10 Sentyabr 2020 17:54
1102
PARLAMENT
A- A+

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

 
Sentyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili iclasın gündəliyi haqqında məlumat verib. İclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabat təqdim edilib. Komitənin 2020-ci il payız sessiyası dövrünə dair işlər planına baxıldıqdan sonra altı qanun layihəsi müzakirəyə çıxarılıb.

T.Mirkişili qeyd edib ki, COVID-19 xəstəliyinin yayılmasına qarşı Azərbaycanda müxtəlif istiqamətlərdə dövlət tərəfindən tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pandemiyaya qarşı mübarizədə uğurlar qazanılıb. Həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatda azalma aşağı səviyyədə olub. Komitə sədri bildirib ki, bu ilin 7 ayı ərzində ümumi daxili məhsul 2,8 faiz azalsa da, qeyri-neft sektorunda 1,6 faiz artım olub. Bu, digər ölkələrlə müqayisədə çox yaxşı göstəricidir.

T.Mirkişili sentyabrın 9-da Prezidentin Fərmanı ilə İqtisadi Şura yaradıldığını qeyd edib. Şura qarşısında Azərbaycan iqtisadiyyatının yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olunması ilə bağlı tapşırıqlar qoyulduğunu diqqətə çatdıran komitə sədri qeyri-neft sektorunun inkişafının insan kapitalından istifadəni nəzərdə tutduğunu deyib. Onun sözlərinə görə, iqtisadi Şuranın qarşısına qoyulan məqsədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında da qanunvericilik baxımından yeni çağırışlar müəyyən edir.

Qeyd edilib ki, Maliyyə Nazirliyi tərəfindən Azərbaycanın 2021-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb. Yaxın vaxtlarda 2021-ci ilin dövlət büdcəsi layihəsi müzakirə üçün Milli Məclisə daxil olacaq. Bildirilib ki, 2021-ci ildə 2,8-3,4 faiz iqtisadi artım proqnozlaşdırılır. Bu büdcə ilk dəfə ortamüddətli xərclər əsasında hazırlanıb.

Komitə sədri pandemiya dövründə parlamentdə iclasların səmərəli və keyfiyyətli keçirilməsi ilə əlaqədar Milli Məclisin Sədri Sahibə Qafarovaya komitə adından minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə öz fəaliyyətini Milli Məclisin qanunvericilik planına uyğun şəkildə həyata keçirib. Ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar vətəndaşlarla birbaşa ünsiyyət imkanları məhdud olsa da, komitə üzvləri seçicilərlə onlayn qəbullar keçirib.

Diqqətə çatdırılıb ki, komitədə 26 iclas keçirilib, bu iclaslarda 96 məsələ, o cümlədən 94 qanun layihəsi və 1 rəy geniş müzakirə edilib. Bu dövr ərzində Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabat, "2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, "2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi komitədə geniş müzakirə olunub.

Bildirilib ki, iclaslardan 14-ü videokonfrans formatında keçirilib. Yaz sessiyasında komitəyə 24 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, onlardan 15-i tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 8 ərizə işə alınıb.

Deputatlar 2020-ci il yaz və növbədənkənar sessiyalarda komitənin fəaliyyətinin qənaətbəxş olduğunu bildiriblər.

2020-ci il payız sessiyasında görüləcək işlər barədə məlumat verilərək bildirilib ki, bu müddətdə "Turizm haqqında”, "Lombardlar haqqında” və digər sənədlərə baxılması, dinləmələrin keçirilməsi nəzərdə tutulur. İclasda komitənin iş planı təsdiqlənib.

Sonra Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Əsmər İsmayılova "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq olunması barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında sənədi təqdim edib. Bildirilib ki, Saziş 2019-cu il 31 may tarixində Aşqabad şəhərində imzalanıb. Sazişdə əqli mülkiyyət obyektləri üzərində hüquqların qorunması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məqamlar əks olunub.

İclasda Tahir Mirkişili "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Qeyd edilib ki, təklif olunan dəyişiklik qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyaya əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qeyd edilib ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi Azərbaycan Prezidentinin "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq hazırlanıb. Bu məqsədlə məcəllənin 102.4.4-cü maddəsi ləğv olunur, 102.3-cü maddəsinə müvafiq düzəliş edilir. Düzəlişə görə daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynin, arvadın (ərin), himayəçinin və ya qəyyumun gəlirlərinin gəlir vergisindən azad olunan hissəsinin artıraraq 200 manat məbləğində müəyyən edilməsi, həmçinin gəlir vergisi üzrə güzəşt tətbiq olunan kateqoriyaya sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərin də aid edilməsi nəzərdə tutulur.

Gündəliyin növbəti məsələsini Milli Məclisin İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim edərkən deyib ki, "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli Fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu dörd qurum - Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi yaradılıb. Bununla bağlı Əmək Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında”, "İşsizlikdən sığorta haqqında” və "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişikliklər nəzərdə tutulub. Bu qanunların bir sıra maddələrində "müvafiq icra hakimiyyəti orqanı” sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz olunması təklif olunur. Belə ki, bu sənədlərdə nəzərdə tutulan səlahiyyətləri publik hüquqi şəxs statuslu Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi həyata keçirəcək.

Həmin qanunlarla bir paketdə daxil olan "Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən isə "Dövlət orqanı anlayışı” maddəsindən dövlət orqanının Dövlət Sosial Müdafiə və İşsizlikdən sığorta fondlarının büdcəsindən maliyyələşdirilməsi müddəası çıxarılır. Bu dəyişiklik həmin qurumların publik hüquqi şəxsə çevrilməsi və dövlət orqanı statusunu itirməsi ilə bağlıdır.

Sonra Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva "Mülki Prosessual Məcəlləsində, Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və "Nağdsız hesablaşmalar haqqında” (birinci oxunuşda) təqdim edib. O deyib ki, həmin qanun layihəsi 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli "Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılma məqsədilə hazırlanıb. Bu qanuna yeni bir anlayış – "məcburi nişanlanma ilə nişanlanmalı olan mallar” anlayışı daxil edilib.

Sonra qeyd olunub ki, "Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə qanunvericiliyə yeni bir anlayış – "məcburi nişanlanma ilə nişanlanmalı olan mallar” anlayışı daxil edilmişdi.

İclasda komitənin sədr müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov və Aydın Hüseynov qanunvericiliklə bağlı öz fikirlərini bildiriblər.

Tədbirdə iştirak edən Məşhur Məmmədov, Rüfət Quliyev, Ziyad Səmədzadə, İqbal Məmmədov, Məzahir Əfəndiyev fikir və rəylərini bildiriblər.

Komitə üzvləri gündəlikdəki qanun layihələrini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video