20 Sentyabr 2020 00:48
1777
Təhsil
A- A+

Təhsil dövlət siyasətinin vacib strateji istiqamətlərindəndir


Prezident İlham ƏLİYEV: "Müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellectual potensialı müəyyən edəcək”


Koronavirus pandemiyası ilə əlaqədar martın 3-dən Azərbaycanda bütün təhsil müəssisələri fəaliyyətini dayandırandan bəri müəllim və şagirdləri, eləcə də valideynləri maraqlandıran bir sual vardı - dərslər sentyabrda açılacaqmı? Əslində, 2020-2021-ci tədris ilinin necə başlayacağı bütün dünya gündəminin ən vacib müzakirə mövzusuna çevrilmişdi.

Çünki heç kəsə sirr deyildi ki, pandemiya bütün həyatımızı, yaşam tərzimizi dəyişdiyi kimi, təhsil sahəsinə də təsirsiz ötüşməyərək adət etdiyimiz məktəb vərdişlərini alt-üst etdi. Artıq xəyalımıza belə gətirə bilmədiyimiz üsulla, məsafədən təhsillə qarşı-qarşıya qaldıq.

Lakin distant ənənəvi təhsili üstələyə bilmədi. Hər kəs yeni dərs ilinin əvvəlki, öyrəşdiyimiz və sevdiyimiz qaydada açılmağını intizarla gözləyirdi. Nəhayət, bir neçə aylıq ayrılıqdan sonra bütün təhsil müəssisələri karantin qaydalarına riayət etməklə qapılarını təhsil- alanların üzünə açdı. Sentyabrın 15-də bütün məktəblərimizdə həsrətlə gözlədiyimiz ilk zəng müəllim və şagirdləri məktəbə səslədi.

Azərbaycanın COVID-19-la mübarizədə uğurlu fəaliyyəti, qlobal təhlükənin yayıldığı ilk günlərdən operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilməsi, ölkə ərazisində virusu nəzarətolunan səviyyəyə salması təhsil ictimaiyyətinin intizarına son qoymağa imkan yaratdı. Təlim-tədris müəssisələrimizin pandemiyanın şərtlərinə uyğunlaşdırılmış şəkildə fəaliyyətinə qərar verildi. Bu il pandemiya dövründə yeni dərs ili yeni şəraitdə və formatda təşkil edildi. İlk olaraq ibtidai sinif şagirdləri dərslərə başladı. Yuxarı sinif şagirdləri üçünsə ənənəvi təhsil oktyabrın 1-dən bərpa ediləcək. Yeni dərs ilinin yeni formatda təşkil edilməsinin əsas məqsədi şagirdləri, təhsil işçilərini və ümumilikdə, vətəndaşlarımızı pandemiyadan qorumaqdır.

Ölkəmizin mövcud pandemiya dövründə olmasına baxmayaraq, şagirdlərin təhsildən kənarda qalmaması üçün dövlətimiz tərəfindən mühüm addımlar atılıb, virtual və teledərslər təşkil edilib. Yaranan çətin vəziyyətə baxmayaraq, təhsil sistemi öz işini uğurla davam etdirib, şagirdlər öz səyləri, bilikləri sayəsində lazımi bal toplayaraq arzusunda olduqları ixtisasa yiyələnmək üçün tələbə adını qazanıblar.


17 ildə 3700 məktəb


Elm və təhsil hər bir dövlətin davamlı inkişafında mühüm rol oynayır. Azərbaycan Respublikasında təhsilin, insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətidir. Müstəqil Azərbaycanın təhsilində islahatların bilavasitə təşəbbüskarı olan Ümummilli Lider Heydər Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı bu gün dövlət başçısı tərəfindən də uğurla davam etdirilir. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin ugurlu davamının göstəricisidir. Dövlət başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin vacib, strateji istiqamətlərindən biridir.

Hər il ölkəmizin bütün bölgələrində beynəlxalq standartlara cavab verən yeni məktəb binaları tikilir, ali təsil ocaqları yaradılır. Azərbaycanın ən ucqar kəndlərində belə yeni məktəblərin istifadəyə verilməsi, günün tələblərinə cavab verən orta məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturun tamamilə yenilənməsi dövlətin bu sahənin inkişafına qayğısının bariz nümunəsidir.

Son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir olunub. Bu, ölkənin məktəb fondunun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm alıb və yenidən inşa edilib.

Pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərinin azalmasına baxmayaraq, ölkədə təhsil ocaqlarının tikintisi bu il də davam etdirilib, heç bir sosial layihə ixtisar olunmayıb. 2020-ci ildə 147 məktəbin tikintisi nəzərdə tutulur. Onlardan 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Artıq 17 ildir ki, Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunur. Təhsil infrastrukturunun yenilənməsi istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi işlər xüsusi qeyd edilməlidir. Fondun dəstəyi ilə xeli sayda məktəblərin maddi-texniki bazası yaxşılaşdırılıb, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərə nail olunub.


Ali təhsil müəssisələrinin inkişafına xüsusi diqqət yetirilir


Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə indiyədək respublikamızın 45 bölgəsində, ümumilikdə, 293-dən çox modul tipli məktəb quraşdırılıb. Cari ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək. Beləliklə, modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatan məktəblərin problemi tamamilə aradan qaldırılacaq.

Ölkəmizdə ali təhsil müəssisələrinin inkişafına, maddi-texniki bazasının genişləndirilməsinə də xüsusi diqqət yetirilir. Bu il ali məktəblərin korpuslarının tikintisi təmin edilib. İyun ayında dövlət başçısının iştirakı ilə Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu istifadəyə verildi. Sentyabrın əvvəllərində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ADA Universitetinin iki yeni korpusunun, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yenidən inşa olunan 3 saylı tədris korpusunun açılışı oldu.

Son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmaqdadır. Azərbaycanın bütün bölgələrində istər orta məktəblərdə, istərsə də universitetlərdə təhsilin dünya standartlarına uyğun qurulması üçün dövlət səviyyəsində ciddi işlər aparılır. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və respublikamızda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının gerçəkləşdirilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti tərəfindən ölkəmizin gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə xüsusi qayğı göstərilir. Yüzlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində ən tanınmış universitetlərdə dövlət hesabına təhsil almağa göndərilir.


Gələcəyimiz bugünkü şagirdlərin, tələbələrin əlində olacaq


Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil siyasətinin çox mühüm strateji hədəflərindən biri "qara qızıl”ın intellektual kapitala çevrilməsidir. 2004-cü ildə bəyan edilmiş "qara qızıl”ı insan kapitalına çevirmək strategiyasında elmin və təhsilin oynadığı başlıca rol daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə Azərbaycanda həm təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, həm də yüksəkkeyfiyyətli tədris prosesinin həyata keçirilməsi mühüm yer tutur. Məktəblilər beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplanılır, müəllimlərin əməkhaqları artırılır, diaqnostik qiymətləndirmədən keçənlər yüksək maaşla təmin olunurlar.

Son illər təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar təhsil işçilərinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təsir göstərib. Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində müəllim peşəsinə marağın bərpa olunmasını bununla əlaqələndirib. Dövlət başçısı qeyd edib ki, bu sahəni seçən gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gəncimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin iş şəraiti yaxşılaşıb, gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar: "Əlbəttə ki, bu, gənclərimizin müəllim olmaq istəyini əsaslandırır, eyni zamanda müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri olmuşdur. Mən çox şadam ki, bu gün biz bu peşənin prestijini bərpa edirik və bu, eyni zamanda gələcəkdə Azərbaycanda bilikli, savadlı insanların sayının artmasına gətirib çıxaracaq. Çünki müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir, bu, şübhəsizdir”.

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Dövlət rəhbəri müraciətində də vurğulayıb ki, gələcəkdə ölkəmizi idarə etmələri üçün gənclərimiz bilikli, savadlı olmalıdırlar: "Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar”.

Dövlət rəhbərinin də qeyd etdiyi kimi, burada ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Lakin müəllimlər də şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər: "Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək, gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər”.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video