19 Sentyabr 2020 20:49
543
SİYASƏT
A- A+

Prezident İlham Əliyev: Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

AZƏRTAC Prezident İlham Əliyevin müsahibəsindən növbəti fikirləri təqdim edir:

"Vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çirklənmiş yerimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib və Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, o, bir ekoloji fəlakət zonası idi və həmin görüntülər yəqin ki, bir çoxlarının xatirindədir”.

"Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxacağam ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. İnsanları narahat edən bütün problemlər həll olunmalıdır və estetik cəhətdən bu qəsəbələr müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr restavrasiya, bərpa edilməlidir və bu qəsəbələrə biz yeni həyat verəcəyik”.

"Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin, sarkofat tikək bunun üstündə. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz indi bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başladı. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölünün də bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi. Eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur”.

"Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında "Azərneftyağ” neft emalı zavodu. Onun da artıq fəaliyyəti başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda rekonstruksiya, yenidənqurma başa çatacaq, Avro-5 benzini istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri təmiz benzinlə təmin ediləcək və "Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq”.

"Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. İndi əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Orada sənaye potensialı möhkəmləndirilməklə müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Bütün bunları biz etmişik. Bu, çünki bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlığıdır”.

"Mən Prezident seçiləndən sonra demişdim, birinci bəyanatlarımdan biri idi ki, "qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik. Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video