14 Avqust 2020 18:35
541
SİYASƏT
A- A+

Dmitri Savelyev: Qarabağ problemi konkretlik tələb edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putini COVID-19-a qarşı dünyada ilk vaksinin qeydiyyata alınması münasibətilə təbrik edib. Bundan əlavə, prezidentlər telefon söhbəti zamanı Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədində vəziyyətin kəskinləşməsi problemini müzakirə ediblər.

Xatırladaq ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan bu yaxınlarda RBK telekanalına verdiyi müsahibədə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədində silahlı münaqişələrlə bağlı vəziyyəti yalnız özü üçün sərfəli mövqedən şərh edib. Onun dediyinə görə, azərbaycanlılar Rusiyada vəziyyətin sabitliyini pozmaq üçün Moskvada ermənilərə hücumlar təşkil ediblər.

AZƏRTAC Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevdən bu tendensiyaların inkişaf perspektivləri barədə öz fikrini bildirməsini xahiş edib.

-Dmitri İvanoviç, sizin fikrinizcə, iyul ayında Azərbaycan-Ermənistan sərhədində nə baş vermişdi? Münaqişənin kəskinləşəcəyini proqnozlaşdırmaq olardımı?

-Hesab edirəm ki, Azərbaycan-Ermənistan sərhədində iki ölkə arasında gərginliyin gözlənilmədən artması üçün obyektiv səbəblər yox idi. Dağlıq Qarabağ ilə təmas xəttində toqquşmalar vaxtaşırı baş verir, lakin 2012-ci ilin iyun ayından sonra bilavasitə Azərbaycan-Ermənistan sərhədində belə hadisələr olmamışdı.

Bu vəziyyətin yaranma mənbələrini üzə çıxarmaq üçün kriminalistikanın sınanmış prinsipindən istifadə etmək lazımdır: axtar, gör kim üçün sərfəlidir. Mənim üçün bir fakt aşkardır ki, Azərbaycanın Ermənistana qarşı provokasiya etməsinin mənası yox idi. Azərbaycan tərəfi yalnız işğal olunmuş torpaqlarının qaytarılmasını istəyir və rəsmi Bakı, öz ordusunun hazırlıq və texniki təchizat səviyyəsinin çox yüksək olmasına baxmayaraq, otuz ildir ki, bu problemi dinc yolla həll etməyə çalışır. Ermənistanın niyyətlərinə gəldikdə isə, burada hər şey o qədər də birmənalı deyil.

-Sizin fikrinizcə, Ermənistan tərəfindən bu cür hərəkətlərin məqsədləri nədən ibarət ola bilərdi?

-Koronavirus pandemiyası nəticəsində Ermənistan vətəndaşlarının yerdəyişmə imkanları məhdudlaşıb, onlar işsiz qalırlar, çünki ölkədə iqtisadi fəallıq dondurulub. Ermənistanda siyasi böhranın üzərinə sosial problemlər də əlavə olunub, bu isə ümumi vəziyyəti çox kəskinləşdirir. Mən bunu istisna etmirəm ki, Ermənistan rəhbərliyi bu provokasiyanın köməyi ilə əhalinin diqqətini ölkə daxilində problemli sosial-iqtisadi vəziyyətdən yayındırmağa çalışırdı.

Bundan əlavə, qeyd etmək lazımdır ki, bütün əsas atışmalar və döyüşlər Tovuz rayonunda, bu rayonun Ağdam kəndi ətrafında, Azərbaycanın karbohidrogenlərinin nəql edilməsi üçün strateji marşrutların - Bakı-Ceyhan, Bakı-Supsa neft kəmərlərinin, habelə Bakı-Ərzurum qaz kəmərinin bilavasitə yaxınlığında baş verirdi.

Çox ehtimal ki, Ermənistan özünün bu cür hərəkətləri ilə Şərq-Qərb xəttindəki kommunikasiyalara potensial təhlükə yaratmaq imkanlarını nümayiş etdirir və beləliklə, dolayı yolla Azərbaycana təzyiq göstərməyə çalışır.

Mənim fikrimcə, əsas səbəb budur: məhz Azərbaycan-Ermənistan sərhədində provokasiya Ermənistanın bu münaqişəyə üçüncü tərəfləri cəlb etmək cəhdinə dəlalət edə bilər. Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtlərinə görə, xaricdən təhlükə yarandığı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri olan ölkələr və ilk növbədə Rusiya həmin müqavilə üzrə özlərinin müttəfiqi olan Ermənistanı dəstəkləməlidirlər. İndiki halda Ermənistanın KTMT üzvü olan ölkələrdən kömək istəməməsi barədə Paşinyanın bəyanatları qəribə səslənir, axı Ermənistanın rəsmi şəxsləri, konkret olaraq Ermənistanın Moskvadakı diplomatik nümayəndəliyin rəhbəri Vardan Toqanyan açıq bəyan edib ki, Ermənistan KTMT-dən olan həmkarlarının və konkret olaraq Rusiyanın reaksiyasına ümid bəsləyir.

-KTMT-nin bu bəyanata cavabı nə dərəcə simmetrik oldu?

-KTMT üzvləri tarazlaşdırılmış mövqe tutaraq hər iki tərəfi atəşkəsə çağırdılar. Bu, BMT-nin COVID-19 pandemiyasının nəticələrini araşdırmağa imkan yaranması üçün münaqişə zonalarında hərbi əməliyyatları dayandırmaq barədə çağırışına müvafiqdir. Mənim fikrimcə, Rusiyanın və KTMT üzvü olan digər ölkələrin bu qərarı çox cəhətdən Azərbaycanın ardıcıl xarici siyasəti ilə bağlıdır. Bu qərar həm də onu göstərdi ki, münaqişə KTMT-nin fəaliyyət zonasına daxil deyil, buna görə də Azərbaycan dünya birliyinin nəzərində ucaldı. KTMT üzvü olan ölkələrin bitərəf mövqe tutması erməni tərəfi o dərəcədə hiddətləndirdi ki, dünyada azərbaycanlılara hücumlar dalğası yarandı. Kanada, Belçika və ABŞ-da belə hallar qeydə alındı, hadisələr bilavasitə diplomatik missiyaların qapılarının yanında baş verirdi. Mən bunu erməni tərəfin acızliyi ilə bağlı kin-küdurət əlaməti hesab edirəm: Nikol Paşinyan etiraf etməlidir ki, Ermənistan bütün dünyada Azərbaycanın sülhsevər siyasətinin beynəlxalq miqyasda dəstəklənməsi ilə üzləşdi.

-Dünyamız Azərbaycan-Ermənistan münaqişəsinin növbəti dəfə kəskinləşməsindən necə dərs almalıdır?

-Aşkardır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ probleminin nizamlanmasına dair tədbirləri fəallaşdırmalıdırlar. Belə olmayınca, Cənubi Qafqazda vəziyyət müharibə həddində gərgin olaraq qalacaq. Zaman çərçivələri dəqiq müəıyyən edilməklə "Kazan formulu”na əsaslanan konkret plan lazımdır: Ermənistan işğal etdiyi bütün rayonları Azərbaycana verir, bundan sonra Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür, qaçqınlar qayıdandan sonra Dağlıq Qarabağda bu ərazinin statusu barədə referendum keçirilir. Bu, Madrid prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qəbul etdiyi qətnamələrə müvafiqdir. İndi əsas məsələ danışıqlar prosesini predmetli müstəviyə keçirməkdir ki, münaqişənin həllində real irəliləyiş baş versin.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video