11 Sentyabr 2020 00:11
885
CƏMİYYƏT
A- A+

Velosipedçi də hərəkət iştirakçısıdır


Atalarımız "Sonrakı peşmançılıq fayda verməz”, - deyiblər. Əfsuslar olsun ki, bu müdrik kəlamdan istənilən kimi nəticə çıxarmır, atdığımız addımın, tutduğumuz işin nə ilə başa çatacağını düşünmürük.

Söhbət son zamanlar durmadan artan velosiped qəzalarından gedir. Yeniyetmə və uşaqlar şəhər yerlərindəki küçə və parklarda velosipedlərlə cıdır yarışına çıxıbmış kimi iki-bir, üç-bir, bəzən də qrup halında sürətlə belədən-belə şütüyürlər. Onlar axşam saatlarında istirahətə çıxan qoca, qadın və azyaşlı uşaqların yanından sürətlə keçərkən müxtəlif manevrlərlə adamlarda qorxu, həyəcan hissi yaradırlar. Bəzən xəsarət alanlar da olur. Nəqliyyatın sel suları kimi axıb getdiyi küçələrdə də velosiped sürənlər az deyildir. Rayon yerlərində isə daha təhlükəli mənzərə hökm sürməkdədir. Uşaqlar qəsəbə və kəndlərin, habelə rayon mərkəzlərinin ərazilərindən keçib gedən magistral şose yoluna çıxaraq sanki nəyə qadir olduqlarını göstərmək istəyirlər. Elə bu vaxt da onların bəziləri avtomobillərin yoluna çıxıb qəza vəziyyəti yaradırlar. Belə hallar isə çox zaman ölümlə nəticələnir. Bu yaxınlarda Salyan rayonundakı Şorsulu tam orta məktəbin 9-cu sinif şagirdi Ruslan Əsgərov axşam vaxtı yaxınlıqdan keçən şose yolunda velosiped sürərkən maşına çırpılaraq kəllə-beyin travması almışdır. Bakı şəhərinə - xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmamışdır. Cəlilabad rayonunun Sabirabad kəndində baş verən hadisə də dəhşətlidir. Həmin kənddə yaşayan Mehman Məmmədov idarə etdiyi "Mersedes-Bens C 180” markalı avtomobillə 13 iyul 2020-ci il tarixdə kəndin ərazisində hərəkətdə olarkən təzə-təzə velosiped sürməyi öyrənən 4 yaşlı Yusif Məmmədovu vurmuşdur. Bədəninin müxtəlif nahiyələrindən zədə alan balaca Yusif xəstəxanaya aparılarkən yolda keçinmişdir.

Biz əslində velosipedin əleyhinə deyilik. Məlumdur ki, velosiped sərfəli və sağlamlıq üçün lazımlı , ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir. Bir çox inkişaf etmiş ölkələrdə hətta yüksək çinli məmurların belə ondan istifadə etdikləri də heç kəsə sirr deyil. Lakin hər şeydən qaydasında istifadə etdikdə faydalı olur. Çoxlu sayda velosiped qəzalarının nədən yarandığını təhlil edərkən burada müxtəlif səbəblər ağıla gəlir. Bəlkə bu, koronavirus pandemiyası dövründə uşaqların məktəbə getmədikləri, onların asudə vaxtının bolluğu, valideynlərin övladlarına qarşı diqqətsizliyi, yol hərəkəti qaydaları haqqında maarifləndirmə işinin zəifliyi və ya heç olmadığı ucbatından yaranır? Artıq bu barədə ciddi düşünməyin vaxtıdır. Bəlkə də gecikmişik ki, bu qəzalar baş verir. Yalnız iki kəndin timsalında gördüyümüz bu faktlar digər rayonlarda da təkrar olunur. Hər birimiz də velosiped sürənlərin sayının gündən-günə çoxaldığını görürük. Hər bir valideyn, hər bir təhsil ocağı, ictimaiyyət və əlaqədar qurumlar bu barədə düşünməli, maarifləndirmə işləri aparmalıdırlar.

Bir vacib məqamı unutmayaq: velosipedçi də hərəkət iştirakçısıdır. Odur ki, yol hərəkəti qaydalarını bilməli və ona düzgün əməl etməlidir. Belədə həm özünü qoruyar, həm də qəzaların qarşısı alınar.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video