14 Avqust 2020 01:44
3407
SİYASƏT
A- A+

İlham Əliyev böhran şəraitində də etibarlı sosial müdafiəni təmin edir


Prezidentin əhalinin sağlamlığının qorunması və rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu layihələr bunun real təsdiqidir


Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsinin təşkili, maddi nemətlərin ədalətli bölgüsünün təmin edilməsi və daxili siyasətin sosial yönümlülüyünün ön planda saxlanılmasıdır. İstənilən dövlətin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri məhz əhalinin sosial rifahının yüksəlməsi amilidir.

Təəssüflə qeyd etməliyik ki, 7 aydır bəşəriyyəti çətin sınaqla üz-üzə qoyan qlobal böhran bir çox dövlətlərin bu istiqamətdəki siyasətini iflic duruma salıb. İqtisadiyyatın tənəzzülü səbəbindən bir çox sosial layihələrin icrası təxirə salınıb.

Əlbəttə ki, qlobal böhran dünyanın bir parçası olan Azərbaycanın da iqtisadiyyatına təsirsiz ötüşməyib. Son 6 ayda ölkə iqtisadiyyatındakı 2,7 faizlik tənəzzül bunu təsdiqləyən reallıqdır. Lakin bu tənəzzül dövlətin sosial siyasətinin həyata keçirilməsində heç bir maneə yaratmır. Dövlətin məhz pandemiya ilə mübarizə dövründə reallaşdırdığı sosial layihələrə nəzər yetirdikdə buna bir daha şahidlik edirik.


Müstəqillik dövrünün ən böyük sosial yardım proqramı


Xalqın alternativsiz liderinə çevrilən cənab İlham Əliyev məhz pandemiya ilə mübarizə dövründə də vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Böhran şəraitində əhalinin sosial rifah halının yüksəldilməsi - vətəndaşların əməkhaqları və pensiya təminatının yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması, paytaxtda və bölgələrdə müasir sosial infrastrukturun yaradılması prioritet olaraq qalır.

Uzaqgörən siyasəti ilə Azərbaycanın koronavirus bəlasından az itkilərlə qurtulması üçün mühüm qərarlar qəbul edən Prezident İlham Əliyevin gündəliyində həm insanların sağlamlığının qorunması, həm də sosial rifah halının yaxşılaşdırılması məsələləri birinci olaraq qalır.

Öncə onu qeyd edək ki, Azərbaycan hələ aylar öncə pandemiya ilə mübarizə tərdbirlərinə start verərkən dövlət başçısı, ilk növbədə, iqtisadiyyatı deyil, xalqın sağlamlığının qorunmasını və sosial rifah halının yaxşılaşdırılmasını ön planda tutaraq genişmiqyaslı iqtisadi və sosial paketini təqdim etdi. Maliyyə həcmi 3,5 milyard manatdan çox olan bu paket müstəqillik dövrünün ən böyük yardım proqramı idi. Bu paketə əsasən bir neçə istiqamət üzrə dövlət dəstəyi proqramı hazırlandı. Bunun ardınca pandemiya ilə əlaqədar olaraq elan edilən karantin dövründə əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində bir çox qərarlar qəbul edildi.

Dövlət dəstəyi proqramlarına əsasən sahibkarlara karantin müddətində dəyən ziyanın qarşılığı ödənildi. İşləməyən vətəndaşlara aylıq 190 manat müavinət ödənilməyə başlanıldı. Bundan başqa, pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsi dövlət tərəfindən ödənildi, fərdi və mikro sahibkarlara maliyyə dəstəyi göstərildi.


190 manat birdəfəlik ödəmənin ümumi həcmi 333 milyon manata çatdı


Hər zaman vətəndaşın sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atan cənab İlham Əliyev qlobal böhran dövründə həyata keçirdiyi siyasətlə vədinə sadiqliyini bir daha isbatladı. Prezidentin göstəriş və tapşırıqları nəticəsində reallığa çevrilən sosial layihələrin uğurlu göstəricilərinə nəzər yetirsək bunu aydın görə bilərik.

Karantin dövründə vətəndaşa Prezident qayğısı:

* Məşğulluq və sosial rifaha dəstək tədbirləri 5 milyon nəfəri əhatə edib;

* Dövlət sektorunda çalışan 900 min nəfərin iş yeri və əməkhaqları qorunub;

* Özəl sektor üzrə 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısı alınıb;

* İlin əvvəlindən əmək müqavilələrinin sayı 120 min artıb;

* Aprel-may aylarında 600 min şəxsə 190 manat birdəfəlik müavinət ödənilib;

* 2 ayda 600 min şəxsə ödənilən birdəfəlik müavinət 225 milyon manat təşkil edib;

* İyul ayında 16 şəhər və rayon üzrə 290 min şəxsə 55 milyon manat ödənilib;

* Avqust ayında 13 şəhər və rayon üzrə 278 min nəfərə 53 milyon manat ödəniləcək;

* 4 ayda birdəfəlik ödəməyə yönəldilmiş vəsaitin həcmi 333 milyon manata çatacaq.

Sosial baxımdan həssas şəxslərə sosial dəstək tədbirləri:

* 2 milyon şəxsə sosial ödənişlərin davamlılığı təmin edilib;

* 85 min ailəyə (aylıq orta məbləğ 225 manat) ünvanlı sosial yardım verilib;

* 15 mindən çox tənha və əlil şəxsə evində sosial xidmət göstərilib;

* 100 min ailəyə 2 dəfə ərzaq payı verilib;

* Əhaliyə güzəştli elektrik enerjisi limiti aylıq 100 kvts. həcmində artırılıb;

* Pensiya və təqaüdlər üzrə 2 milyon vətəndaşa 2,8 milyard manat ödənilib;

* Ödənişli ictimai iş yerlərinin sayı 90 minə yüksəlib;

* Özünüməşğulluq proqramının əhatə dairəsi 12 minə çatdırılıb.


8142 mənzil və fərdi ev, 6900 avtomobil


Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da videoformatda keçirdiyi müşavirədəki tapşırığına əsasən, əhaliyə göstərilən sosial dəstək tədbirləri daim diqqət mərkəzindədir.

Bununla yanaşı, dövlət başçısı ilin əvvəlində müəyyənləşdirdiyi heç bir sosial layihəni təxirə salmır. Xüsusən də qaçqın və məcburi köçkün və şəhid ailələri, müharibə veteranları üçün nəzərdə tutulan sosial dəstək tədbirləri qlobal böhran şəraitində də reallığa çevrilir.

Azərbaycan azsaylı ölkələrdən biridir ki, həm də sosial mənzil layihələri həyata keçirir. Prezident İlham Əliyevin diqqəti, qayğısı nəticəsində ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir.

Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Dövlət başçısının xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır.

Bunu statistik göstəricilər də təsdiqləyir.

Qaçqın və məcburi köçkün, şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı:

2018-ci ildə şəhid ailələri və müharibə əlillərinə 626 mənzil verilib;

2019-cu ildə bu kateqoriyadan olan insanlara 934 mənzil və ya fərdi ev tikilib;

2020-ci ildə isə rekord sayda 1500 mənzil və fərdi ev veriləcək;

Bu ilin 7 ayı ərzində 554 mənzil tikilərək təhvil verilib;

Ümumilikdə, indiyədək həmin ailələrə 8142 mənzil və fərdi ev tikilib;

Bu il 7 mindən çox məcburi köçkün ailəsi də mənzillərlə təmin ediləcək.

Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin avtomobil təminatı:

2018-ci ildə bu kateqoriyaya aid şəxslərə 265 avtomobil verilib;

2019-cu ildə verilən avtomobilin sayı 600-ə çatdırılıb;

2020-ci ildə, böhran dövründə isə 150 avtomobil hədiyyə edilib;

Bu ilin qalan dövründə daha 250 avtomobilin verilməsi nəzərdə tutulub;

Ümumilikdə, indiyədək bu kateqoriyaya aid şəxslərə 6900 avtomobil verilib.


Prezidentin aylıq təqaüdləri, müavinət və pensiya


Bütün bunlarla yanaşı, ölkəmizdə şəhid ailələri həm də Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb.

Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırılıb. Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı üstünlük verilməklə, şəhid ailəsi üzvlərinin əmək pensiyasına əlavə də hesablanır. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinin hər birinə aylıq sosial müavinət verilir (kommunal və s. xərclərə kompensasiya kimi).

Həmçinin şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda) aylıq sosial müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub. 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox vərəsəsi ödəmə ilə təmin edilib.

Eyni zamanda Qarabağ müharibəsi əlilləri aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib.

Belə ki, Qarabağ müharibəsi əlillərinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinət də ödənilir. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.

Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli sərəncamı ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb.

İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyevin söylədiyi kimi, bütün bunlar Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Son illərdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə edilən uğurlar bu gün Azərbaycanın istənilən böhranla mübarizəyə hazır olduğunu təsdiqləyir.

Bir sözlə, bütün bunlar həm də onu təsdiq edir ki, Azərbaycan sosial mahiyyətli və humanizm prinsiplərinə söykənən bir dövlətdir. Bu, Prezident İlham Əliyevin ölkə əhalisinin problemlərinə qayğı ilə yanaşdığını, Azərbaycanda sosial ədalət prinsiplərinin bərqərar olmasına xüsusi diqqət göstərdiyini sübut edir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video