13 Sentyabr 2020 00:51
1195
İQTİSADİYYAT
A- A+

Abşeron yarımadasının dayazsulu hissəsində ilk kəşfiyyat quyusu qazılacaq


Abşeron yarımadasının dayazsulu hissəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) ərazisində ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Quyunun qazılacağı yer artıq məlumdur. Burada işləyəcək qazma qurğusu da seçilib. Qurğuda aparılan hazırlıq işləri sona çatdıqdan sonra, yəni gələn ilin əvvəllərində quyunun qazılmasına başlamaq nəzərdə tutulur.

Xəzərin ölkəmizə məxsus sektorunda hələ bir sıra potensial perspektiv strukturlar var ki, onlardan biri də Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşir. 2014-cü il dekabrın 22-də SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və BP arasında bu strukturda birgə geoloji-kəşfiyyat işlərinin aparılması və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Bu mühüm addımın atılmasında məqsəd həm Azərbaycanın, həm də BP şirkətinin qarşılıqlı faydalanması üçün ölkəmizin karbohidrogen ehtiyatlarının tam işlənməsini təmin etməkdir.

Saziş imzalandıqdan bir neçə ay sonra Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. Sənədə əsasən, müqavilədə BP-nin və SOCAR-ın hərəsinin 50 faizlik iştirak payı var. Bu sənəd 30 illik müddəti əhatə edir.

Müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Həmin ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layın (kollektorun) dərinliyi 3000-5000 metr təşkil edir.

Azərbaycan mütəxəssisləri hesab edirlər ki, sözügedən sahənin işlənməsi ilə SOCAR və BP arasında əməkdaşlığın yeni mərhələsi başlanmışdır. Bu mərhələ yeni ehtiyat mənbələri aramaqla Azərbaycanda neft və qaz hasilatının uzunmüddətli gələcəyini təmin etmək üçün birgə işləməyə imkan yaradacaq. Bu da ölkəmizdə neft hasilatının daha onillərlə davam etməsinə töhfə verəcək.

BP də həmçinin bu HPBS-ni SOCAR-la tərəfdaşlığında yeni bir dövrün başlanğıcı adlandırır. HPBS Milli Məclis tərəfindən ratifikasiya olunduqdan dərhal sonra müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramının həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanmışdır. 2015-ci ilin dekabr ayında ikiölçülü seysmik tədqiqat proqramı təhlükəsiz şəkildə sona çatdırılmışdır.

Üçölçülü seysmik tədqiqat proqramı üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ictimai müzakirələri aparılmışdır. Üçölçülü seysmik tədqiqat proqramı 2016-cı il mayın 31-də başlanmış və dekabrın 27-də müvəffəqiyyətlə yekunlaşmışdır. Bu tədqiqat 1300 kvadratkilometr ərazidən üçölçülü məlumatın əldə olunmasını əhatə etmişdir. Tədqiqat proqramı BP-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes - ISSNtm) texnologiyası vasitəsilə həyata keçirilmişdir.

2016-cı ildə ərazidən əldə edilmiş üçölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin dördüncü rübündə sona çatmışdır. SOCAR-la Perspektivlik haqqında bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində üç perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilmişdir. Eləcə də quyuların qazılacağı yerlər müəyyənləşdirilmişdir.

Əməliyyatçı olan BP şirkəti bu ərazidə dünyanın digər yerlərində dayazsulu hissələrdə geoloji-kəşfiyyat işlərinin aparılması və onların işlənməsi zamanı qazandığı geniş təcrübə və səriştədən, eləcə də sənayedə mövcud olan ən qabaqcıl texnologiyalardan istifadə etmək imkanına malikdir.

Saziş üzrə iş proqramı çərçivəsində artıq kəşfiyyat qazması əməliyyatları üçün ƏMSSTQ sənədinin layihəsi də hazırlanıb. Burada kəşfiyyat qazmasının ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir olunur.

ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.

Xatırladaq ki, müqavilə ərazisi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilmişdir və hərəsində bir quyunun qazılması planlaşdırılır. Sözügedən sənəd yalnız birinci quyunu əhatə edir.

Quyu qurudan təxminən 15 kilometr məsafədə, suyun təxminən 22 metr dərinliyində, Şimal-Şərq perspektiv sahəsində qazılacaq. Potensial karbohidrogen ehtiyatı isə dəniz dibindən təqribən 2500 metr aşağıda yerləşir.

Abşeron yarımadasının dayazsulu hissəsinin işlənməsi böyük layihədir və onun uzun müddətdir davam etməsi təsadüfi deyil.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video