11 Sentyabr 2020 00:17
3805
CƏMİYYƏT
A- A+

Sağlam nəsil, sağlam gələcək


"Gənclərdə bu işlərlə məşğul olmaq üçün maraq və həvəs vardır. Ümumiyyətlə, könüllülük işi çox nəcib işdir və hər bir gəncin öz dövlətinə bağlılığını göstərir. Eyni zamanda burada təcrübə əldə etmək üçün də yaxşı imkanlar vardır. Onlar gələcək fəaliyyətlərində də əlbəttə ki, bu təcrübədən istifadə edəcəklər”.

İlham ƏLİYEV


Dəyərlərin əzəməti


Ehtiyacı olana kömək göstərmək xalqımızın ruhundadır. Bu torpaqlarda yaşayan insanlar əsrlərdir ki, könüllülüyü bir dəyər kimi yaşadıb, əmanət olaraq nəsillərdən-nəsillərə ötürüb. Azərbaycan insanları həmişə xeyir-şərdə, ictimai işlərdə birgə çalışıblar, bir-birlərinə dəstək olublar. Yükün ağır-yüngüllüyünə baxmayaraq, ən çətin maneələri yollarından kənarlaşdırıblar. Tarixin inkişaf məntiqi göstərir ki, el-obalarımızda insanları nəcib niyyətlər ətrafında bir araya gətirən, ən böyük fədakarlıq nümunəsini özləri ortaya qoyan sayılıb- seçilən ağsaqqallarımız, ağbirçəklərimiz həmişə olub, yenə də var. Onlar xeyirxahlığı, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb, yenə də yaşadacaqlar. Xalqın ruhuna hər zaman nəfəs verən, milli şüuru zəifləməyə qoymayan ən böyük qüvvə bu dəyərlərin əzəmətidir.

Bu gün ölkənin inkişafı üçün var qüvvəsini əsirgəməyən, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin öz məqsədlərinə çatmasına töhfə verməkdən ötrü çalışan, Vətənə sevgisini əməli işdə göstərən gənc könüllülərimiz də eyni ruhun daşıyıcısıdırlar. Könüllülük fəaliyyəti Azərbaycan cəmiyyəti üçün, əslində, yenilik deyil, tarixi irsimizdən gələn ənənələrdir.


Bu gün və gələcək qarşısında məsuliyyət


Son illər Azərbaycanda həyata keçirilən irimiqyaslı tədbirlər ölkə gənclərinin xüsusi fəallığı ilə müşayiət olunur. Müxtəlif sahələri əhatə edən çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərdə ölkə gəncləri öz bacarığı, əzmi, intellektual səviyyəsini layiqli şəkildə nümayiş etdirirlər. Gənclərimizin könüllü olaraq yaxından iştirak etdiyi belə tədbirlər cəmiyyətdə böyük rəğbətlə qarşılanır.

Azərbaycanda könüllülük fəaliyyətinin böyük ictimai hərəkata çevrilməsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra apardığı dövlət gənclər siyasətinin müsbət nəticələridir. Prezident İlham Əliyevin yeni inkişaf mərhələsində uğurla davam etdirdiyi bu siyasət Azərbaycan gəncliyinin ümumdövlət mənafeləri ətrafında bir araya gətirilməsində böyük rol oynayır. Gənclərdə Vətənə, ölkəmizin tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhu, cəmiyyətin bu günü və gələcəyi qarşısında sosial məsuliyyət hissi aşılayır.

Azərbaycanda rəsmi şəkildə könüllülük hərəkatının tarixi 1998-ci ildə reallaşdırılmağa başlanıb. O zaman Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf və Könüllülər Proqramı ilə birlikdə 650 gənci əhatə edən ilk pilot layihə həyata keçirilib. 1998-2000-ci illərdə reallaşdırılan proqram nəticəsində könüllülük prinsipləri daha geniş auditoriyada təbliğ olunub və nəticədə ilk könüllü komandası yaradılıb. Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış bu hərəkat hazırda geniş vüsət alıb, xüsusilə gənclərimizin həyat tərzinə çevrilib.

Müəyyən müddət ərzində könüllülük fəaliyyətinə dövlət dəstəyi mexanizmləri də formalaşdırılıb. Xüsusilə, 2009-cu ildə qəbul edilmiş "Könüllü fəaliyyət haqqında” qanun Azərbaycanda bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasına yol açıb. 10 maddədən ibarət bu qanunla respublikada könüllülüyün hüquqi əsasları müəyyənləşdirilib.

Bir faktı da qeyd edək ki, Azərbaycan MDB dövlətləri arasında könüllülərin fəaliyyəti ilə bağlı qanun qəbul edən ilk ölkələrdəndir.


Könüllülük hərəkatı ilə bağlı ilk böyük sınaq 2012-ci ildə oldu


Azərbaycanda keçirilmiş "Avrovisiya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilati işlərinə 1200-dək könüllü cəlb edildi. Gənclər bu sınaqdan uğurla çıxdılar və nə qədər böyük potensiala malik olduqlarını göstərdilər. Bakıda keçirilmiş ilk Avropa Oyunları bu sahədə öz işini daha geniş miqyasda aparmalı oldu. Bu mötəbər çoxnövlü idman turnirində 17 minə yaxın gənc könüllülük fəaliyyətinə cəlb edildi. Həmin tədbirdə iştirak üçün 20 mindən artıq insan müraciət etmişdi. Onların arasından hazırlığı, xarici dil bilikləri yüksək olanlar seçilib bu işlərə cəlb edildi. Daha sonra "Formula-1”, IV İslam Həmrəyliyi Oyunları, humanitar forumlar və digər irimiqyaslı tədbirlərdə könüllülərimiz xüsusi fəallıq göstərdilər. Onların hər birinə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın imzası ilə diplomlar təqdim edildi. Beləliklə, ictimai hərəkat kimi ölkəmizdə könüllülük fəaliyyətinin əhatə dairəsi genişləndi.

Dövlət başçısı gənclərin könüllülük hərəkatında fəal iştirakına xüsusi diqqət yetirir. Azərbaycan gənclərinin bütün toplantılarında Prezident İlham Əliyev bu hərəkatın rolunu xüsusi qeyd edir.


Könüllülük mahiyyətcə ölkə hüdudlarından kənara çıxan nəcib bir işdir


Könüllülər Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə, səmərəli əməkdaşlıqların qurulmasına da əhəmiyyətli töhfələr verirlər. Gənclərimiz xaricdən gələn qonaqlarla ünsiyyətdə olur, onları müşayiət etməklə yanaşı, Azərbaycanın mədəniyyətini, tarixini, ölkəmizlə bağlı həqiqətləri təbliğ edirlər. Bu, özlüyündə böyük bir missiyadır. Sevindirici haldır ki, gənclərimiz bu missiyanı uğurla yerinə yetirirlər.

Bü il dünya ən yeni tarixinin çətin sınaqlar dövrünü yaşayır. Ötən ilin sonlarından müxtəlif ölkələrdə işartıları görünməyə başlayan COVID-19 infeksiyası qlobal pandemiyaya çevrilərək bütün bəşəriyyət üçün böyük təhlükə yaratdı. Belə bir dövrdə könüllülərin fəaliyyəti nümunəyə çevrildi. Onlar tənha yaşayan ahıl vətəndaşlara, əlilliyi olan şəxslərə, aztəmantlı ailələrə müxtəlif yardım aksiyalarında fəallıq göstərdilər, başqalarına lazımlı olduqlarını hiss etdirdilər. Bu, əslində, ulularımızdan gələn nəcib ənənələrin yeni formada təqdimatıdır. ASAN Könüllüləri Təşkilatı formalaşdırıldı. Bu xidmətin qısa zamanda vətəndaşlar arasında böyük nüfuz qazanmasında, Azərbaycan brendinə çevrilməsində ASAN Könüllülərinin də çox böyük rolu oldu. "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə Könüllüləri və digər könüllü hərəkatları yarandı. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşdırıldı.

Azərbaycan dövləti könüllülük fəaliyyətinin genişləndirilməsinə kömək göstərməklə gənclərin fərdi inkişafına da təkan verir. Onlar üçün bərabər imkanlar mühiti formalaşdırır, öz potensiallarını, komanda işi bacarıqlarını reallaşdırmaqdan ötrü əlverişli şərait yaradır, gənclərdə sosial məsuliyyət hissini gücləndirir. Onların potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməyə çalışır. Bütün bunlarla da ölkəmizin bu günü və gələcəyi üçün sağlam bir nəsil yetişdirir.

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video