09 Sentyabr 2020 00:42
3267
SİYASƏT
A- A+

İlham Əliyevin milli maraqlara söykənən qətiyyət nümayişi


Prezident istənilən dövlət başçısı, istənilən diplomatla müzakirələrdə xalqı narahat edən bütün məsələləri qaldırır, həqiqətləri səsləndirir


Tarixin bütün dövrlərində hər bir dövlətin yüksəlişində siyasi liderlərin çox böyük rolu olub. Dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması, qətiyyətlilik və prinsipiallıq liderlərin fəaliyyətinin ana xəttini təşkil edib.

Son 17 ildə dövlət başçısı kimi daim milli maraqlar naminə tam müstəqil siyasət yürüdən, hər zaman güclü diplomat keyfiyyətləri ilə beynəlxalq nüfuzunu yüksəldən, qətiyyəti, prinsipiallığı, humanizm prinsiplərinə sadiqliyi ilə xalqın alternativsiz liderinə çevrilən cənab İlham Əliyev də belə siyasətçilərdəndir. Məhz İlham Əliyevin yürütdüyü müstəqil siyasət və yeni inkişaf konsepsiyası əsasında həyata keçirdiyi islahatlarla Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir çətinliyi olmayan ölkəyə çevrilib. Dünyanı çənginə almış pandemiya ilə mübarizə dövründə, qlobal böhranın davam etdiyi zamanda Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyət, günümüzün reallıqları bunu bir daha təsdiqləyir.


Öz gücünə, iqtisadi qüdrətinə arxalanan ölkə


Bu gün dünyada olduqca gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi, qlobal trendlərdə qeyri-müəyyənliyin hökm sürdüyü mərhələdə cənab İlham Əliyev həm müstəqil siyasətini davam etdirir, həm də dövlətin böhrandan az itki ilə çıxması üçün bütün imkanları səfərbər edir. Elə bunun nəticəsidir ki, Azərbaycan pandemiya ilə mübarizədə müsbət dinamika əldə edən ölkələr sırasındadır.

Prezidentin həyata keçirdiyi iqtisadi islahatlardan əldə edilən dividendlər isə qlobal böhranın ölkə iqtisadiyyatının ciddi tənəzzülə uğramasının qarşısını almaqdadır. Digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatının 7 ayda cəmi 2,8 faiz azalması bu reallığı əks etdirir. Məhz bu durum Azərbaycanın postpandemiya dövrü üçün yeni iqtisadi yüksəliş proqramlarının hazrlanmasına əlverişli zəmin yaradır.

Əlbəttə ki, bütün bunlar Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Dövlət qlobal böhran dövründə heç bir ölkədən, maliyyə qurumundan dəstək almadan həm xalqın sağlamlığının qorunması, həm də sosial durumunun yaxşılaşdırılması istiqamətində öz gücünə tədbirlər görür. Hətta ehtiyacı olan ölkələrə dəstəyini əsirgəmir, Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə tədbirlərinin gerçəkləşdirilməsi üçün ianə verir.

Cənab İlham Əliyevin həyata keçirdiyi bu siyasət beynəlxalq səviyyədə təqdir edilir. BMT, ÜST, Qoşulmama Hərəkatı və Türk Şurasının, İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri Azərbaycan Prezidentinin qətiyyətli, humanizm prinsiplərinə əsaslanan siyasətini nümunəvi addım kimi dəyərləndirirlər.


Milli maraqların müdafiəçisi, liderlik örnəyi


Azərbaycan Prezidentinin böhran şəraitində həyata keçirdiyi siyasət bununla yekunlaşmır. Bütün dövrlərdə olduğu kimi, Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələni xüsusi nəzarətində saxlayan, bununla əlaqədar istənilən ölkə, istənilən beynəlxalq qurum qarşısında məsələ qaldıran və onların həllinə nail olan, milli maraqları qətiyyətlə, xüsusi prinsipiallıqla müdafiə edən cənab İlham Əliyev siyasətinə həmişə sadiqlik nümayiş etdirir. Ölkə ictimaiyyəti İlham Əliyevin milli maraqlar naminə ciddi addımlar atdığına və istənilən dövlət başçısı ilə müzakirələrdə Azərbaycan üçün ümdə sayılan məsələləri qaldırmaqdan qətiyyən çəkinmədiyinə daim şahidlik edir. Bu da, əlbəttə ki, hər kəsdə fəxarət hissi yaradır.

Son bir neçə ayda Prezidentin bu istiqamətdəki prinsipial mövqeyi, qətiyyətli addımları, diplomatik bacarığı beynəlxalq birliyə növbəti mesaj oldu. Hər kəs bir daha əmin oldu ki, İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll istiqamətində irəli sürdüyü prinsiplər dəyişməyəcək.

Avqustun 12-də Pusiya Prezidenti Vladimir Putinlə telefon danışığı, sentyabrın 2-də Yunanıstanın, sentyabrın 7-də isə İran İslam Respublikasının ölkəmizə təyin etdikləri yeni səfirlərin etimadnaməsini qəbul edərkən İlham Əliyevin səsləndirdiyi həqiqətlər, qətiyyətli fikirlər də deyilənləri təsdiqləyir.

Öncə Prezident münaqişənin həllində vasitəçilik missiyası həyata keçirən ölkənin işğalçı Ermənistanı silahlandırmasına ciddi etirazını bildirərək xalqın haqlı narazılığını rusiyalı həmkarının diqqətinə çatdırdı. Eyni zamanda Rusiyadan çıxarılan hərbi yüklərin öz ölkələrinin hava məkanından daşınmasına razılıq verən tərəfdaş ölkələrə mesaj verdi - Azərbaycan hər şeydən xəbərdardır.

Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən isə cənab İlham Əliyev həm iki ölkə münasibətlərinin dünəni, bu günü və faktiki tam dayanmış hala qədər keçdiyi yola dair bütün məqamlara aydınlıq gətirdi, həm də Azərbaycanın tərəddüd etmədən hər zaman Türkiyənin yanında olduğunu bəyan etdi.

İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş yeni elçisi Seyid Abbas Musəvi ilə görüşdə isə İlham Əliyev terrorçu Ermənistanın İslam dininə qarşı həyata keçirdiyi vandallıqları səfirin diqqətinə çatdırdı. Prezident dedi ki, ermənilər Azərbaycana məxsus tarixi-dini abidələri dağıdıb, dini abidələri təhqir ediblər. İşğal edilmiş ərazilərdə məscidlər ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar var.

Təbii ki, bu, təkcə Azərbaycana qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir və bəzi tərəfdaş dövlətlərin terrorçu, faşist xislətli Ermənistana dəstək olması Azərbaycan xalqında haqlı narazılıqlar yaradır.

Ancaq hər zaman olduğu kimi, Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir və böyük səylər göstərir. Prezident də bəyan etdi ki, Azərbaycan islam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır.

Bütün bunlar təsdiq edir ki, cənab İlham Əliyev milli maraqlar naminə ciddi addımlar atır və istənilən dövlət başçısı, istənilən diplomatla müzakirələrdə Azərbaycan üçün ümdə sayılan məsələləri qaldırmaqdan qətiyyən çəkinmir.


Hər zaman ön cərgədə


Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, cənab İlham Əliyevin indiyədək apardığı və bu gün də davam etdirdiyi siyasi kurs düzgün istiqamətdədir. Son 17 il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.

Bu gün Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi imkanlara malik ölkə kimi çıxış edir. Rəsmi Bakının siyasi iradəsi, təşəbbüskarlığı, ölkəmizin iqtisadi gücü təkcə Azərbaycan üçün yox, region üçün tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirir. Məhz bu siyasi kurs Azərbaycanı dünyada etibarlı tərəfdaşa çevirib.

Azərbaycanın son illərdə beynəlxalq imicinin yüksəlməsi, respublikamızın ən ali səviyyəli tədbirlərdə ön cərgədə iştirakı, qlobal miqyasda ölkəmizin rəyi ilə hesablaşılması və digər belə qürurverici olaylar, əlbəttə ki, hansısa təbii proseslərin nəticəsi deyil. Bu nailiyyətlər birbaşa olaraq cənab İlham Əliyevin nümayiş etdirdiyi əzmkarlığın, rəhbərlik qabiliyyətinin, yüksək diplomatik bacarığının, qətiyyətli siyasətinin məntiqi nəticəsidir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video