21 Avqust 2020 01:03
3584
İQTİSADİYYAT
A- A+

İlham Əliyevin qlobal layihələri dünyada ölkəmizin nüfuzunu yüksəldir


Avrasiyanın mühüm nəqliyyat qovşağına çevrilən Azərbaycan böhran şəraitində də maneəsiz tranzit daşımalarını təmin edir


Qlobal böhranın getdikcə daha da dərinləşməsi postpandemiya dövründə ölkələrin iqtisadi durumunun kifayət qədər gərginləşəcəyini deməyə əsas verir. Beynəlxalq Valyuta Fondunun yaydığı məlumatda da qeyd edilir ki, dünya iqtisadiyyatı gözlənildiyindən daha ləng bərpa olunur və dərin qeyri-müəyyənlik hökm sürür. Pandemiyanın yaratdığı iqtisadi şoklar fonunda bu il dünya iqtisadiyyatının 5 faiz azalacağı qeyd edilir.

Göründüyü kimi, bəşəriyyəti çətin sınaq qarşısında qoyan pandemiya makroiqtisadi siyasətdən tutmuş qlobal ticarətədək bütün sahələrə mənfi təsirini göstərməklə böyük problemlər yaradır.


Böhran şəraitində beynəlxalq yükdaşımaların dəyişən istiqaməti


Ümumbəşəri bəlaya çevrilmiş koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində sərhədlərin bağlanması iqtisadi fəallığı minimuma endirsə də, bəzi ölkələr bu şəraitdə də beynəlxalq ticari əlaqələri fonunda yükdaşıma proseslərini fasiləsiz olaraq davam etdirirlər. Bu da əlbəttə ki, həmin ölkələrə iqtisadi dvidendlər gətirir.

Pandemiya səbəbindən yük axınlarının özünün konyukturasında mühüm dəyişikliklər baş verib. Belə ki, pandemiya yük axınlarını dəmir yolu nəqliyyatına yönləndirməklə bu sektora yeni perspektivlər gətirib. Nəticədə dəmir yolu nəqliyyatı ilə yükdaşımalara tələbat artıb. Həm də ona görə ki, bu nəqliyyat növü ilə yükdaşımalar daha ucuz başa gəlir.

Avrasiyanın ən etibarlı, əlverişli nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan da bu prosesdə üzərinə düşdüyü vəzifəni uğurla reallaşdırır. Nəhəng nəqliyyat, logistik layihələrin reallaşmasında, onlarca ölkəni birləşdirən "Şərq-Qərb”, "Şimal-Cənub” və "Şimal-Qərb” nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayan Azərbaycan ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir.

Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, qlobal miqyaslı təşəbbüsləri ilə Azərbaycanı Avrasiyanın mühüm logistik mərkəzlərindən birinə çevirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görülüb. Ölkəmizin tranzit potensialının və yük axınlarının artırılması məqsədilə hələ pandemiyadan öncəki dövrdə daşımalara və tranzit keçid haqlarına əlavə güzəştlər də tətbiq edilib.


Azərbaycan tranzit keçid haqlarına əlavə güzəştlər tətbiq edib


Bu ilin aprel ayının 10-da cənab İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında keçirilən Türk Şurasının fövqəladə Zirvə görüşünün yekun bəyannaməsində də pandemiya dövründə ölkələr arasında yükdaşımaların davamlılığının təmin edilməsi üçün müvafiq addımların atılmasının vacibliyi qeyd olunmuşdu. Eyni zamanda yük nəqliyyat vasitələrinin sərhədlərdən keçmə prosedurlarının sadələşdirilməsi və bu sahədə yaranan problemlər barədə məlumat mübadiləsinin aparılması zəruri hesab edilmişdi.

May ayının 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə də dövlət başçısı pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılmasının və beynəlxalq yükdaşımaların fasiləsiz həyata keçirilməsinin vacibliyini bildirmişdi.

Azərbaycanın artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini, bir çox ölkəni birləşdirən layihələrin reallaşmasında böyük rol oynadığını deyən Prezident məhz bu çətin dönəmdə də ölkəmizin etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, ərazisi vasitəsilə daşımaları maneəsiz təmin etdiyini vurğulamışdı.

Bu gün Azərbaycanın tətbiq etdiyi güzəştlər Türk Şurasına üzv ölkələrin daşıyıcıları üçün nəqliyyat əməliyyatlarının sadələşdirilməsi və daşıma xərclərinin azaldılması baxımından əhəmiyyətlidir. Bu səbəbdən Avropadan Asiya istiqamətində hərəkət edən daşıyıcılar üçün Xəzər dənizi üzərindən keçən marşrutun üstünlüklərindən davamlı şəkildə istifadənin nəzərdən keçirilməsi mövcud yük axınının daha da artmasına öz töhfəsini verir.


Dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdədir


Cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyaya uyğun olaraq son illərdə nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini təmin etmək məqsədilə bir sıra mühüm qərarlar qəbul olunub. Bu qərarlara əsasən ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin, həmçinin "Bakı-Tbilisi-Qars” və "Şimal-Cənub” layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilib.

Hazırda pandemiya dövründə trans-Xəzər dəhlizi boyunca zəruri malların - ərzaq məhsulları, dərman və tibbi ləvazimatların maneəsiz daşınmasının və təchizat zəncirinin daim fəaliyyəti təmin edilir. Azərbaycan üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Azərbaycan yalnız tranzit ölkə kimi yox, eyni zamanda bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış edir.

Bu gün Azərbaycan "Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizləri ilə beynəlxalq yük daşımalarını fasiləsiz olaraq həyata keçirir. Bu dəhlizlərin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Bu limanın inşası üçün ərazi təsadüfən seçilməmişdir. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir ki, buraya su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranıb.

Bu gün Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Müasir gəmiqayırma zavodunda müasir gəmilərin hazırlanması, təmiri prosesləri reallaşır. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət edir.

Bütün bunlar isə ölkəmizdə nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturunun yaradıldığını təsdiq edir.

Davos İqtisadi Forumunun son hesabatında dəmir yollarının səmərəliliyinə görə Azərbaycanın dünyada 11-ci yerdə qərarlaşması da beynəlxalq birliyin cənab İlham Əliyevin reallaşdırdığı layihələrə verdiyi yüksək qiymətin göstəricisidir.


Təhlükəsizliyin qarantı


Birmənalı şəkildə deyə bilərik ki, cənab İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Asiyanı Avropa ilə bağlayan nəhəng nəqliyyat, logistik transmilli layihələrin reallaşması ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunun göstəricisidir.

Bu layihələr eyni zamanda Azərbaycanın ixrac potensialının tam həcmdə realizə olunması üçün əhəmiyyətli rol oynayır. Artan tranzit imkanları ölkəmizə həm siyasi, həm də iqtisadi dividendlər gətirir. Bu layihələr həmçinin bölgədə, eləcə də qlobal miqyasda təhlükəsizliyin qarantına çevrilir.

Əlbəttə ki, milli iqtisadiyyatın aparıcı sahəsi olan nəqliyyat sistemi ölkənin iqtisadi təhlükəsizliyinin etibarlı təminatında çox mühüm əhəmiyyətə malikdir. Dünya təcrübəsi sübut edir ki, bir çox ölkələr etibarlı nəqliyyat sisteminin yaradılmasını özlərinin milli iqtisadi təhlükəsizliyinin əsas təminatı kimi qəbul edirlər.

Regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən, coğrafi mövqeyindən, daxili-xarici investisiyalarından uğurla faydalanan Azərbaycan Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahibdir və cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu mühüm layihələrin Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsində böyük payı var.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video