08 Sentyabr 2020 00:29
2911
SİYASƏT
A- A+

Azərbaycan COVID-19-la mübarizədə qalib çıxacaq ilk ölkələrdən olacaq


Prezident İlham ƏLİYEV: "Əminəm ki, birgə səylər nəticəsində... biz bu ağır vəziyyətdən az itkilərlə çıxacaq və daha tez bir zamanda normal, adi həyata qayıdacağıq”


Artıq neçə vaxtdır koronavirus pandemiyası alışdığımız adi həyat tərzini dəyişdirmiş və biz ağla batmayan qadağalarla üzləşmək məcburiyyətində qalmışıq. COVID-19 ən müqəddəs insani dəyərlərə hücum etmiş, hamımızı qorxunun, vahimənin, xofun əsirinə çevirmişdir. Artıq yeni münasibətlər sistemi, fərqli davranışlar modeli gündəmə gəlmişdir.

Yalnız güclülər qalib gələcəklər, amma onların da içində çökənlər, məğlubiyyətlə üzləşənlər olacaq. Kim təmkinli olacaqsa, müdrik hərəkət edəcəksə, səhv buraxmayacaqsa, o da xalqını təhlükələrdən uzaqlaşdıracaq, ölkəsini iqtisadi fəlakətlərin çəngindən xilas edəcək.

Bu baxımdan Azərbaycan Prezidentinin çevik addımları və ciddi tələbkarlığı pandemiyanın ağır fəsadlarının qarşısını almağa imkan verir. Karantin qaydalarının sərtləşdirilməsinə baxmayaraq, ölkədə iqtisadiyyatın çökməməsi və sahibkarlara dəstək üçün mühüm qərarlar qəbul olunur. Eyni zamanda dövlət quruculuğu istiqamətində, korrupsiya ilə mübarizədə daha sərt mövqe nümayiş etdirilir, dəqiq və düşünülmüş islahatlar bütün istiqamətlərdə geniş vüsət alır.

Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videformat çərçivəsində iştirak edən Prezident İlham Əliyev çıxışında koronavirusla mübarizədə görülən işləri belə dəyərləndirmişdir: "Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası - "Yeni klinika” açılmışdır. "Yeni klinika”da çarpayıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilmişdir. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir”.

Dövlət başçısı açılışda onu da diqqətə çatdırdı ki, tikintisi nəzərdə tutulan modul tipli 7 xəstəxanaya hazırda ehtiyac yoxdur. Zərurət yaranarsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa etmək mümkündür. Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir ki, onların da 41-i son 17 il ərzində inşa edilmişdir. Əgər pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idisə, bu gün onların sayı 45-ə çatdırılıb. 900 mindən çox adam testdən keçirilmiş, COVID xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı 3-5 dəfə artırılmışdır. Eyni zamanda Azərbaycana beş ölkədən - Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlmiş, Azərbaycan isə 30-dan çox ölkəyə humanitar yardım göstərmişdir.

Prezident çıxışında Azərbaycan iqtisadiyyatındakı mövcud durumu başqa ölkələrlə müqayisə edərək bizdə vəziyyətin daha yaxşı olduğunu qeyd etmişdir: "Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq, bu, yaxşı göstəricidir”.

Ölkə iqtisadiyyatının inkişafını bərpa etmək üçün postpandemiya dövrünə hazırlıqlar xüsusi əhəmiyyət kəsb edir. Lakin bu mərhələnin nə vaxt başlayacağı və nə vaxt bitəcəyi heç kimə məlum deyil. Dünya miqyasında aparılan araşdırmalar, peyvəndlərin üzərində davam edən tədqiqatlar ümidvericidir.

Dövlət başçısı hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə bağlı fəal iş aparıldığını bildirmişdir: "Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb”.

Yeri gəlmişkən, qeyd edək ki, hazırda hər gün 100-dən 200-ə qədər insan koronavirusa yoluxur və bu göstərici əvvəlki aylardan bir neçə dəfə aşağıdır. Lakin bizdən fərqli olaraq daha fəal yumşalmalara gedən ölkələrdə xəstələrin sayının kəskin artması müşahidə olunur. İnkişaf etmiş Avropa ölkələrində avqust ayında xəstələrin sayı pik həddə çatmış, əvvəlki aylardan daha yüksək yoluxmalar baş vermişdir. Azərbaycan Prezidenti bu məsələyə öz münasibətini belə bildirmişdir: "Əlbəttə ki, bəzi Avropa ölkələrində xəstələrin sayında kəskin artım bizi düşündürür və daha ehtiyatlı addımların atılmasına sövq edir. Çünki bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, - mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır, - hesab edirəm ki, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik”.

Buna baxmayaraq, dövlət başçısı birmənalı şəkildə vəziyyəti dərk etməyənlərə, vəzifəsindən asılı olmayaraq qaydaları kobudcasına pozanlara qarşı cəza tədbirlərinin tətbiq ediləcəyini bildirmişdir: "Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır”.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video