12 Sentyabr 2020 00:24
3880
SİYASƏT
A- A+

İlham Əliyev postpandemiya dövrünün hədəflərini müəyyənləşdirir


Prezidentin yaratdığı İqtisadi Şura iqtisadiyyatın yeni strateji istiqamətlərini və çərçivəsini dəqiqləşdirəcək


2020-ci il dünya iqtisadiyyatı üçün uğursuz il kimi tarixə düşdü. Həm qlobal pandemiya ilə mübarizə, həm də neftin qiymətinin kəskin düşməsi dünya dövlətlərini yeni çağırışlarla üz-üzə qoydu. Bu cür vəziyyətin nə qədər davam edəcəyini proqnoz etmək mümkün deyil. Yəni pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı qeyri-müəyyənlik səbəbindən dünya ölkələrində iqtisadi tənəzzül hələ davam etməkdədir. Ona görə də bu gün dövlətlərin qarşısında iki əsas çağırış var - pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması və milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı.

Dünyanın bir parçası olan Azərbaycanda da dövlət bu istiqamətdə mühüm addımlar atmaqdadır. Həm pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması istiqamətində qərarlar qəbul edilir, həm də postpandemiya dövrünə hazırlıqla bağlı islahatlar aparılır.


Qlobal böhran və ölkə iqtisadiyyatı qarşısında yaranan yeni çağırışlar


Dünya təcrübəsi göstərir ki, iqtisadi siyasətin ayrı-ayrı istiqamətlərinə cavabdeh olan qurumların bir platformadan koordinasiya olunması müsbət səmərəsini verir. Həyata keçirdiyi yeniliklərlə dünyada ən islahatçı Prezident kimi tanınan cənab İlham Əliyev imzaladığı fərman və sərəncamlarla postpandemiya dövründə sosial-iqtisadi sferada islahatların vahid mərkəzdən əlaqələndirilməsi sistemini yaradır.

Dövlət başçısının imzaladığı fərmanla Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması da bu məqsədə xidmət edən mütərəqqi addımdır.

Sənəddə qeyd edildiyi kimi, Azərbaycanda son 20 ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olub. Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinqlərdə irəliləyib, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlib. Ümumi daxili məhsulun həcmi 3 dəfədən çox artıb, vətəndaşların həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

Lakin son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyi xüsusilə ilin əvvəllərindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji çağırışları yaradıb. Yaradılmış rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, iqtisadiyyatın neft gəlirlərindən asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır.

Bu səbəbdən də növbəti onillikdə ölkəmizdə sosial rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşıda duran başlıca strateji çağırışlardan biridir. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və "biznesə dost” digər strateji vəzifələrin icrası təmin olunmalıdır.

Sənəddə qeyd edilir ki, milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olunur.

İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməlidir.


İqtisadi Şuranın yaradılması zərurəti


Prezidentin bu fərmanı ilə 4 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edildi. 2016-cı ildə Maliyyə Sabitliyi Şurasının yaradılması dünyada və ölkəmizdəki yeni iqtisadi situasiyaya ilə bağlı idi. O zaman yaşanan qlobal iqtisadi böhran və dünya bazarlarında neftin qiymətinin düşməsi, Azərbaycanda iki dəfə yaşanan devalvasiya və milli valyutanın sabitliyi üçün yaranmış təhlükə hökuməti sərt tədbirlər görməyə vadar edirdi.

Geniş səlahiyyətlər verilən Maliyyə Sabitliyi Şurasının əsas missiyası makro-iqtisadi və maliyyə sabitliyinin qorunub saxlanmasına nail olmaq idi. Getdikcə makroiqtisadi göstəricilərin yaxşılaşmağa doğru getməsi və milli valyutanın kursunun sabitləşməsi bu addımın effektivliyini göstərdi. Hazırda ölkənin maliyyə bazarı sabitləşib və belə demək mümkünsə, Maliyyə Sabitliyi Şurasının qarşısına qoyulmuş məqsədlərə nail olunub.

Bu gün isə hazırkı əlverişsiz qlobal mühitdə son illər ərzində əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin aşağı düşməsinə imkan verməmək və postpandemiya dövründə iqtisadiyyatın artım tempini yüksəltmək, qlobal böhran və pandemiya şəraitində milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək zərurəti yaranıb. Bütün bunları nəzərə alan cənab İlham Əliyev hər zaman olduğu kimi, uzaqgörən qərar qəbul edərək İqtisadi Şuranı yaratdı və qurumun qarşısında mühüm tələblər qoydu.

Yeni yaranan şuranın qarşısında qoyulan qlobal məqsədlər daha dayanıqlı iqtisadi artım mənbələrinin yaradılması, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbi və qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsidir.

İqtisadi Şura ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda baş verən proseslərin öyrənilməsi, ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi üçün təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir. Şura postpandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasına, səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olmalıdır.


İlham Əliyev şura qarşısında mühüm vəzifələr və tələblər qoyub


Ləğv edilən Maliyyə Sabitliyi Şurası ilə müqayisədə İqtisadi Şuranın səlahiyyətləri və imkanları böyükdür. Yəni şuranın qərar qəbuletməyə təsiri və prosesləri koordinasiya etməyə imkanları daha genişdir.

Eyni zamanda Maliyyə Sabitliyi Şurası daha çox maliyyə sektorundakı proseslər üzrə səlahiyyətlərə malik idisə, yeni şura iqtisadiyyatın bütün sahələri üzrə dərinləşdirilmiş strategiyaların, idarəetmə çərçivələrinin hazırlanması, iqtisadi, siyasi, sosial sferalarda təşəbbüslərin göstərilməsi, eyni zamanda, biznes mühitinin, investisiya mühitinin fərmanda da qeyd olunduğu kimi, radikal yaxşılaşdırılması, yeni təşfiq mexanizmlərinin hazırlanması, on ildə iqtisadiyyatın iki dəfə böyüdülməsi kimi vəzifələri yerinə yetirməlidir.

Şuranın hazırlayacağı və prezidentə təqdim ediləcəyi təkliflər sözsüz ki, ölkəmizdə aparılan iqtisadi siyasətin yeni strateji istiqamətlərini və çərçivəsini müəyyən edəcəkdir. Bu, olduqca mühüm bir məsələdir. İqtisadi Şuranın çevik fəaliyyəti ölkəmizin hərtərəfli, dinamik inkişafının təmin edilməsində böyük rol oynaya bilər.

Sentyabrın 10-da Azərbaycan Respublikasının Baş Naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə qurumun ilk iclası keçirilib. Qeyd edib ki, İqtisadi Şura yeni bir platforma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün əlverişli institutdur. Şuranın qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün bütün təşkilati, iqtisadi və maliyyə imkanları var.

Prezidentin tapşırığına əsasən, İqtisadi Şura iqtisadi siyasətin çərçivələrinə dair proqram hazırlamalıdır. Dövlət investisiyalarına paralel olaraq özəl yerli və xarici investisiyaların cəlbi yeni dövr iqtisadi siyasətin əsas istiqaməti olmalı, özəl sektorun aparıcı rolu təmin edilməli, investisiya mühitinin yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atılmalıdır.

Baş Nazir vurğulayıb ki, qeyd olunan vəzifələrin icrasını təmin etmək məqsədilə Prezidentin fərmanında İqtisadi Şuraya iqtisadiyyatın bütün sahələrində, o cümlədən fiskal, monetar və maliyyə-bank sahələrində, real sektorda, özəl investisiyaların təşviq edilməsində, dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində, sosial müdafiə sisteminin səmərəliliyinin artırılmasında, səhiyyə və təhsilin inkişafında dünyada mövcud olan uğurlu modellər əsasında təkliflər hazırlanması tapşırılıb. Şura fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə yerli və xarici ekspertləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə bilər.

Bir sözlə, milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə cənab İlham Əliyev qarşıya yeni vəzifələr qoyub və bu, əlbəttə ki, ölkə iqtisadiyyatının tərəqqisi və gələcəyi üçün böyük əhəmiyyətə malikdir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video