12 Sentyabr 2020 00:16
988
Mədəniyyət
A- A+

Mətin insan


Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin komissiya sədri Fəttah Heydərovun vəfatı tək onu tanıyanların, yaxınlarının deyil, mübaliğəsiz desək, qədirbilən xalqımız üçün itki oldu. Tariximizin mühüm dövrlərinin fəal iştirakçısı, ictimai-siyasi proseslərdə əzmkar, mərd, dönməz xarakteri ilə prinsipial insan obrazı yaratmış bu dəyərli insan, heç şübhəsiz, salnaməmizdə və yaddaşlarda daim xoş duyğularla, ehtiramla anılacaq.

1938-ci ildə Azərbaycanın ən qədim və zəngin yaşayış məskənlərindən biri olan Naxçıvanın Çeşməbasar kəndində dünyaya gələn Fəttah Səməd oğlu Heydərov Böyük Vətən müharibəsinin qanlı-qadalı, barıt qoxulu illərini yaşamış, Qələbə ovqatı yaranan dövrdə birinci sinifə qədəm qoymuşdur. Fəal və qabaqcıl şagird kimi tanınan bu yeniyetmə Nehrəm kənd orta məktəbini bitirdikdən sonra ülvi arzularını gerçəkləşdirmək ümidi ilə Bakıya üz tutaraq əvvəlcə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini, sonra isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

İlk olaraq Naxçıvanda Güznüt kənd klubunun müdiri kimi əmək fəaliyyətinə başlayan Fəttah Heydərov sonralar Çeşməbasar kənd səkkizillik məktəbində müəllim işləyərək, xalqımızın balalarının savadlanması üçün bilik və bacarığını əsirgəməmiş, həmin illərdə özü də zəngin həyat təcrübəsi qazanmağa başlamışdır. Fəallığı, tapşırılan işə həssas münasibəti və yüksək məsuliyyət hissi onun Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, sonra isə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə irəli çəkilməsinə səbəb olmuşdur. Təşkilatçılıq işinin sirlərini öyrənən Fəttah Heydərov, necə deyərlər, bir daha sınaqdan keçirilmiş - artıq 38 yaşında Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri kimi məsuliyyətli bir vəzifəyə təyin edilmişdir. Rəhbər vəzifədə çalışdığı vaxt ərzində bir an belə unutmamışdır ki, insanların rahatlığı, xoş əhvali-ruhiyyəsi məişətçilərin işinin təşkilindən xeyli dərəcədə asılıdır. Bir nazir kimi işdə nöqsanlara qarşı barışmazlıq, ciddi intizam, xalq, dövlət əmlakına qayğılı münasibət Fəttah Heydərovun başlıca amalı olmuşdur.

Artıq 1978-ci ilin əvvəllərində həyat və istehsalat təcrübəsinə sahib yetkin bir kadr kimi Fəttah Heydərov Ordubad Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilmişdir. Burada o, rayonun inkişafına, ilk növbədə, kənd təsərrüfatının yüksəlişinə nail olmaqla yanaşı, o zaman unudulmuş, hətta bərpasına qadağa qoyulmuş, lakin tariximizin öyrənilməsi, maddi mədəniyyət nümunələrimizin və xalqımızın milli, mənəvi, dini dəyərlərinin yaşadılması baxımından böyük əhəmiyyət kəsb edən vacib sahələrə də diqqət və qayğı göstərmişdir. Fəttah Heydərovun rəhbərliyi dövründə rayondakı Came və Sərşəhər məscidlərinin, Zorxana binasının, Buzxananın, həmçinin memarlıq və dini dəyərləri özündə əks etdirən bir sıra digər qiymətli binaların mühafizə edilməsində və bərpasında əhəmiyyətli işlər görülmüşdür.

1980-ci ilin əvvəllərində Culfa Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilən Fəttah Heydərovun başçılığı altında rayon zəhmətkeşləri kənd təsərrüfatı məhsulları istehsalının artırılması və satışının təmin edilməsi sahəsində böyük uğurlar qazanmışlar. Kənd təsərrüfatı məhsullarının əsas növlərinin satışı üzrə tapşırıqlar vaxtından xeyli əvvəl yerinə yetirilmişdir.

Sonrakı dövrdə Fəttah Heydərov Naxçıvanda Mədəniyyət naziri vəzifəsində çalışmışdır. Həmin illər ərzində muxtar respublikada mədəniyyət sahəsində diqqətəlayiq işlər görülmışdır - mədəniyyət müəssisələrinin maddi-texniki bazası əvvəlki illərə nisbətən xeyli möhkəmləndirilmiş, müəssisələrə inventar və avadanlıqlar alınmış, bir çox təmir işləri yerinə yetirilmiş, həmçinin kəndlərdə yeni mədəniyyət evləri, uşaq musiqi məktəbləri tikilib istifadəyə verilmişdir. Naxçıvan şəhərində general C.Naxçıvanskinin ev-muzeyi, respublika kitabxanası və respublika uşaq kitabxanası yenidən qurulmuş, bir çox mədəni-maarif müəssisələri ictimai əsaslarla təmir edilmiş, muxtar respublika əhalisi üçün əhəmiyyətli olan digər işlər yerinə yetirilmişdir.

Bütün bunlarla yanaşı, Fəttah Heydərov 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları sovetlərinin deputatı olaraq insanlarla birgə fəaliyyət göstərməyi, xalqa xidmət etməyi böyük məsuliyyətlə həyata keçirmişdir.

Bütün həyatını Azərbaycan dövlətinin və xalqının inkişafına, tərəqqisinə həsr etmiş, 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuş Fəttah Heydərov 1995-ci ildən daha məsuliyyətli vəzifəni üzərinə götürmüşdür. Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə Qəbələ rayonu seçicilərinin böyük etimadını qazanaraq millət vəkili seçilmiş Fəttah Heydərov 2020-ci ilə qədər bu şərəfli missiyanı daşımış, millətimizin rifahı naminə taleyüklü qərar və qanunların qəbul olunmasında, xalqımızı narahat edən bir çox problemli məsələlərin həllində yaxından iştirak etmiş, vətəndaşlarımızın qayğılarını daim diqqət mərkəzində saxlamışdır.

Fəttah Heydərov 2013-cü ildən 2020-ci ilə qədər 7 il uğurla və böyük əzmkarlıqla Azərbaycan Ağsaqqallar Şurasına sədrlik etmişdir. 1989-cu ildə təsis edilən Azərbaycan Ağsaqqallar Şurasının ilk sədri akademik İmam Mustafayevin vəfatından sonra 1997-ci ildə akademik Budaq Budaqov Azərbaycan Ağsaqqallar Şurasının III növbədənkənar qurultayında Şuranın sədri seçilmişdir. Azərbaycan Ağsaqqallar Şurasının 2002 və 2009-cu illərdə keçirilən IV və V qurultaylarında yenidən Şuranın sədri seçilən Budaq Budaqov bu məsuliyyətli və sərfəli vəzifəni o dövrdəki sədr müavinləri - Fəttah Heydərov, Bayram Yusifov və Əli Həsənovla birgə daşıyırdı. Akademik Budaq Budaqovun vəfatından sonra - 2013-cü ildə Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayında digər sahələrdə olduğu kimi, Şuranın idarəçiliyində də böyük təcrübəsi olan Azərbaycan Milli Məclisinin deputatı Fəttah Heydərov təşkilatın sədri seçildi və buradakı əzmkar fəaliyyətini amansız ölüm onu bizdən ayırana qədər - 2020-ci ilədək yüksək səviyyədə davam etdirdi.

Bu illər ərzində Fəttah Heydərov özünün zəngin biliyi və geniş fəaliyyəti ilə Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətinə böyük töhfələr verdi. Onun rəhbərliyi altında Azərbaycan ağsaqqalları qarşılarında duran əsas vəzifələrin öhdəsindən layiqincə gələrək Ümummilli Lider Heydər Əliyevin bizə ərməğan etdiyi, möhtərəm Prezident cənab İlham Əliyevin isə daha da inkişaf etdirdiyi və hərtərəfli zənginləşdirdiyi dövlətimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə ürəkdən xidmətlərini etmişdilər. Milli-mənəvi dəyərlərimizin qızıl fondu sayılan ağsaqqallarımız Fəttah Heydərovun başçılığı ilə cəmiyyətin sağlam ruhda inkişafı, gənc nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün üzərlərinə düşən missiyaları daim böyük əzmkarlıqla davam etdirmiş, Ulu Öndər Heydər Əliyevin mənəvi irsinin, bu fövqəlbəşər şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması sahəsində ciddi işlər aparmışlar. Fəttah Heydərovun şərəfli və məhsuldar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün bir nümunə məktəbi olmuşdur.

Fəttah Heydərov Azərbaycanın həlledici tarixi məqamlarında həmişə milli və dövlət maraqlarını üstün tutaraq xalqa və Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirmiş, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın gələcək tərəqqisinə, iqtisadi yüksəlişinə istiqamətlənmiş uğurlu siyasətinin yanında olmuşdur. Tutduğu vəzifələrdəki uğurlu fəaliyyətinə görə Fəttah Heydərov bir çox mükafatlarla təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli fəal və səmərəli iştirakına görə "Şöhrət”, "Şərəf” və "İstiqlal” ordenlərinə layiq görülmüşdür. Bu vətənpərvər insan üçün ən böyük mükafat isə dövlətimizin göstərdiyi yüksək etimadla yanaşı, xalqımızın ona olan tükənməz sevgisi idi.

Müdrikcəsinə deyib atalarımız: "Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın”. Yaman günün dostu idi Fəttah müəllim. Hər bir dostun fəxr edə biləcəyi insan idi. Gəldiyi vaxt boşluq dolduran dost deyildi, getdiyi vaxt yeri doldurulmayan unudulmaz dost idi Fəttah müəllim...

İnsan təbiətin tacı, yer üzünün əşrəfidir. Uludur, alidir, ülvidir, ucadır. Bu şərəfli adı şərəflə daşıyan, şərəflə yaşayan insan idi Fəttah müəllim. Təbiətən mülayim, xoşrəftar, diqqətcil, qayğıkeş, tələbkar idi. Səmimi, özü bütöv, sözübütöv, istiqanlı, vətəncanlı idi. Dövləti ilə fəxr edən, xalqı ilə qürur duyan idi.

Fəttah müəllim Ulu Öndər Heydər Əliyevin məsləkdaşı, mətin iradəli sınanmış əsgəri idi. Müstəqilliyimizin, dövlətimizin, dövlətçiliyimizin inkişafında əməyi vardı.

Fəttah müəllim Allah adamıydı. Dinə inanan, iman gətirən idi, hacı idi. "Qurani Kərim”i dərindən bilər, yeri gəldikdə, müqəddəs kitabın hikmətlərindən misallar gətirərdi.

Fəttah müəllim yüksək mədəniyyətə, zəngin mənəviyyata malik ziyalı idi. Dərin biliyi, geniş erudisiyası, güclü məntiqi ilə seçilən ziyalı idi. Nurlu, işıqlı ziyalı. Davranışı, hərəkəti, hətta sadə geyim tərzi ilə seçilən ziyalı...

1995-ci ildə hər ikimiz Milli Məclisə deputat seçildik. Tanışlığımız dostluğa çevrildi. Son illər Fəttah müəllim Azərbaycan Ağsaqqallar Şurasının sədri, mən isə onun müavinlərindən biri idim. Məqsədimiz, məramımız hörmətli Prezident cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləmək, gənclərin vətənpərvərlik ruhunda yetişməsində xidmət göstərmək idi...

Neyləyəsən ki, ölüm haqdır, alın yazısı qaçılmazdır. Bir gün gələn bir gün gedər fani dünyadan. Ancaq unudulmaz Fəttah müəllimin alicənablığı, parlaq siması xatirələrdə yaşayacaq, yad ediləcək, anılacaq.

Qəbri nurla dolsun!

Teymur BÜNYADOV,

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video