13 Sentyabr 2020 00:44
1678
Mədəniyyət
A- A+

Azərbaycanda teatr memarlığı


XIX əsrin birinci yarısının sonlarında tamaşa binaları artıq Azərbaycan şəhərlərinin strukturuna daxil idi. Peşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə sözsüz ki, ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə fikirləşirik. Alimlər sübut edirlər ki, teatr tamaşasının təlqin etdiyi bədii-estetik zövqün kökündə binanın texniki imkanları mühüm yer tutur. Teatr binasının arxitekturası müxtəlif şəkillərdə səhnə sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir.

1873-cü ildə görkəmli maarifçi Həsən bəy Zərdabi bir qrup azərbaycanlı ziyalı ilə Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasına səhnə həyatı verir. Bununla da milli teatr tariximizin ilk səhifəsi yazılır. Şərqdə ilk peşəkar teatrın məhz Azərbaycanda - bizim ölkədə yaranması isə mədəniyyət tariximizin əhəmiyyətli hadisəsi olur. Bu dövrdə dünya teatrının müxtəlif inkişaf mərhələlərində formalaşan bədii zövqlərə uyğun olaraq teatr tamaşalarının oynanılması üçün tikilən binaların memarlığında da böyük və əsaslı dəyişikliklər aparılmağa başlanılır.


Şuşa teatrı

Bundan əvvəl isə ilk həvəskar teatr tamaşası Şuşada qoyulmuşdur. Şuşanın iqtisadi cəhətdən əlverişli güzəranı burada tamaşa binalarının, teatrın, sirkin yaranmasına səbəb olur. Sırf bu məqsədlər üçün müxtəlif iri, uyğun binalardan istifadə edilirdi. Şuşa teatrı özəl binada yerləşirdi. Müasirlərin fikrincə, o, "gözəl dekorasiyalara, zövqlə işlənmiş lojalara malik idi və çoxsaylı tamaşaçı cəlb edirdi”.


Şamaxı teatrı

Beləliklə, yeni memarlıq mövzusu olan tamaşa binaları artıq XIX əsrin birinci yarısının sonlarında Azərbaycan şəhərlərinin strukturuna daxil olur. Quberniya mərkəzi sayılan Şamaxı öz mədəni səviyyəsi ilə bir çox Qafqaz şəhərləri arasında seçilirdi. Burada 1857-ci ildən əhalinin artan marağına səbəb olan həvəskar tamaşalar qoyulurdu və bu hal yerli teatr həvəskarlarını şəhərdə teatr təşkil etmək fikrinə gətirdi. Şamaxıda yer tapmaq çətin idi. Özəl binalar uyğun gəlmirdi, dövlət binası isə yox idi. Yeni teatr binasının inşasına vəsait də olmadı. Ancaq çıxış yolu tapıldı. Şəhərin mərkəzi rayonlarının birində "Duz mağazası”nın köhnə, boş, iri daş binası təşəbbüskarların diqqətini cəlb etdi. Qafqaz namestnikindən razılıq alındıqdan və Şamaxı sakini Ağa bəy Zeynal bəy oğlunun rekonstruksiya üçün 1500 rubl vəsait ayırmasından sonra tikinti işlərinin aparılmasına başlandı.

Təşkilatçılar şəhər memarının müavini Qasım bəy Hacıbababəyova müraciət etdilər. Memar Qasım bəy Avropa teatr binalarının spesifikasını bilməsə də, işin mahiyyətini dərk edərək, şəhər teatrının çox özəl bir layihəsini tərtib etdi. Peşəkar teatrın xeyli sonralar yaranmasına baxmayaraq, Şamaxı teatrı Azərbaycanda ilk tamaşa binası olmuşdur. Teatrın açılışı 17 aprel 1858-ci ildə olmuşdur.


Bakıda teatr binalarının inşası

Bakıda yerli əhalinin teatr binasına olan ehtiyacı qubernator tərəfindən də qəbul edilirdi. "Bakının yüksək cəmiyyətindən” xanımların təşəbbüsü ilə memar Qasım bəy tərəfindən XIX əsrin 60-cı illərində tikilmiş ikimərtəbəli özəl binada (indiki Nizami adına muzeyin binası) yerləşən Bakı Kübar Cəmiyyətinin zalında hər qış həvəskar tamaşalar oynanırdı. Geniş sahədə yerləşən zalın bir tərəfdən estradası vardı və o, rəqs gecələrində qadınlara qonaq otağı kimi xidmət edirdi, tamaşa günlərində isə bütün teatr atributlarına malik improvizasiya səhnəsinə çevrilirdi.

Tezliklə şəhərdə iki "teatr” deyilən bina yaranır, lakin bunların da heç biri səhnə tamaşalarına uyğun deyildi.


Tağıyev teatrı

Milyonçu H.Z.Tağıyev Bakıda "əsl teatr binası” inşa etmək fikrinə düşür. 1882-ci ildə o, təsdiq edilməsi üçün idarəyə öz şəxsi ərazisində Qorçakovskaya və Merkuryevskaya küçələrinin tinində tikiləcək binanın layihəsini təqdim edir. Sahə şəhərin mərkəzində yerləşirdi və məkan baxımından varlılar yaşayan məhəllələrdən bir az kənarda yerləşən Teatr meydanını üstələyirdi.

Layihə 35 vərəq üzərində hazırlandı. Binanın ucaldılmasına mühəndis-texnoloq Ferdinand Lemkul nəzarət edirdi. XIX əsrin sonlarında tikilən Tağıyev teatrı Bakıda bu qəbildən yeganə kapital bina olaraq, öz fəaliyyəti dövründə dəfələrlə rekonstruksiyaya məruz qalmış, yanmış və yenidən bərpa edilmişdir. Və hər dəfə onun memarlıq-planlaşdırma kompozisiyası, interyer bəzəkləri və fasad dekorunun keyfiyyəti yaxşılaşdırılmışdır. 1883-cü ilin sonlarında teatr Lemkulun nəzarəti altında inşa edildi. Binanın təhvil-təslimi üzrə xüsusi komissiya planlaşdırma, konstruktiv və yanğından mühafizə kimi çoxsaylı qüsurların qeyd edildiyi akt tərtib etdi. Lakin bütün bunlarla yanaşı, fakt o idi ki, XIX əsrin sonlarında Bakının ehtiyac duyduğu teatr binası şəhərə hədiyyə olundu. Teatrda yaruslar və parterlə birgə təqribən 578 yer var idi. Lakin Tağıyev teatrın populyarlıqdan məhrum olduğunu və ildən-ilə teatr binası kimi onun aksiyalarının qiymətinin aşağı düşdüyünü gördükdə tikilisindən birdəfəlik qurtulmaq istədi. Tağıyev teatrı binasının uçulma məsələsi çıxdıqda Bakının işgüzar adamları tərəfindən gəlir mənbəyi nöqteyi-nəzərindən teatra maraq oyandı.

Yeni teatrın tikintisi haqqında gedən söz-söhbətlər Tağıyevi öz teatrının yenilənməsi işi ilə ciddi məşğul olmağa vadar etdi. Teatrın rekonstruksiya layihəsinin tərtibi və bütün memarlıq-tikinti işlərinə nəzarəti 1898-ci ildə mülki mühəndis P.İ.Koqnovitskiyə tapşırdı. Teatrın rekonstruksiyasında istedadlı memar Qoslovski də iştirak edirdi və o, öz yaradıcılıq fantaziyasına sadiq qalaraq, gözəl layihə yaratmışdı. Tamaşaçı zalında yerlərin sayı 1200-ə çatdırılmış, fasadların memarlığı Şərq üslubunda icra edilmişdi, birinci yarusun balkonunun mərkəzində teatr sahibinin lojası yerləşdirilmişdi. Tağıyev teatrı həm də texniki cəhətdən təkmilləşdirilmiş, elektrik işıqlandırma sistemi çəkilmişdi. Lakin bina 1909-cu ildə yanğına məruz qalmışdı. Onu yenidən tikmək lazım gəlirdi. Əvvəlki ikimərtəbəli teatr binasının yerinə üçmərtəbəli, əlavə 600 nəfərlik daha tutumlu bina tikildi.

1918-ci il fevralın 1-də Tağıyev teatrı yenidən yandı. Binanın yalnız daş və dəmir - beton karkası qalmışdı. Teatr bir də Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, 1921-1922-ci illərdə bərpa olundu. Teatrın layihəsini Bakının baş memarı, mülki mühəndis Zivər bəy Əhmədbəyov tərtib etmişdi.

Bakı Opera Teatrı 1910-1911-ci illərdə memar N.Q.Bayevin layihəsi əsasında tikilmişdir. 1918-ci il oktyabrın18-də Azərbycan Xalq Cümhuriyyəti hökuməti binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmişdir. Teatr 1928-ci ildə M.F.Axundzadənin adını daşımış, 1959-cu ildən Akademik Opera və Balet Teatrı olmuşdur.

Hazırladı:

İ.ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video