19 Sentyabr 2020 00:56
1091
İQTİSADİYYAT
A- A+

Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir


Bu şəhərdə istehsal olunan sənaye məhsullarının həcmi Gürcüstan və Ermənistanda buraxılan sənaye məhsullarından çoxdur


Xəbər verildiyi kimi, sentyabrın 14-də Prezident İlham Əliyev "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində Peşə Təhsil Mərkəzinin açılış mərasimində iştirak etmişdir. Dövlət başçısı yeni yaradılan təhsil mərkəzində görülən işlərlə tanış olmuşdur.

Prezidentə məlumat verildi ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Qeyd edildi ki, 6 korpusdan ibarət mərkəzin 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxanası, kompüter otağı, idman zalı və 24 inzibati otağı var. Peşə Təhsil Mərkəzinə 2020-2021-ci tədris ili üzrə toma və frezer dəzgahlarının, proqramla idarə olunan avadanlıqların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırılma işləri üzrə usta, veb-dizayner, həmçinin proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu keçirilir.

Burada tədris proqramı beynəlxalq təcrübəyə uyğun hazırlanıb. Mərkəzdə tədris ölkəmizdəki ənənəvi qaydadan fərqlənəcək. Belə ki, tədris müəssisəsinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Eyni zamanda tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi sənaye parkının müəssisələrində keçiriləcək.

Məlumdur ki, indi dünyada texnika və texnologiyalar yüksək səviyyədə inkişaf edib. Bunun üçün də istehsal sahələrində işləyənlərdən xüsusi bilik və bacarıq tələb olunur. Başqa sözlə, hazırda müasir tələblərə cavab verən kadrların hazırlanmasına böyük ehtiyac var. İkincisi, burada təhsil alacaq 500 tələbə üçün iş yeri açılacaq. Beləliklə, gənclərimiz yüksək peşə təhsili almaqla yanaşı, işlə də təmin olunacaqlar.

Prezident İlham Əliyev ölkənin hərtərəfli inkişafı üçün sənayeləşməyə xüsusi önəm verir. Bu məqsədlə ölkədə müasir dövrün tələblərinə cavab verən sənaye parkları və məhəllələri yaradılır. Hazırda Bakıda, Sumqayıtda və Mingəçevirdə müxtəlif növ məhsul istehsal edən nəhəng sənaye parkları, bölgələrdə isə yüksəkkeyfiyyətli məhsul istehsal edən sənaye məhəllələri fəaliyyət göstərir.

Sumqayıt Kimya Sənaye Parkının bu tipli müəssisələr arasında özünəməxsus yeri var. Bu parkın ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edir. Həmçinin bu sənaye parkı əsas sosial məsələ olan işsizliyin aradan qaldırılmasında da mühüm rol oynayır. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub. Parkın ərazisi genişləndikcə ölkənın daha çox vətəndaşı burada işə cəlb ediləcək. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkı şəhərdə işsizliyin aradan qaldırılmasına daha çox töhfə verəcək.

Bu gün Azərbaycan Cənubi Qafqazda sənaye məhsulunun 80 faizini istehsal edir. Sumqayıt isə Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Təkcə bu şəhərdə istehsal olunan sənaye məhsullarının həcmi Gürcüstanın və Ermənistanın buraxdıqları sənaye məhsullarından çoxdur.

Prezident İlham Əliyev parkın fəaliyyətinə yüksək qiymət verərək demişdir: "Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur... Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”.

Sənaye parklarının yaradılmasının ölkəmiz üçün strateji əhəmiyyəti var. İlk növbədə məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Biz bu yolla qarşıdakı illərdə dünyanın inkişaf etmiş ölkələrinin sıralarına daxil ola bilərik. İkincisi, daha çox yerli sənaye məhsulu istehsal edərək idxaldan asılılığı aradan qaldırmaqla ölkədən valyuta axınının qarşısını ala, eyni zamanda, yüksəkkeyfiyyətli məhsul ixrac etməklə əlavə valyuta qazana bilərik. Ən başlıca hədəfimiz isə postneft dövründə ölkəmizin dinamik inkişafını qoruyub saxlamaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sənayeləşmə siyasəti bizi addım-addım bu məqsədə yaxınlaşdırır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video