18 Sentyabr 2020 01:13
2637
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV İRADƏSİ


Dövlətin və xalqın maraqlarına xidmət edən bu iradə möhkəm və sarsılmazdır

Bunu hamı bilir: əgər İlham Əliyev qarşıya məqsəd qoydusa, ona mütləq nail olur!

Bu, birmənalıdır!

İlham Əliyev xalqla açıq danışır, şəffaf fəaliyyət göstərir!

Görülən və görüləcək işlər barədə ölkə ictimaiyyətinə ətraflı məlumat verir!

İlham Əliyev müəyyənləşdirdiyi hədəfə çatmaq üçün ortaya möhkəm, sarsılmaz iradə qoyur!

Sonra isə düşünülmüş siyasət yeridərək, hesablanmış addımlar atır!

Azərbaycan xalqı da, bütün dünya da bilir ki, Azərbaycan Prezidenti İlham Əliyev dediyi sözün, verdiyi vədin sahibidir.

Bunu dövlətə rəhbərlik etdiyi on yeddi ildə dəfələrlə, dönə-dönə sübut edib!

***

Ulu Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdanda "Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” demişdi.

Sona qədər də belə oldu, vədinə sadiq qaldı!

Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev də bütün fəaliyyətini xalqımızın xoşbəxtliyinə və firavanlığına həsr edib!

Qarşısına qoyduğu hər bir çətin, möhtəşəm vəzifə dövlətimizin inkişafına, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edir.

Əslində, İlham Əliyevin hədəfləri bizim hamımızın arzu və istəyini, dövlətimizin yüksəliş və inkişafını ifadə edir!

Bu mənada xalq dövlət başçısını tam dəstəkləyir, İlham Əliyev bütün sosioloji mərkəzlərin keçirdiyi sorğularda daim ən yüksək nəticəyə - 90 faizdən çox reytinqə sahib çıxır!

Xalqla iqtidarın birliyi və həmrəyliyi həm də bu formada təzahür edir: arzu bir, istək bir, niyyət bir!

***

Xalqımızın və dövlətimizin son

17 ildə qazandığı uğur və nailiyyətlər İlham Əliyevin adı, fəaliyyəti və müdrik rəhbərliyi ilə bağlıdır.

Bu zaman tarix üçün az sayılsa da, görülən işlər möhtəşəmliyi ilə diqqət çəkir.

Onların bir qisminə birlikdə nəzər salaq.

İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayacağını, möhkəmləndirəcəyini və daim müstəqil siyasət yürüdəcəyini vəd etmişdi.

Biz hamımız bu sahədəki uğurların şahidiyik:

* Azərbaycan dünyada hamı tərəfindən tanınan və qəbul edilən müstəqil dövlətdir, heç kimin forpostu, əyaləti və ya quberniyası sayılmır;

* dövlət başçısı daim xalqın milli maraqlarına əsaslanan daxili və xarici siyasət yürüdür;

* dünya birliyində xüsusi çəkisi və nüfuzu vardır;

* hamı Azərbaycana ləyaqətli dövlət kimi hörmətlə yanaşır.

İLHAM ƏLİYEV AZƏRBAYCANI indi tarixinin ən qüdrətli dövrünü yaşayır!

Bu hədəfə çatmaq üçün dövlət başçısı mərhələlərlə hədəflər müəyyənləşdirmiş, bu barədə açıqlamalar vermiş, qüvvə və imkanları məqsədə çatmaq üçün səfərbərliyə almışdır.

***

İlham Əliyev prezidentliyə başlayanda xaos və anarxiya dövrü, çörək növbələri və xalqa çörək əvəzinə jmıx yedizdirilən vaxtlar arxada qalsa da, həyat səviyyəsi aşağı idi. Bakıda tez-tez elektrik enerjisi verilişində fasilələr yaranır, regionlar isə sutkada 5-6 saat işıq ala bilirdilər.

Kənd təsərrüfatı dağılmış, kəndlər boşalmış, yollar köhnələrək yararsız hala düşmüşdü.

İlham Əliyev bu vəziyyəti tezliklə düzəldəcəyinə söz verdi:

"Azərbaycanın hər bir kəndində günün istənilən vaxtı elektrik enerjisi olacaq”.

"Aqrar sahə dirçəldiləcək, kənddə sahibkarlıq inkişaf etdiriləcək”.

"Kəndlərimizin siması tamam dəyişəcək”.

Atılan qətiyyətli addımlar vəziyyəti büsbütün dəyişdi.

Azərbaycan az vaxt ərzində özünün enerji, ərzaq və nəqliyyat təhlükəsizliyini təmin etdi.

* Bir vaxtlar xaricdən elektrik enerjisi, təbii qaz alan Azərbaycan qısa müddətdə onlarca yeni su, istilik, bərpaolunan enerji ilə işləyən elektrik stansiyaları qurdu. İndi özü qonşu ölkələrə elektrik enerjisi satır.

* Avropanın təbii qazla etibarlı təminatında fərqlənir, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən sonra dörd seqmentli "Cənub qaz dəhlizi”nə həyat vəsiqəsi verib.

* Ölkə daxilindəki qazlaşma isə dünya üzrə ən yüksək səviyyə sayılan 95 faizi ötüb.

* Ən müasir yol infrastrukturu yaradılıb, Böyük İpək yolu bərpa edilib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsindən sonra Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilib!

***

Torpaqların işğal olunması, bir milyondan çox qaçqın və məcburi köçkün ordusunun yaranması, doğma yurd-yuvalarından qovulan insanların ağır və bəzən qeyri-insani şəraitdə yaşaması çıxılmaz vəziyyət yaratmışdı.

İlham Əliyev "Bir nəfər də çadır şəhərciyində yaşamayacaqdır” vədinə dediyindən də tez əməl etdi!

* Artıq 110-dan çox yeni qaçqın şəhərciyi və yaşayış kompleksi salınıb, hər il yüzlərlə məcburi köçkün ailəsi yeni mənzillərə köçürülür.

* Təkcə məcburi köçkünlərə deyil, şəhid ailələrinə, əlillərə, hətta jurnalistlərə belə dövlət hesabına tikilib təmir olunan mənzillər verilir.

* Bu proses pandemiya dövründə də davam etdirilir.

***

Regionların inkişafına dair dörd dövlət proqramının uğurlu icrası sayəsində kənd və qəsəbələr simasını büsbütün dəyişib. Çoxsaylı kəndli-fermer təsərrüfatları yaradılıb, aqrar sahənin inkişafına sistemli dövlət qayğısı təmin edilib, sahibkarlığın inkişafına, onların güzəştli kreditlə təminatına münbit şərait yaradılıb.

COVID-19 pandemiyası ilə əlaqədar bütün dünyada ümumi daxili məhsul istehsalının azaldığı bir vaxtda Azərbaycan kəndində istehsalın artımı fərəh doğurur.

Sosial layihələr davamlı şəkildə həyata keçirilir.

***

"Azərbaycan gənci savadlı və sağlam olmalıdır” vədini də dövlət başçısı sürətlə yerinə yetirdi, neft kapitalının insan kapitalına çevrilməsi layihəsi uğurla icra olunmaqdadır.

* Son illərdə 4 minədək yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Müəllim kadrların yetişdirilməsinə, onların əməkhaqlarının artırılmasına diqqət çoxalmışdır.

* Dünyanın qabaqcıl ölkələrinin tanınmış universitetlərində dövlət hesabına təhsil alan yüzlərlə gənc geri dönərək vətəndə işə başlamışdır.

* Böyük idman uğurlarımız da vardır. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq yarışlara evsahibliyi edir. Regionlarda 40-dan çox olimpiya idman kompleksi tikilərək gənclərin ixtiyarına verilmişdir.

* Azərbaycan I Avropa Oyunlarınıın təşkilatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi kimi tarixə düşmüşdür.

***

İlham Əliyevin daha bir vədi işğal altındakı torpaqların tezliklə azad edilməsi ilə bağlıdır.

Bu məsələdə qətiyyətli və prinsipial mövqe nümayiş etdirən dövlət başçısı ortaya möhkəm iradə qoymuşdur:

"Azərbaycan bir qarış torpağını da düşmənə güzəştə getməyəcəkdir”.

"Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir”.

"Azərbaycan işğal altındakı torpaqlarını hökmən azad edəcəkdir”.

"Biz Qarabağda, Şuşada dalğalandırılan qələbə bayrağını Azadlıq meydanına gətirəcəyik!”

Dövlət başçısı məqsədə çatmaq üçün lazım olan bütün vasitələrdən istifadə edir:

* güclü ordu yaradılmış, ən müasir silahla təmin olunmuşdur;

* vətənpərvər hərbçilər, müasir hərbi biliklərə yiyələnən zabitlər korpusu yaradılmışdır;

* münaqişənin sülh yolu ilə həlli üçün sonadək cəhdlər göstərilmişdir;

* azğın düşmənə dördgünlük Aprel müharibəsində, Günnüt əməliyyatında, Tovuz istiqamətindəki döyüşlərdə qulaqburması verilərək ciddi xəbərdarlıq olunmuşdur.

Lakin havadarlarına arxalanan Ermənistan sülh danışıqlarından yayınır, mənasız şərtlər irəli sürür, işğal altındakı torpaqları özününküləşdirməyə çalışır:

* Dağlıq Qarabağı danışıqlar masasına gətirməyə çalışan Ermənistanın baş naziri Paşinyan "Qarabağ Ermənistandır, nöqtə”, - deyə cəfəng bəyanat verir;

* Şuşanı Dağlıq Qarabağın mərkəzi elan edəcəklərini söyləyir, oradakı asma körpünün açılışına gedir;

* oğlu Xankəndidə hərbi qulluq keçir, arvadı Dağlıq Qarabağa gələrək oradakı digər arvadlara avtomatdan atəş açmağı öyrədir;

* Ağdamda yeni meyvə bağları salınır;

* xalqımıza məxsus mədəni-tarixi abidələr dağıdılır, yer adları dəyişdirilir;

* Livandan gətirilən terrorçular və erməni ailələri işğal ərazilərində yerləşdirilir, məskunlaşdırma aparılır və s.

***

Artıq erməni həyasızlığı son həddə çatmışdır!

Öz iradəsini ortaya qoyan İlham Əliyevin və xalqımızın səbri tükənmişdir!

"Qarabağ Azərbaycandır, nida işarəsi” deyən Prezidentimizin qətiyyətli addımlar atacağı heç kəsdə şübhə doğurmur!

Ədalət bizim tərəfimizdədir!

Türk qardaşlarımız da daim yanımızdadır!

Düşmən isə Gəncə şəhərinə və Mingəçevir SES-ə raket atacağı ilə sərsəmcəsinə hədələyir!

Bu məsələdə İlham Əliyevin iradəsi Azərbaycan xalqının iradəsidir!

Xalq öz rəhbərini böyük məhəbbətlə sevir, daim dəstəkləyir!

Müsəlləh əsgərə çevrilən hər bir Azərbaycan gənci Ali Baş Komandanından əmr gözlədiyini 14 iyul mitinq-yürüşündə açıq şəkildə bildirmişdir.

Son sözü isə xalq və onun rəhbəri söyləyəcəkdir!

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video