03 Sentyabr 2020 00:29
3357
CƏMİYYƏT
A- A+

İlham Əliyev böhran şəraitində də sosial öhdəlikləri reallığa çevirir


Birinci vitse-prezident Mehriban Əliyeva dövlət başçısının şəhid ailələri, əlillər və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə böyük töhfələr verir


Bəşəriyyəti çətin sınaqlarla üz-üzə qoyan qlobal böhran dünya iqtisadiyyatını iflic duruma saldı. İqtisadiyyatın tənəzzülü əlbəttə ki, ölkələrin sosial siyasətinə təsirsiz ötüşmədi. Əsas diqqətini insan sağlamlığının qorunması istiqamətinə yönəldən dövlətlərdə əksər sosial-iqtisadi layihələrin icrası təxirə salındı.

Qlobal pandemiya səbəbindən Azərbaycanda da iqtisadi fəallıq əvvəlki aylara nisbətən azaldı ki, bunun da sosial sferaya təsiri qaçılmaz idi. Bu reallığı ilk gündən düzgün dəyərləndirən Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri əhalinin sosial rifahının qorunması idi. Təsadüfi deyil ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapdı.

İqtisadiyyatdakı tənəzzülə baxmayaraq, cənab İlham Əliyevin təxirə salmadan reallaşdırdığı sosial layihələr bir daha Azərbaycanın həm də sosial dövlət olduğunu təsdiqlədi.


Prezident qayğısı, sosial dəstək proqramları...


Pandemiya ilə mübarizə dövründə xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atan dövlət başçısı bəyan etdi ki, qlobal böhrana baxmayaraq, ilin əvvəlində müəyyənləşdirilən bütün sosial layihələr icra olunacaq. Bu gün ölkəmizdə reallaşan sosial layihələrə nəzər yetirsək, həqiqətən də görərik ki, həm insanların sağlamlığının qorunması, həm də sosial rifah halının yaxşılaşdırılması məsələləri Prezidentin gündəliyində birinci olaraq qalır.

Prezidentin ən böyük sosial-iqtisadi paketi çərçivəsində hazırlanan dövlət dəstəyi proqramlarına əsasən karantin dövründə əhalinin sosial müdafiəsinin təminatı sahəsində mühüm addımlar atıldı. Məhz bu proqramlarda nəzərdə tutulan məşğulluq və sosial rifaha dəstək tədbirləri 5 milyon nəfəri əhatə etdi. Dövlət sektorunda çalışan 900 min nəfərin, özəl sekorda isə 760 min nəfərin iş yeri və əməkhaqları qorundu. Sahibkarlıq subyektlərinə böyük güzəştlər edildi. İşsiz vətəndaşlara hər ay ödənilən 190 manatlıq birdəfəlik müavinətlər, ümumilikdə, 333 milyon manat təşkil etdi. 85 min ailəyə, aylıq orta məbləği 225 manat olmaqla, ünvanlı sosial yardım verildi.

Azərbaycan azsaylı ölkələrdən biridir ki, həm də sosial mənzil layihələri həyata keçirir. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır.

Məhz bu çətin dönəmdə də cənab İlham Əliyev əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemlərini hər zamankı kimi diqqət mərkəzində saxladı. Bu kateqoriyadan olan vətəndaşların sosial rifahının, mənzil-məişət probleminin həlli istiqamətində çox mühüm addımlar atıldı.

Nəticədə böhran şəraitində, iqtisadiyyatın tənəzzülü fonunda belə ötən illə müqayisədə 2020-ci ildə bu istiqamətdə daha çox layihə reallaşıb və bu gün də davam etməkdədir.

Əgər 2018-ci ildə şəhid ailələri və müharibə əlillərinə 626, 2019-cu ildə 934 mənzil və ya fərdi ev tikilmişdisə, bu ilin 7 ayı ərzində 554 mənzil tikilərək təhvil verilib. Prezident İlham Əliyev vurğulayıb ki, bu il rekord sayda 1500 mənzil və fərdi ev həmin kateqoriyadan olan insanlara veriləcək. Ümumilikdə, indiyədək bu ailələr üçün 8142 mənzil və fərdi ev tikilib.

Bu il, həmçinin məcburi köçkün ailələri üçün də şəhərciklər salınıb, fərdi evlər tikilib. Dövlət başçısı bu il 7 mindən çox məcburi köçkün ailəsinin mənzillərlə təmin ediləcəyini vurğulayıb. Əlbəttə, bu, bir daha təsdiq edir ki, cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti, qayğısı nəticəsində ölkəmizdə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir.


Böhran dövründə Heydər Əliyev Fondunun reallaşdırdığı sosial layihələr


Bu gün böhran şəraitində həm paytaxt Bakıda, həm də respublikanın bölgələrində bir çox sosial layihələr reallaşmaqdadır. Prezidentin bölgələrə səfərləri çərçivəsində açılışını etdiyi obyektlər əlbəttə ki, bunu təsdiqləyən reallıqdır.

Ölkəmizdə sərt karantin rejiminin tətbiq olunduğu son aylarda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun reallaşdırdığı sosial layihələr də son dərəcə əhəmiyyətlidir. Mehriban xanım Əliyevanın göstərişi ilə fond ölkədə elan edilən karantin müddətində "Biz birlikdə güclüyük!” şüarı ilə xeyriyyə aksiyaları keçirdi. Bu aksiyalar çərçivəsində 200 mindən çox ailəyə ərzaq məhsullarından ibarət sovqatların paylanılması da bir daha fondun humanist missiyasını nümayiş etdirdi.

Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini aztəminatlı ailələr, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir. Mehriban xanım Əliyeva hər il bir neçə dəfə şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, məcburi köçkünlərlə görüşür, onların problemlərinin həlli istiqamətində mühüm işlər görür. Məhz pandemiya ilə mübarizə dövründə, bu ilin may ayında "Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi, iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə ümumilikdə 62 mənzil, 50 avtomobilin verilməsi də bunu təsdiqləyən reallıqdır.

Avqustun 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən tikilən 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışı isə təsdiq etdi ki, köməyə ehtiyacı olan vətəndaşların problemləri daim diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, həmin yataqxana binası "Azəriqaz” QSC-nin "Bakqazmaş” zavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilmişdir. Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondunun nümayəndələri 2019-cu il noyabrın 11-də qəzalı vəziyyətdə olan binaya baxış keçirmiş və sakinlərlə görüşmüşdülər. Həmin vaxt binanın qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdə olduğu müəyyənləşdirilmişdir. Sakinlər dərhal kirayə mənzillərə yerləşdirilmiş, 2019-cu ilin dekabr ayından etibarən 8 ay ərzində inşaat işləri aparılmış və beləliklə, fondun layihəsi çərçivəsində bina yenidən tikilərək sakinlərinə təhvil verilmişdir.

Həmin gün Bakının Suraxanı rayonunda görkəmli rəssam Səttar Bəhlulzadənin adını daşıyan Mədəniyyət evinin açılışı da Birinci vitse-prezidentin hər zaman mədəniyyətimizin zəngin ənənələrinin qorunması işinə töhfə verdiyini və bu xoşməramlı missiyasının bu gün də davam etdiyini təsdiqlədi.

1926-cı ildə inşa edilmiş bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. Ümumi sahəsi 8662 kvadratmetr olan dördmərtəbəli binada rəqs ansamblı, vokal-instrumental qrup fəaliyyət göstərir. Burada 612 tamaşaçı yeri olan konsert-tamaşa zalı və universal səhnə, rəqs ansamblının və orkestrin məşq zalları, solistlər üçün məşq və qrim otaqları, multimedia mərkəzi, səsyazma studiyası, sərgi salonu, dərnək otaqları, texniki və köməkçi təyinatlı otaqlar yaradılıb.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni təhsil ocaqlarının inşası, mövcud məktəb binalarının müasir səviyyədə yenilənməsi baxımından çox mühüm layihələr icra olunub. Dövlət səviyyəsində bu istiqamətdə görülən işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verib. Fondun təhsil sahəsində gördüyü işlər sırasında respublikamızın müxtəlif bölgələrində reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşıyıb. Proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib.

Bakının Xəzər rayonunun Qala qəsəbəsindəki 216 nömrəli tam orta məktəbin binası da bu proqram çərçivəsində yenidən inşa olunub. Avqustun 26-da dövlət başçısı və Mehriban Əliyevanın iştirakı ilə açılışı olan tam orta məktəb 624 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otaqları, hərbi hazırlıq otağı, informatika kabineti, idman və akt zalları, kitabxana və yeməkxana fəaliyyət göstərir. Məktəbdə videomüşahidə sistemi və fiber-optik internet quraşdırılıb.

Fondun "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan bu təhsil müəssisəsinin həyətində geniş abadlıq işləri aparılıb.


Ölkəmiz istənilən böhranla mübarizəyə hazırdır


Göründüyü kimi, öz missiyasını uğurla davam etdirən Heydər Əliyev Fondunun 16 illik fəaliyyəti bütün sahələrə qayğı nümunələri ilə zəngindir. Ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəcib dəyərlərə söykənir.

Qeyd olunanlar bir daha təsdiqləyir ki, Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti statusunda uğurlu fəaliyyətini inamla davam etdirir, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətə mühüm töhfələr verir. Əgər Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti ölkəmizin bugünkü inkişafında çox böyük çəkiyə malikdir.

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsinin təşkili, maddi nemətlərin ədalətli bölgüsünün təmin edilməsi və daxili siyasətin sosialyönümlülüyünün ön planda saxlanılmasıdır. İstənilən dövlətin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri məhz əhalinin sosial rifahının yüksəlməsi amilidir.

Son 17 ildə Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti göz önündədir. Bu, təkcə ölkə ictimaiyyəti deyil, həm də beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Bütün bunlar onu deməyə əsas verir ki, bu siyasət ardıcıl və davamlıdır. Ən əsası odur ki, bunun üçün siyasi iradə və ölkənin kifayət qədər maliyyə imkanı var.

Bir sözlə, Azərbaycan dövləti öz iqtisadi imkanlarından yararlanmaqla həm qlobal böhrandan az itki ilə çıxmaq istiqamətində mühüm proqramlar hazırlayır, həm əhalinin sağlamlığının qorunması, həm də sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm layihələr reallaşdırır. Bu da Azərbaycanın istənilən böhranla mübarizəyə qadir ölkə olduğunu bir daha təsdiqləyir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video