10 Sentyabr 2020 00:34
3949
SİYASƏT
A- A+

İlham Əliyev diplomatiyası Azərbaycanın geosiyasi çəkisini artırır


Prezidentin milli maraqlara əsaslanan xarici siyasəti ölkəmizi strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirib


Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirən Azərbaycan daim ardıcıl və sistemli addımlar atır. Son 17 ildə xarici siyasətin bütün istiqamətləri üzrə Azərbaycan diplomatiyası böyük uğurlar əldə edib.

Prezident İlham Əliyevin tam müstəqil, düşünülmüş siyasət yürütməsi, eləcə də elan etdiyi hücum diplomatiyası ölkəmizə son illərdə böyük dividendlər qazandırıb. Təbii ki, bu durum Azərbaycanı istəməyən qüvvələri hər zaman narahat edib və buna görə də ölkəmizə qarşı çirkin kampaniyalar, məkrli olaylar, ikili standartlar prinsipləri davam etdirilməkdədir. Ancaq bütün hallarda Azərbaycan bu hücumlara layiqli cavab verib və haqq səsini dünyaya çatdırıb.


Etibarlı və strateji tərəfdaş, milli maraqlara əsaslanan siyasət


Bu gün dünya xəritəsində olan heç də hər bir dövlət Azərbaycan kimi müstəqil xarici siyasət yürütmək iqtidarında deyil. Cənab İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanı dünyada, ilk növbədə, etibarlı və strateji tərəfdaşa çevirib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq təşkilatlarda söz sahibi kimi qəbul edilir.

Diqqət etsək görərik ki, həqiqətən də Azərbaycanın xarici siyasətinin uğurları çoxdur. Bu sırada təkcə ölkəmizin 120 daimi üzvü olan Qoşulmama Hərəkatı və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədrlik etməsini göstərmək yetərlidir. Əlbəttə ki, bütün bu uğurlar cənab İlham Əliyevin xarici diplomatiyasının təntənəsidir.

Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri bir daha həm cənab İlham Əliyevin, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir.

Digər tərəfdən, cənab İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə xidmət edən böyük işlər görülüb. Beynəlxalq təşkilatlarda bununla bağlı 2003-cü ildən bu yana əhəmiyyətli addımlar atılıb. İndi həmin təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün təmini məsələsi birmənalı olaraq əksini tapır. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və başqa beynəlxalq qurumlar Ermənistanın işğalçı olduğunu təsdiqləyir və Azərbaycan ərazisindən çıxmağı tələb edirlər.

Azərbaycana qarşı ikili standartlar siyasətinin yeridildiyi zamanda belə yüksək uğurların əldə edilməsi əlbəttə ki, cənab İlham Əliyevin böyük zəhmətinin bəhrəsidir.

Onu da vurğulamalıyıq ki, Azərbaycan müstəqil xarici siyasətini Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzü, beynəlxalq münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi və gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə müşayiət olunan fəaliyyətlər, o cümlədən yerləşdiyimiz regionun geosiyasi çətinlikləri şəraitində həyata keçirir.

Azərbaycanın ərazi bütövlüyünün bərpası xarici siyasətin çox mühüm aspektini təşkil edir. Ordumuzun Aprel və Günnüt zəfərləri, sonuncu Tovuz döyüşləri də göstərdi ki, təcavüzkar Ermənistanın manevr imkanları minimuma enib. Azərbaycan həm diplomatiya, həm də hərbi sahədə düşməni diz çökdürməyə tam qadirdir.


Hücum diplomatiyası, bütün beynəlxalq tədbirlərdə Ermənistanın ifşası


Cənab İlham Əliyevin hücum diplomatiyası sayəsində işğalçı Ermənistanın bütün məkrli planları alt-üst edilib.

Beynəlxalq konfranslarda, forumlarda həm dövlət başçısı, həm də ölkəmizi təmsil edən digər siyasətçilər tərəfindən təcavüzkar tutarlı faktlarla ifşa edilib.

Prezident İlham Əliyev Rusiyada "Valday” Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı N.Paşinyanın "Dağlıq Qarabağ Ermənistanındır. Nöqtə” ifadəsinin yalan, həqiqətdən uzaq olduğunu söyləyərək "Qarabağ Azərbaycandır və nida işarəsi” fikrini söyləməklə Paşinyanın cəfəng bəyanatlarının, populist yanaşmasının üstündən xətt çəkdi. Ermənistanın baş naziri həmin sözü Xankəndidə ermənilər qarşısındakı çıxışında demişdi. Ancaq İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin və dünyanın onlarla tanınmış beyin mərkəzlərinin analitiklərinin qarşısında, "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı onun cavabını verdi.

Digər beynəlxalq təşkilatların iclaslarında da dəfələrlə Ermənistanın yalanları, uydurmaları ifşa olunub. Pandemiya şəraitində olduğumuz üçün bu gün beynəlxalq qurumların konfransları videformat vasitəsilə keçirilir. Sentyabrın 8-də AŞ PA-nın Siyasi işlər və demokratiya komitəsinin video-konfrans formatında keçirilən iclasında Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev çıxış edərək Ermənistanın təcavüzkar siyasətini və cinayətkar fəaliyyətini bir daha iştirakçıların diqqətinə çatdırıb. Tovuz döyüşləri və erməni təxribatı barədə geniş danışan deputat Ermənistanın beynəlxalq humanitar hüququ kobud surətdə pozduğunu vurğulayıb. T.Gəncəliyev Ermənistanın öz işğal siyasətindən əl çəkmədiyini, yeni ərazilərimizə iddialı olduğunu, dövlət səviyyəsində ilhaq siyasətinin aparıldığını və bütün bunların Ermənistanın müdafiə naziri D.Tonoyanın "yeni ərazilər üçün yeni müharibə” doktrinasıyla bir daha öz təsdiqini tapdığını qeyd edib.

Bütün bunlar Azərbaycanın hücum diplomatiyasının uğurlarıdır. Bu diplomatiya səyəsində dünya birliyi artıq kimin kim olduğunu aydın şəkildə görür.


Ölkəmizin xarici siyasətinin əsas prioritetləri


Bu gün Azərbaycan, eyni zamanda, əməkdaşlıq formatlarının təşəbbüskarı kimi həm əməkdaşlıq, həm də təhlükəsizliyin təmini üzrə dünya siyasətində mövqeyini daha da gücləndirməkdədir. Azərbaycanın beynəlxalq təşkilatlarla, tərəfdaş ölkələrlə yaratdığı əməkdaşlıq formatları həqiqətən diplomatik uğurdur.

Ümumiyyətlə, Azərbaycan dövləti öz xarici, iqtisadi siyasətində və digər dünya dövlətləri ilə münasibətlərində açıq əməkdaşlıq siyasəti yürüdür. Bu münasibətlərdə yalnız milli dövlət maraqları əsas götürülür.

Prezident İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən də bildirdi ki, coğrafi, geosiyasi mövqeyinə görə bir çox ölkələr Azərbaycanla əməkdaşlığa maraq göstərir. Azərbaycan açıq ölkə olduğu üçün bu əməkdaşlığa hər zaman hazırdır və bu əməkdaşlıqdan məmnunluğunu ifadə edir. Azərbaycan, həmçinin bir-birinə antaqonist münasibətdə olan dövlətlərlə də əməkdaşlıq, dostluq edə bilir. Yəni Azərbaycan bütün əməkdaşlığını qarşılıqlı, milli və dövlət mənafeyi maraqları çərçivəsində qurur.

Bu istiqamətdə ilk prioritet işğalçı Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətlərdir və bu əlaqələr çox sağlam zəmində qurulub. Eləcə də qonşu ölkələr tərəfindən də Azərbaycana qarşı olan siyasət çox müsbətdir. Çünki Azərbaycan bu siyasəti dostluq, mehriban qonşuluq prinsipləri əsasında qurub.

Bir çox ölkələrlə strateji tərəfdaşlığı olan Azərbaycanın dünyanın nəhəng dövlətləri ilə münasibətləri çox böyük əhəmiyyət daşıyır və bu münasibətlərin böyük tarixi var. Beynəlxalq təşkilatlara gəlincə, ölkəmizin BMT, NATO, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatı və Avropa İttifaqı ilə əlaqələri də çox möhkəm zəmində qurulub. Aİ-yə üzv olan doqquz dövlətlə Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var. Hazırda Avropa İttifaqı ilə ölkəmiz arasında yeni saziş üzərində iş aparılır. Sazişin böyük hissəsi razılaşdırılıb.

Digər mühüm addım enerji layihələrinin reallaşdırılması istiqamətində atılıb. Cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan layihələr, Azərbaycanın iştirakçısı olduğu digər beynəlxalq layihələr regional və qlobal enerji təhlükəsizliyində ciddi rol oynayır. Bu gün Azərbaycan reallaşdırdığı layihələrlə Avropanın enerji xəritəsini dəyişir.

Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesinin fəal iştirakçısıdır. Ölkəmiz bu məsələdə səmərəli təklif və təşəbbüslərlə çıxış edir, praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Əlbəttə ki, bütün bunlar Azərbaycanın geosiyasi və geoiqtisadi çəkisini artırır və ölkəmizin strateji tərəfdaşlarının sayını çoxaldır. Çünki etibarlı tərəfdaşlığına görə bir çox ölkələr Azərbaycanla əməkdaşlığa maraq göstərir. Azərbaycan isə öz xarici siyasətində və digər dünya dövlətləri ilə münasibətində açıq əməkdaşlıq siyasəti yürüdür. Təbii ki, bu münasibətlərdə yalnız milli dövlət maraqları əsas götürülür.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video