xalqımıza qalacaq.

26 il əvvəl "Əsrin müqaviləsi” imzalandıqdan sonra qarşıda duran ən mühüm məsələlərdən biri yeni neft infrastrukturunun yaradılması və köhnənin modernləşdirilməsi idi. Bu isə olduqca genişmiqyaslı tədbirlərin həyata keçirilməsini tələb edirdi. Buraya təkcə "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında fəaliyyət göstərəcək platformaların tikintisi daxil deyildi. Nefti və qazı Xəzərdən suyun altı ilə quruya daşıyan xətlər, karbohidrogenləri qəbul etmək üçün terminal və istehlakçılara ötürmək üçün boru kəmərləri, dənizdə müxtəlif daşıma, quraşdırma işlərini yerinə yetirən müasir gəmilər lazım idi.

Sex və tikinti sahələri modernləşdirilən ilk müəssisələrdən biri Bakı Dərin Özüllər Zavodu (BDÖZ) oldu. Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan bu zavod Ümummilli Liderin Azərbaycana bəxş etdiyi ən böyük yadigarlardandır. Sovet dönəmində tikintisi SSRİ-nin başqa bir şəhərində planlaşdırılan bu müəssisənin Azərbaycanda inşa edilməsinə nail olmaq məhz Heydər Əliyev səyinin, mübarizəsinin və siyasi nüfuzunun sayəsində mümkünləşmişdi.

Bu gün genişləndirilmiş, modernləşdirilmiş BDÖZ dünya standartları səviyyəsində fəaliyyət göstərən bir müəssisədir. Onun sexləri, tikinti-quraşdırma və digər sahələri burada ən müasir dəniz platformalarının inşa edilməsinə imkan verir. Mütəxəssislərin fikrincə, əgər bu zavod olmasaydı, Azərbaycanın son onilliklərdə həyata keçirdiyi neft-qaz layihələrinin hər biri ən azı beş il ləngiyərdi.

BDÖZ nəinki AÇG üçün genişmiqyaslı sifarişlər yerinə yetirdi, "Şahdəniz” və digər layihələr üçün də çoxsaylı işlər həyata keçirdi, indi də öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.

Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri, Səngəçal terminalı, "İstiqlal”, "Dədə Qorqud” yarımdalma qazma qurğuları, "İsrafil Hüseynov” borudüzən barjı, "Tofiq İsmayılov” dalğıc gəmisi... Bunlar Azərbaycanın xarici şirkətlərlə birgə həyata keçirdiyi nəhəng neft-qaz layihələrinin hələ ilk mərhələlərində yaradılmış, yaxud modernləşdirilmiş infrastruktura aiddir.

Tərəfdaşları ilə birgə Azərbaycan dünyanın ən böyük neft-qaz terminallarından birini - Bakıdan 55 kilometr cənubda, Xəzərin sahilində Səngəçal terminalını tikdi.

Səngəçal terminalı "Əsrin müqaviləsi” imzalandıqdan sonra İlkin Neft Layihəsi çərçivəsində inşa edildi. Obyektin tikintisi 1996-1997-ci illərdə aparıldı. 1997-ci ilin noyabrında "Çıraq” platformasından alınan ilkin neft buraya həmin ilin sonunda çatdırıldı. Əvvəlcə terminal yalnız "Çıraq” neftini ixrac etmək gücündə idi. Növbəti yataqlardan gözlənilən yüksək hasilat isə obyektin xeyli genişləndirilməsi zərurətini meydana çıxardı.

Səngəçal terminalının genişləndirilməsinə 2002-ci il fevralın 20-də başlandı və işlər bir neçə il davam etdi. Bu gün terminal AÇG və "Şahdəniz”dən daxil olan neft, qaz və kondensatı qəbul edən, həmçinin ilkin emaldan keçirən çoxsaylı qurğu və avadanlıqları özündə birləşdirir. BTC əsas ixrac neft kəməri, "Cənub qaz dəhlizi”nin əsas seqmentlərindən olan Cənubi Qafqaz Boru Kəməri başlanğıcını buradan götürür. Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminallarından biridir.

AÇG yataqlarından hasil olunan və Azərbaycana təmənnasız olaraq verilən səmt qazını "Azəriqaz” şəbəkəsinə qoşan kəmər də terminalın ərazisindən başlanır.

Azərbaycanın neft-qaz sahəsində "Əsrin müqaviləsi”ndən sonra əldə etdiyi ikinci böyük nailiyyət Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişi və fəaliyyət göstərməsidir. BTC-nin keçdiyi yol nə qədər uzun olsa da, onun fəaliyyətinə nəzarət Azərbaycandan, Bakıdan, Səngəçal terminalından həyata keçirilir. "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində terminal bir qədər də genişləndirilmişdir. Səngəçaldan başlanan yollar Azərbaycanı getdikcə dünyanın daha uzaq ünvanları ilə birləşdirəcək.

Azərbaycanda həyata keçirilən layihələr çərçivəsində əldə edilən uğurlarda müxtəlif təyinatlı gəmilərin də böyük rolu var. Onlardan ən yenisini xatırlatmaq kifayətdir. Bu, "Xankəndi” sualtı tikinti gəmisidir. Bakı Gəmiqayırma Zavodunda inşa edilən "Xankəndi” gəmisi DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilib. Bu gəmi məxsusi olaraq suyun dərinliyinin 550 metrədək çatdığı hissələrində dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib.

"Xankəndi” gəmisinin tikintisində ümumilikdə 2 mindən çox işçi çalışıb və onların 75 faizini yerli mütəxəssislər təşkil edib. Gəmi artıq üç ildir dənizdədir və 2027-ci ilədək "Şahdəniz-2” layihəsi çərçivəsində sualtı quraşdırma işlərində istifadə ediləcək.

Bakı Gəmiqayırma Zavodu "Xankəndi”ni ərsəyə gətirməklə Xəzər dənizi hövzəsinin gəmiçilik tarixində yeni eranın başlanğıcını qoyub. Onun inşası həm də Azərbaycanın iqtisadi və sənaye potensialının möhkəmlənməsinin yeni bir təzahürüdür.

Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodu istismara başladığı vaxtdan 25 min ton yükqaldırma gücünə malik "28 May” üzən dokunu, 50 ton dartı qüvvəsinə malik "SOCAR-1” yedək gəmisini, "Zəfər”, "Üfüq” və "Turan” sərnişin gəmilərini, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonlarını və üst bloklarını inşa edib. Zavod "Şahdəniz-2” layihəsi çərçivəsində bir neçə gəminin, o cümlədən "İsrafil Hüseynov” borudüzən, "Tofiq İsmayılov” dalğıc, "Gilavar” tədqiqat, "Azərbaycan” kran, "Caspian Endeavour” və "Seabed Supporter” təchizat gəmilərinin, habelə "Dədə Qorqud” yarımdalma qazma qurğusunun təmir və yenilənməsini də uğurla həyata keçirib.

Bütün bunlar "Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanın neft-qaz sənayesində yaradılan və modernləşdirilən infrastrukturun yalnız bir hissəsidir.

İllər ötəcək, hazırda ölkəmizdə həyata keçirilən neft-qaz yataqlarının işlənməsi və karbohidrogenlərin ixracı layihələri bitəcək, bu və digər sahələrdə onları yeni layihələr əvəz edəcək, yeni perspektivlər yaranacaq. Azərbaycanda neft-qaz yataqlarının işlənməsi, karbohidrogenlərin hasilatı, daşınması, ixracı üçün yaradılan infrastruktur isə dövlətin mülkiyyəti, xalqın sərvəti olaraq qalacaq.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video