14 Avqust 2020 01:30
521
SİYASƏT
A- A+

Paşinyanın növbəti saxtakarlığı


Ermənistan yeni Milli Təhlükəsizlik Strategiyasında işğal faktını öz müqəddəratını təyinetmə prinsipi ilə ört-basdır etməyə çalışır


Həyata keçirdiyi işğalçılıq siyasətini hər vəchlə davam etdirməyə çalışması bu gün Ermənistanı bütün sferalarda daha böyük problemlər məngənəsinə yuvarlamaqdadır. Təcavüzkar ölkənin özündə də açıq etiraf edilir ki, Azərbaycanla müharibə vəziyyəti Ermənistanda bütün vacib sahələrdə yaşanan tənəzzülün kökündə dayanan ən ümdə səbəblərdən biridir.

Elə bu səbəbdən də artıq Ermənistanda açıq şəkildə belə fikirlər səslənir ki, ölkə hakimiyyəti konstruktiv mövqe nümayiş etdirməli, Azərbaycanın ərazi bütövlüyünün qorunması şərtilə Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır.

Lakin Paşinyan iqtidarı hələ də reallıqla barışmaq niyyətində deyil. Əksinə, mövcud Ermənistan hakimiyyəti destruktiv mövqe nümayiş etdirərək ölkəni daha böyük problemlər burulğanına sürükləyir, işğalçılıq niyyətini açıq bəyan etməklə region ölkələri ilə münasibətlərini daha da pisləşdirir. Hətta iş o yerə çatıb ki, Paşinyan ərazi iddialarında olduqlarını açıq şəkildə meydana qoyur.

Bu günlərdə Ermənistan özünün yeni Milli Təhlükəsizlik Strategiyasını ictimaiyyət üçün açıqlayıb. Strategiyada şovinist, ksenofob və irqçi dəyərlər təbliğ edilir. Erməni xalqının böyüklüyü, onun digər xalqlardan üstünlüyü barədə, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük kimi mesajlar verilir.

Strategiyaya ön söz kimi yazılmış qeydlərdə baş nazir N.Paşinyan geniş şəkildə erməni tarixinə istinadlar edir, sənəddə Ermənistan-Azərbaycan münaqişəsinə dair çoxsaylı istinadlar edilir, Azərbaycan tərəfi günahlandırılır və guya Azərbaycanda ermənifobiyanın olduğu bildirilir. Bundan əlavə, sənəddə Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qanunsuz rejimlə bağlı məqamlar yer alır.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, strategiyada münaqişə ilə bağlı fakt və arqumentlər də saxtadır.

Qeyd edib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal edib. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib, etnik təmizləmə həyata keçirib, müharibə cinayətləri törədib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə baxmayaraq, Ermənistan hələ də öz ordusunu işğal etdiyi ərazilərdən geri çəkməyib: "Ermənistan işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, o cümlədən qeyri-qanuni məskunlaşma siyasəti aparır. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan izlərini yox etməyə çalışır. Ermənistan təmas xəttində və dövlət sərhədində atəşkəsi kobud şəkildə pozaraq təxribatlar törədir, qəsdən Azərbaycanın mülki əhalisini və obyektlərini atəşə tutur. Ermənistan danışıqlarda maraqlı deyil, süni olaraq status-kvonu uzatmağa və işğalı möhkəmləndirməyə çalışır”.

Bütün mühüm parametrlər, o cümlədən hərbi müstəvidə Ermənistan üzərində böyük üstünlüyə malik Azərbaycan dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllində maraqlı olduğunu bəyan edib. Bu hal eyni zamanda Azərbaycanın bu vaxta kimi işğalçı ölkəyə etdiyi ən böyük güzəşt sayılır. Amma ölkəmiz belə vəziyyətdən istifadə edib Ermənistanın işğal siyasətini uzatmasını da qətiyyən qəbul etmək niyyətində olmadığını ən yüksək səviyyədə beynəlxalq ictimaiyyətin, o cümlədən münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin diqqətinə çatdırıb.

Xatırladaq ki, sənəddə xalqların öz müqəddəratını təyinetmə prinsipinə bir neçə dəfə istinadlar edilir. Qeyd edilir ki, qondarma qurumun öz müqəddəratını təyinetmə hüququ qeyri-şərtsiz tanınmalıdır. Ermənistan işğal faktını öz müqəddəratını təyinetmə prinsipi ilə ört-basdır etməyə çalışır. Hikmət Hacıyev bildirib ki, heç bir halda bu prinsip Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid edilə bilməz. Bu, öz müqəddəratını təyinetmə yox, işğaldır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və buna alternativ yoxdur: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.

Vurğulanıb ki, qondarma qurumun qeyd-şərtsiz və məhdudiyyətsiz öz müqəddəratını təyinetmə hüququnun tanınmasını tələb edən və bu qanunsuz rejimi "azad ölkə” kimi tanıyan bu strategiya sənədi özlüyündə Ermənistan tərəfindən ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə vurulmuş növbəti ağır zərbədir. Həmsədrlər və ümumiyyətlə beynəlxalq ictimaiyyət bu sənədə reaksiya verməlidir. Ermənistanın özünə aid olan bir sənəddə başqa dövlətin ərazisinə dair şərhlərin verilməsi işğalçılıq siyasətinin bariz nümunəsidir.

Ümumiyyətlə, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən işğalçı ölkənin baş nazirinin üzərinə düşəcək. Azərbaycan tərəfi məsələni kifayət qədər konkret və sərt şəkildə qoyub. Bakının mövqeyi bundan ibarətdir ki, Ermənistanın mövcud rəhbərliyinin təcavüzkar və qəbuledilməz Qarabağ siyasəti Qarabağ danışıqlarını pozmağa yönəlib. Belə vəziyyət öz növbəsində münaqişənin alternativ yolla həllini aktuallaşdırır. Azərbaycan onu da açıq bəyan edir ki, Nikol Paşinyanın hər dəfə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini pozmaqdan ibarətdir.

Azərbaycan ərazilərinin gücdən istifadə edərək hərbi işğalının davam etdirilməsinə görə məsuliyyət daşıyan tərəf Ermənistandır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə isə, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz.

Digər tərəfdən, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hazırda müzakirə edilən bütün sənədlərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Rəsmi Bakı Ermənistanın baş nazirinə hər dəfəsində ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə həmin sənədləri oxumağı tövsiyə edir. Amma Paşinyan bütün bunların əvəzinə təxribat xarakterli və ziddiyyətli açıqlamalarla çıxış edərək vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına yönəlik addımlar atır.

Bütün bunlara görə isə məsuliyyət birbaşa Ermənistanın və onun baş nazirinin üzərinə düşür. Görünən budur ki, Ermənistanın siyasi-diplomatik başbilənləri müasir geosiyasi proseslərin sürətli yeniləşməsi qarşısında reallığı qəbul etməkdə acizdirlər.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video