06 Sentyabr 2020 00:51
3716
SİYASƏT
A- A+

Qardaş qardaşa dayaqdır


Azərbaycan və Türkiyə daim birlikdə olacaqlar


İndi bəşəriyyət son dərəcə mürəkkəb tarixi şəraitdə yaşayır. Dövlətlərarası münasibətlər sistemi çoxdandır nəzərəçarpacaq dərəcədə çat verib. Beynəlxalq hüququn prinsip və normalarını saya salan yoxdur. Yəni ki, kim güclüdür, o da haqlıdır. Hər bir əligüclü, yaxud arxalı dövlət yalnız özünün milli maraqları üzərində israr edir, ikitərəfli və çoxtərəfli əməkdaşlığın qarşılıqlı fayda prinsipini yaxına qoymur.

Yeni tip koronavirus pandemiyası başlayandan bəri dünyanın siyasi xəritəsinin yenidən tərtib ediləcəyindən, mövcud dövlətlərarası sərhədlərin dəyişdirilməsinin zəruriliyindən söz açanlar çoxalır. Güc mərkəzləri balığı bulanıq suda tutmağın asan olduğunu əsas gətirərək nüfuz dairəsini genişləndirmək məqsədilə bütün mümkün vasitələrə əl atır: gah planetin strateji cəhətdən mühüm regionlarında etnik zəmində münaqişələr törədir, gah suveren dövlətlərin ərazisinə hərbi müdaxilə edir, gah rəngli inqilabların alovlanmasına rəvac verir, gah sanksiya silahını işə salır, gah da normal münasibətdə olan ölkələr arasında ədavət toxumu səpib cücərdir.

Belə bir şəraitdə bütöv dövlətlər və xalqlar "olum, ya ölüm” dilemması qarşısında qalır. Aydındır ki, cərəyan edən proseslərə münasibətdə susub hərəkətsiz qalmaq ölümə bərabərdir. Odur ki, əldə olan bütün imkanları səfərbər edib həyatda qalmağa çalışmaqdan başqa yol görünmür.

Dünya güclərinin hədəfə aldığı ölkələr çoxdur. Belə ölkələr arasında Azərbaycan və Türkiyə də var. Azərbaycan milli müstəqilliyini bərpa edib-etməmiş xarici hərbi təcavüzə məruz qalıb, ərazisinin 20 faizi işğal edilib, yüz minlərlə vətəndaşı yurd-yuvasını tərk etməyə məcbur olub. Qondarma Dağlıq Qarabağ problemini dinc vasitələrlə nizamlamaq imkanı sıfıra bərabərdir. Münaqişənin həllində vasitəçi kimi çıxış edən dövlətlər təcavüzkar tərəfə açıq-aşkar qahmar çıxır.

Türkiyənin də vəziyyəti ürəkaçan deyil. Qardaş ölkə 40 ilə yaxındır terror şəbəkəsinin hücumuna məruz qalır. Son illər terror şəbəkəsi xeyli genişlənib. Əvvəllər Türkiyənin ərazi bütövlüyünə qəsd edən PKK terrorçu təşkilatı təkbaşına hərəkət edirdi. İndisə bu qruplaşmaya xarici siyasi-hərbi dairələrdən dəstək alan YPG, İŞİD, FETÖ kimi yeni başkəsənlər qoşulmuşlar.

Üstəlik, Türkiyənin hərtərəfli inkişafı ilə barışmayan Qərb dövlətləri ölkənin yüksəlişini əngəlləmək məqsədilə cürbəcür təxribatlara əl atırlar. 2002-ci ildə Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələnə qədər Türkiyə inkişaf baxımından yerində sayır, mütəmadi olaraq dövlət çevrilişinin şahidi olur, Qərbin buyruqlarını sözsüz yerinə yetirir, milli maraqlar əksər hallarda arxa planda qalırdı. Ərdoğan iqtidarı belə bir "status-kvo”nun üstündən xətt çəkdi, fəaliyyətini millətin mənafeyinə xidmət etməyə istiqamətləndirdi. Davamlı olaraq gerçəkləşdirilən islahatlar Türkiyəni dünya birliyində öncül mövqeyə çıxardı: ölkənin iqtisadi, siyasi, hərbi gücü artdı, beynəlxalq aləmdə nüfuzu möhkəmləndi, xalqın maddi rifah halı yaxşılaşdı.

Tarixin hazırkı mərhələsində Azərbaycanla Türkiyə oxşar taleni yaşayır. Bu iki ölkənin bir-birindən başqa arxası yoxdur. Onlar indi dil, din və mədəniyyət qardaşları olmaqla yanaşı, tale qardaşlarıdır. Azərbaycan və Türkiyəyə qarşı duranlar da hansısa ideologiya, yaxud prinsipdən çıxış etmirlər. Onların özlərini də bir araya dini-mədəni dəyərlər gətirib.

Bu mənada Azərbaycanın və Türkiyənin taleyüklü məsələlərə münasibətdə bir-birinə açıq dəstək verməsi tamamilə təbiidir. Özü də nə Azərbaycan, nə də Türkiyə 20 il əvvəlki dövlətlər deyil. İki qardaş ölkə ötən müddət ərzində bütün sahələrdə xeyli gücləndiyindən öz milli maraqlarını rəhbər tutaraq müstəqil daxili və xarici siyasət yeridir, kənardan kiminsə "tövsiyə”sinə əməl etmək barədə düşünmür.

Azərbaycan və Türkiyə liderləri iki ölkə arasında qardaşlığı qarşılıqlı əlaqələrin təməl daşı kimi nəzərdən keçirirlər. Bakı və Ankara beynəlxalq məclislərdə bir-birinin müdafiəsinə qalxır, bir-birini tək qoymur. Məsələn, 2014-cü ilin aprelində Çexiyanın paytaxtı Praqada dövlət və hökumət başçılarının iştirakı ilə Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammit keçirilirdi. Türkiyə proqramın iştirakçısı olmadığından Zirvə görüşündə onun təmsilçisi yox idi. Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan sammitin plenar iclasında söz alaraq mövzunu kənara qoyub Türkiyəni hədəfə aldı. O, görüş iştirakçılarını inandırmağa çalışırdı ki, Avropa ictimaiyyəti "soyqırımı” törətdiyinə görə Türkiyəyə münasibətdə daha sərt mövqe tutmalıdır. Sarkisyan iddia edirdi ki, Türkiyənin Ermənistanla sərhədini bağlaması beynəlxalq hüquqa ziddir və s.

Sammitdə iştirak edən Prezident İlham Əliyev erməni həyasızlığının Praqada növbəti təzahürünü nəzərdən qaçıra bilməzdi. Dövlətimizin başçısı çıxışına başlayaraq dedi: "Bu masanın arxasında Türkiyənin nümayəndələri yoxdur: Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

Prezident sammit iştirakçılarının diqqətinə çatdırdı ki, Türkiyə-Ermənistan sərhədi 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonu işğal edildikdən sonra bağlanmışdır. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etmişlər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl - ümumilikdə Azərbaycanın Dağlıq Qarabağdan kənarda olan 7 rayonunu işğal etmişlər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Prezident qeyd etdi ki, "bizim əhali etnik təmizləməyə məruz qalmışdır və bu işğal BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq, bu günədək davam edir”. "Erməni soyqırımı”na gəlincə, Prezident vurğuladı ki, Türkiyə tərəfi bir neçə il əvvəl bəyanatla çıxış edərək Ermənistan rəhbərliyinə tarixçilərin iki xalq arasında münasibətlərin tarixi məqamlarını nəzərdən keçirmək üçün arxivləri açmağı təklif etmiş, amma bu təklifə adekvat reaksiya verilməmişdir.

Türkiyə hazırda başqa bir ciddi problemlə qarşılaşmışdır. Qardaş ölkə Şərqi Aralıq dənizində karbohidrogen ehtiyatlarından istifadə etmək hüququnu reallaşdırmaq istəyir və bu məqsədlə sondaj işi aparır. Lakin Avropa İttifaqı ölkələri, ilk növbədə, Yunanıstan və onu təhrik edən Fransa buna qarşı çıxır, Ankaranı sanksiyalarla hədələyir - guya Türkiyənin atdığı addım beynəlxalq hüquqa ziddir. Soruşulanda ki, Türkiyə beynəlxalq hüququn harasını pozur, cavab gəlmir. Türkiyə məsələni həll edib yaranmış gərginliyi aradan qaldırmaq üçün Yunanıstanla dialoqa girməyə hazırdır. Amma Afina dialoqdan qaçır. Ona görə də Türkiyə rəhbərliyi qətiyyətlə bildirmişdir ki, Şərqi Aralıq dənizində geri çəkilib məhəlli sularında qapanmaq fikrində deyil - nəyin bahasına olursa-olsun.

Türkiyənin haqq işinə dəstək dərhal Azərbaycandan gəldi. Prezident İlham Əliyev Bakının mövqeyini sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla görüşündə bir daha bəyan etdi: "Sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Məlum olduğu kimi, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yüksək səviyyəsi bəlli dairələri qıcıqlandırır. Məsələn, Azərbaycan öz ərazisində Türkiyə ilə hərbi təlimlər keçirəndə qıcıqlanırlar. Azərbaycan hansısa arzuolunmayan ölkədən silah alanda qıcıqlanırlar. Azərbaycan təbii qazı Gürcüstan və Türkiyə ərazisi ilə xarici bazara nəql edəndə qıcıqlanırlar. Yaxud Türkiyə Qarabağ probleminə münasibətdə Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləyəndə, qardaşının yanında olduğunu bildirəndə qıcıqlanırlar. Türkiyə Qərbdən yox, başqa mənbədən silah alanda qıcıqlanırlar. Türkiyə dünyanın ən böyük hava limanını inşa edəndə qıcıqlanırlar. Neyləmək olar, qıcıqlanmaq da onların haqqıdır, qoy nə qədər istəyirlər, o qədər də qıcıqlansınlar. Azərbaycan və Türkiyə üçünsə ən əsası odur ki, heç vaxt biri-birini tək qoymasınlar, çünki tale onları birlikdə olmağa məhkum etmişdir.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video